Qanunvericilik › “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.10.2013) › Tam mətn

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.10.2013)

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.10.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 805 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Bakı Şəhərinin Qala qəsəbəsi Dövlət tarix-etnoqrafiya qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 22 dekabr tarixli 457 nömrəli qərarı ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 2 oktyabr 2013-cü il

1.1. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 135 nömrəli qərarına əsasən yaradılmışdır.

1.2. Qoruq – tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Abşeronun insan məskənlərinə xarakterik olan memarlıq abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.

1.3. Qoruğun tarix-memarlıq görkəminin, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun mühafizə (bufer) zonası yaradılır.

1.4. Qoruğun məqsədi ərazidə yerləşən abidələrin və etnoqrafik materialların mühafizəsindən, tədqiqi və səmərəli istifadəsindən, habelə Qoruq ərazisinin təbii landşaftını və həcm-planlaşdırma quruluşunu pozmadan onun tarixi-memarlıq görkəminin qorunmasından, bərpası və abadlaşdırılmasından, müasir turizm infrastrukturunun qurulmasından, ənənəvi kənd mühitində yerli sakinlərin yaşayışı üçün əlverişli şəraitin təmin edilməsindən ibarətdir.

1.5. Qoruğun sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

1.6. Qoruq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1911 nömrəli Sərəncamına əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) tərəfindən idarə edilir.

1.7. Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan tikililər İdarənin balansındadır. Abidələrin texniki inventar sənədləri İdarədə saxlanılır.

1.8. Qoruq Bakı şəhərinin Qala qəsəbəsində yerləşir.

2.1. Qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə bu Əsasnamə ilə tənzimlənən xüsusi rejimli sahə hesab olunur.

2.2. Qoruq ərazisində həyata keçirilən işlər Qala qəsəbəsinin baş planına, Qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır.

2.3. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayiş və inkişaf etdirilməsi məqsədləri üçün istifadə edilir.

2.4. Qoruq ərazisində abidələrin siyahıya və dövlət qeydiyyatına alınması, onların pasportlaşdırılması İdarə tərəfindən həyata keçirilir.

2.5. Fiziki və hüquqi şəxslər Qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməzlər. Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

2.6. Qoruq ərazisində abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər İdarənin qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.

2.7. Qoruq ərazisinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. İdarənin razılığı olmadan Qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır. Qoruq ərazisində fiziki və hüquqi şəxslərə yeni torpaq sahələri ayrılmır.

2.8. Qoruq ərazisində yerləşən qədim qəbiristanlıqda dəfnlərin aparılmasına yol verilmir.

2.9. Xarici dövlətlərin diplomatik və beynəlxalq təşkilatlarının nümayəndəliklərinin, habelə öz fəaliyyət istiqamətlərinə görə Qoruğun məqsədlərinə uyğun gəlməyən müəssisə, idarə və təşkilatların Qoruq ərazisində yerləşdirilməsi İdarənin razılığı əsasında həyata keçirilir.

2.10. Qoruq ərazisi ənənəvi kənd həyətləri şəbəkəsinə malik 4 tarixi yaşayış məhəlləsindən ibarətdir.

2.11. Qoruq ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələblərini irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək İdarənin səlahiyyətlərinə aiddir.

2.13. Qoruq ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə, bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, abadlıq və digər işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin qərarı əsasında dövlət və yerli büdcələrin vəsaiti hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

2.14. Bu işlər yerinə yetirilərkən tikililərin ümumi miqyası və xarakteri, təşəkkül tapmış yerli memarlıq ənənələri nəzərə alınmalı və ənənəvi tikinti materiallarından istifadəyə üstünlük verilməlidir.

2.15. Qoruq ərazisində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, yenidənqurma və yenidən planlaşdırma işlərinin razılaşdırılması mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq İdarə tərəfindən həyata keçirilir.

2.16. Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən, habelə minatəmizləmə fəaliyyəti həyata keçirərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasına və İdarəyə məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, İdarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər İdarənin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri və minatəmizləmə fəaliyyəti isə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, İdarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.

2.17. bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma), habelə minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. İdarə həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisinin iştirakını təmin edir.

2.18. Qoruq ərazisində magistral mühəndis kommunikasiyalarının çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən, texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır.

2.19. Həmin zonada arxeoloji abidə aşkar olunarsa, İdarənin icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

2.20. Qoruq ərazisində mühəndis-kommunikasiya və yol infrastrukturunun, habelə kommunal xidmətlərinin fəaliyyətinin təmin edilməsi, sanitariya-təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, dövlət yaşayış və qeyri-yaşayış sahələrinin uçotu və onlara xidmət göstərilməsi İdarənin tabeliyindəki qurum vasitəsilə təmin edilir.

2.21. Qoruq ərazisinə aid Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilən dövlət qurumlarının səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, müvafiq hüquqmüəyyənedici sənədlər İdarə tərəfindən verilir.

2.22. Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir.

3.1. Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.

3.2. Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər İdarə ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və onların salamatlılığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən İdarənin razılığı ilə elmi, mədəni, dini, turizm, xidmət, yaşayış və təsərrüfat məqsədləri üçün istifadə edilə bilər. Abidələrdən istifadə onların qorunub saxlanılmasına zərər vurmamalı və tarixi-bədii dəyərinə xələl gətirməməlidir.

3.4. Qoruq ərazisi və burada yerləşən abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda, qoruq ərazisinin və burada yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinin hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, İdarənin razılığı ilə həyata keçirilir.

3.5. Qoruq ərazisində yerləşən daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədi ilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə həyata keçirilə bilər.

3.6. Həvəskar çəkilişlər istisna olmaqla, Qoruq ərazisində və burada yerləşən abidələrdə kino, foto və video çəkilişlərinin aparılması üçün İdarədən icazə alınmalıdır.

3.7. İdarə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirir, o cümlədən reklam yerləşdirilməsinə icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür.

3.7-1. Qoruğun mühafizə zonasında reklam qurğuları (reklam) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarənin razılığı ilə yerləşdirilə bilər.

3.8. Qoruq ərazisində yerləşən abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4.1. Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla İdarə tərəfindən verilir.

4.2. Qoruqda aparılan arxeoloji işlərə İdarə nəzarət edir.

4.3. Arxeoloji və başqa qazıntılar Qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotoşəkli və ya rəsmi çəkilməlidir. Qazıntı mövsümü başa çatdıqdan sonra bu sənədlərin bir nüsxəsi, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı və aparılmış tədqiqat işləri barədə hesabat İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilməlidir.

4.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda saxlanılır.

4.5. Qoruq ərazisində təsadüfən abidə aşkar etmiş şəxs abidə (dəfinə və ya tapıntı) haqqında İdarəyə məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə İdarə tərəfindən dövlət qeydiyyatına alınmalı və elmi sənədləşdirilməsi təmin edilməlidir.

4.6. Qoruq ərazisində yerləşən abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası ilə məşğul olan ictimai birliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq oluna bilər.

4.7. Tədqiqat işlərinə başlamazdan əvvəl bu barədə İdarəyə məlumat verilir.

4.8. İdarənin razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.

4.9. Qoruq ərazisində yerləşən abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə iştirak edə bilərlər.

1. 13 oktyabr 2015-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1240)

2. 15 fevral 2016-cı il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 575)

3. 1 sentyabr 2016-cı il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1559)

4. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

5. 13 iyul 2018-ci il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1633)

6. 19 fevral 2020-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 fevral 2020-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 206)

7. 29 fevral 2024-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 mart 2024-cü il, “Xalq” qəzeti, 6 mart 2024-cü il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 246)

8. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)

9. 10 sentyabr 2026-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver