11.1. Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir.
11.2. Qazpaylayıcı sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
11.3. Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:
11.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
11.3.2. qaza tələbatın etibarlı şəkildə ödənilməsi üçün qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini, inkişafını və qazpaylayıcı şəbəkənin dispetçer idarəetməsini təmin etmək;
11.3.3. qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın paylanması xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
11.3.4. qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
11.3.5. istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;
11.3.6. qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
11.3.7. maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tənzimləyiciyə təqdim etmək;
11.3.8. bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
11.3.9. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
11.3.10. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 13.6-cı maddəsinin tələblərinə uyğun olaraq);
11.3.11. təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
11.3.12. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq;
11.3.13. istehlakçıların qaz qurğularına və qaz xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq texniki xidməti həyata keçirmək;
11.3.14. qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
11.3.15. qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək.
11.4. Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:
11.4.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
11.4.2. istehlakçılara bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
11.4.3. qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
11.4.4. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək.