Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.9-cu abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada 3 (üç) ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 iyul 2026-cı il
1.1. Bu Tələblər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qaz təchizatı obyektlərinin (bundan sonra – obyekt) mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir.
1.2. Obyektlərin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə obyektlərin ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir.
1.3. Obyektlərin mühafizə zonalarının (bundan sonra – mühafizə zonası) qorunması qazın nəqli obyektlərinə münasibətdə qaz nəqli sistem operatoru, qazpaylayıcı obyektlərə münasibətdə qazpaylayıcı sistem operatoru, yeraltı qaz anbarlarına münasibətdə isə qazın saxlanması sistem operatoru (bundan sonra – sistem operatoru) tərəfindən təmin edilir.
1.4. Obyektlərdə təhlükəsizliklə bağlı məsələlər Qanunun 24.7-ci maddəsinə uyğun olaraq, obyektlərdə təhlükəsizlik qaydaları ilə, texniki istismarla bağlı məsələlər isə Qanunun 24.8-ci maddəsinə uyğun olaraq, obyektlərin texniki istismar qaydaları ilə tənzimlənir.
1.5. Mühafizə zonalarının ölçülərinə dair bu Tələblərdə qeyd olunan məsafələr obyektlərlə digər obyektlər arasındakı yol verilən minimum məsafənin tərkib hissəsidir. Minimum məsafələrlə bağlı Tələblər şəhərsalma və tikintiyə dair normativ hüquqi aktlarla tənzimlənir.
1.6. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.6.1. mühafizə zonalarının ölçüləri – mühafizə zonalarının müəyyənləşdirilməsi üçün obyektlərin tikinti konstruksiyalarının kənarından və ya qaz kəmərlərinin həndəsi oxundan hesablanan məsafə;
1.6.2. qaz-giriş kəməri – paylayıcı qaz kəmərinə birləşmə yerindən qaz istehlakçısının bağlayıcı qurğusuna və ya binasının, yaxud qurğusunun xarici konstruksiyasına qədər olan qaz kəməri;
1.6.3. qaz kəməri – təbii qazın hasilat, emal, saxlama və ya paylanma məntəqələrindən istehlakçılara təhlükəsiz və fasiləsiz verilməsini təmin etmək üçün nəzərdə tutulmuş boruların, armaturların və köməkçi qurğuların məcmusu;
1.6.4. qaz kəmərinin trassası – qaz kəmərinin oxunun ərazidə iki proyeksiya ilə (üfüqi – plan və şaquli – uzununa profil) təyin olunan yeri;
1.6.5. qaz tənzimləmə məntəqəsi – qazın təzyiqini azaltmaq və şəbəkədə sabit səviyyədə saxlamaq üçün nəzərdə tutulmuş, xüsusi bina, konteyner, şkaf daxilində və ya çərçivə (blok) üzərində yerləşdirilən texnoloji avadanlıq;
1.6.6. magistral qaz kəməri – qazın nəqli üçün nəql şəbəkəsinə, qəbul məntəqələrindən istehlakçılara, qazpaylayıcı şəbəkəyə (qaz kəmərinə) və ya qazın digər nəql növünə təhvil məntəqələrinə qədər nəzərdə tutulmuş, istismar və idarəetmə məqsədilə istifadə olunan bina və qurğulardan, konstruktiv və texnoloji baxımdan qarşılıqlı əlaqəli obyektlərdən ibarət olan vahid texnoloji-istehsalat kompleksi;
1.6.7. yeraltı qaz anbarı – qazın tükənmiş qaz yataqlarında, sulu laylarda və ya duz mağaralarında saxlanması üçün xüsusi obyekt;
1.6.8. minerallaşdırılmış zolaq – üzvi yanar örtükdən təmizlənmiş, mineral torpaq qatının açıq saxlandığı ərazi;
1.6.9. paylayıcı qaz kəməri – magistral qaz kəmərlərindən və ya qazpaylayıcı stansiyalardan, habelə digər qaz təchizatı mənbələrindən qaz-giriş kəmərlərinə və ya qaz istehlakçılarına qazın verilməsini təmin edən, işçi təzyiqi 1,2 MPa-ya qədər (daxil olmaqla) olan qaz kəməri;
1.6.10. yaşayış məntəqələrarası qaz kəməri – yaşayış məntəqələri arasında çəkilmiş paylayıcı qaz kəməri;
1.6.11. təsərrüfat işləri – mühafizə zonalarında tikinti-quraşdırma, qazıntı, təmir, quraşdırma, söküntü, meliorasiya, geoloji, geodeziya, kənd təsərrüfatı, yaşıllaşdırma, suvarma, yol, kommunikasiya və digər fəaliyyətlərin həyata keçirilməsi.
1.7. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Mühafizə zonaları müəyyən edilən obyektlərə aşağıdakılar aiddir:
2.1.1. qazpaylayıcı obyektlər;
2.1.2. qazın nəqli obyektləri;
2.1.3. yeraltı qaz anbarları.
2.2. Qazpaylayıcı obyektlərə aşağıdakılar daxildir:
2.2.1. xarici yerüstü və yeraltı paylayıcı qaz kəmərləri, yaşayış məntəqələrarası qaz kəmərləri və üzərində bağlayıcı armatur quraşdırılmış qaz-giriş kəmərləri;
2.2.2. istehlakçıların sahədənkənar qaz kəmərləri;
2.2.3. qaz kəmərlərinin təbii və süni maneələrdən, o cümlədən çaylardan, dəmir və avtomobil yollarından keçidləri;
2.2.4. yaşayış məntəqələrinin, sənaye və digər müəssisələrin ərazisində və ondan kənarda yerləşən ayrıca quraşdırılmış qaz tənzimləmə məntəqələri;
2.2.5. polad qaz kəmərlərinin korroziyadan elektrokimyəvi mühafizəsi qurğuları, qazpaylayıcı obyektlərin telemexanizasiya vasitələri, onların elektrik intiqalı və enerji təchizatı obyektləri.
2.3. Qazpaylayıcı obyektlərin mühafizə zonalarının ölçüləri aşağıdakı kimi müəyyən edilir:
2.3.1. xarici yerüstü və yeraltı paylayıcı qaz kəmərlərinin, o cümlədən istehlakçıların sahədənkənar qaz kəmərlərinin, üzərində bağlayıcı armatur quraşdırılmış qaz-giriş kəmərlərinin, habelə qaz kəmərlərinin dəmir yollarından, avtomobil yollarından və digər süni maneələrdən keçidlərinin trassaları boyunca (bu Tələblərin 2.3.2–2.3.4-cü və 2.3.8-ci yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) – qaz kəmərinin oxundan hər iki tərəfə 2 metr;
2.3.2. işçi təzyiqi 0,6 MPa-ya qədər olan yaşayış məntəqələrarası qaz kəmərlərinin trassaları boyunca – qaz kəməri oxundan hər iki tərəfə 2 metr;
2.3.3. işçi təzyiqi 0,6 – 1,2 MPa-ya qədər olan yaşayış məntəqələrarası qaz kəmərlərinin trassaları boyunca – qaz kəməri oxundan hər iki tərəfə 10 metr;
2.3.4. qaz kəmərinin trassasını göstərmək üçün mis məftil istifadə edildikdə, polietilen borulardan yeraltı qaz kəmərlərinin trassaları boyunca – məftil tərəfdən qaz kəməri oxundan 3 metr, əks tərəfdən isə 2 metr;
2.3.5. ayrıca quraşdırılmış qaz tənzimləmə məntəqələri, polad qaz kəmərlərinin korroziyadan elektrokimyəvi mühafizəsi qurğuları, qazpaylayıcı şəbəkələrin telemexanizasiya vasitələri, onların elektrik intiqalı və enerji təchizatı obyektləri ətrafında – onların sərhədlərindən 5 metr radiusda;
2.3.6. binalara bitişik qaz tənzimləmə məntəqələri üçün sərbəst tərəfdən 5 metr;
2.3.7. binaların fasadı ilə quraşdırılmış qaz kəmərlərinin sərbəst tərəfindən 2 metr;
2.3.8. qaz kəmərlərinin çaylar, göllər, su anbarları və kanallardan sualtı keçidləri boyunca – su səthindən dibə qədər, qaz kəmərinin hər tərəfindən 100 metr aralı olan paralel müstəvilər arasında yerləşən su sahəsi;
2.3.9. meşələrdən, habelə ağac və kol bitkiləri ilə örtülü ərazilərdən keçən yaşayış məntəqələrarası qaz kəmərlərinin trassaları boyunca qaz kəmərinin hər iki tərəfindən ən azı 3 metr olmaqla, ümumi eni ən azı 6 metr olan təmizlənmiş zolaq.
2.4. Qazın nəqli obyektləri və yeraltı qaz anbarlarına aşağıdakılar aiddir:
2.4.1. magistral qaz kəmərləri;
2.4.2. kompressor stansiyaları;
2.4.3. qazölçmə stansiyaları;
2.4.4. qazpaylayıcı stansiyaları;
2.4.5. qazın soyudulması stansiyaları;
2.4.6. yeraltı qaz anbarları, o cümlədən yeraltı qaz anbarlarını birləşdirən boru kəmərləri.
2.5. Qazın nəqli obyektlərinin və yeraltı qaz anbarların mühafizə zonalarının ölçüləri aşağıdakı kimi müəyyən edilir:
2.5.1. magistral qaz kəmərləri trassaları boyunca – qaz kəmərinin oxundan hər iki tərəfə 50 metr (kənd təsərrüfatı təyinatlı torpaqlarda 25 metr);
2.5.2. çoxxətli magistral qaz kəmərləri trassaları boyunca – kənar xətlərin oxlarından hər iki tərəfə 50 metr (kənd təsərrüfatı təyinatlı torpaqlarda 25 metr);
2.5.3. su maneələrindən keçən magistral qaz kəmərlərinin sualtı keçidləri boyunca – oxdan hər iki tərəfə 100 metr;
2.5.4. kompressor stansiyalarının, qazölçmə stansiyalarının, qazpaylayıcı stansiyaların və qovşaqlarının, habelə qazın soyudulması stansiyalarının ətrafında – onların xarici sərhədlərindən hər tərəfə 100 metr;
2.5.5. yeraltı qaz anbarlarının yerüstü qurğularının ətrafında – onların xarici sərhədlərindən hər tərəfə 100 metr;
2.5.6. işçi təzyiqi 1,2 MPa-ya qədər olan qazın nəqli obyektləri üçün mühafizə zonasının ölçüləri bu Tələblərin 2.3-cü bəndində nəzərdə tutulmuş müvafiq məsafələr.
3.1. Mühafizə zonaları, eləcə də həmin zonalara girişi təmin edən yollar yerquruluşu sənədlərində göstərilir və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilir.
3.2. Torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonaları müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonalarının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
3.3. Mühafizə zonaları hüdudlarında torpaq sahələrindən istifadəyə məhdudiyyətlər obyekt istifadəyə verildiyi gündən tətbiq edilir.
3.4. Sistem operatorları mühafizə zonalarında yerləşən torpaq sahələrinin mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə əvvəlcədən bildiriş verilməklə aşağıdakı işləri aparmaq hüququna malikdirlər:
3.4.1. obyektin texniki xidməti, təmiri və diaqnostikası;
3.4.2. torpaq sahələrinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri ilə razılaşdırılmış şərtlərlə obyektlərin istismarı üçün zəruri yolların, girişlərin və digər qurğuların təşkili;
3.4.3. obyektlərin texniki vəziyyətini müəyyən etmək və ya onları təmir etmək məqsədilə şurfların və qazıntı çuxurlarının qazılması və digər torpaq işləri;
3.4.4. qaz kəməri trassalarının “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun ağac və kol bitkilərindən təmizlənməsi.
3.5. Sistem operatorları qəza baş verdikdə onun lokallaşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə torpaq sahələrinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri ilə əvvəlcədən razılaşmadan aşağıdakı səlahiyyətlərə malikdirlər:
3.5.1. təmir və qəza-bərpa işlərini aparmaq üçün qəza yerinə sərbəst daxil olmaq;
3.5.2. qazıntı işləri aparmaq və sistem operatoru tərəfindən obyektin təhlükəsizliyinin təmin olunması üçün zəruri hesab edilən digər işləri həyata keçirmək;
3.5.3. işlər başa çatdıqdan sonra torpağın rekultivasiyasını həyata keçirmək.
3.6. Meşələrdən keçən mühafizə zonaları hüdudlarında qaz kəmərləri trassalarının, eləcə də qaz kəmərləri üzərindəki bina və qurğuların ətrafının texnoloji təmizlənməsi (texniki istismar məqsədilə təmizləmə işləri) zamanı, meşə ehtiyatlarından istifadə və görüləcək işlər Azərbaycan Respublikasının Meşə Məcəlləsinə, meşə fonduna aid olmayan yaşıllıqlara münasibətdə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun həyata keçirilməlidir.
3.7. Sistem operatoru magistral qaz kəmərlərinin normal istismarı, meşələrin və yaşıllıqların mühafizəsi məqsədilə qaz kəmərlərinin xətti hissələrinin oxlarından hər iki tərəfə, eləcə də qaz kəmərləri üzərindəki bina və qurğuların hasarından 6 metrədək məsafədə olan kol və ağaclardan texnoloji təmizlənməsini Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
3.8. Yaşıllıqların götürülməsi (kəsilməsi) və bərpa dəyəri “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
3.9. Qəza vəziyyətlərində qəza nəticələrinin aradan qaldırılması məqsədilə sistem operatorları texnikanın və materialların çatdırılması üçün sonradan aktla rəsmiləşdirilməklə və əsaslandırmaqla obyektə ən qısa marşrutla yaxınlaşa bilərlər.
3.10. Meşə fondu və kənd təsərrüfatı təyinatlı torpaqlarda obyektin təmiri, xidməti və ya qəza nəticələrinin aradan qaldırılması işləri başa çatdıqdan sonra sistem operatorları tərəfindən torpaqlar yararlı (əvvəlki) vəziyyətinə gətirilməlidir.
3.11. Mühafizə zonaları hüdudlarında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri dərin şumlama və torpağın səthinin pozulması xarakterli işlərə başlanmazdan ən azı 5 (beş) iş günü əvvəl sistem operatoruna bildiriş verilməklə mühəndis-kommunikasiya mühafizə zonalarında 0,3 – 0,45 metrdən artıq dərinlikdə şumlanma ilə əlaqədar olmayan meşə təsərrüfatı, kənd təsərrüfatı və digər təsərrüfat işlərini (bundan sonra – işlər) həyata keçirə bilərlər.
3.12. Mühafizə zonalarında bu Tələblərin 3.11-ci bəndində göstərilən işlər istisna olmaqla hüquqi və fiziki şəxslər, habelə fərdi sahibkarlar və dövlət orqanları (qurumları) (bundan sonra – şəxs) tərəfindən işlərin görülməsi sistem operatorunun razılığı əsasında həyata keçirilməlidir.
3.13. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarında sistem operatorunun əvvəlcədən razılığı alınmaqla aşağıdakı işlərin aparılmasına yol verilir:
3.13.1. dağ-mədən, tikinti (binalar və evlər, həmçinin istehsal təyinatlı obyektlərin tikintisi istisna olmaqla), quraşdırma, meliorasiya işlərinin, o cümlədən torpaqların su altında qalması ilə bağlı işlərin aparılması;
3.13.2. ağac və kolların əkilməsi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun götürülməsi (kəsilməsi);
3.13.3. yükləmə-boşaltma işlərinin aparılması, heyvanlar üçün suvarma yerlərinin təşkili;
3.13.4. 0,3 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və torpağın planlaşdırılması;
3.13.5. çay və arxlarda bəndlərin tikilməsi;
3.13.6. yemlərin, gübrələrin, ot və samanın yığılması, tarla düşərgələrinin və heyvanlar üçün hasarların yerləşdirilməsi;
3.13.7. dayanacaqların və nəqliyyat vasitələri üçün parkinqlərin yerləşdirilməsi;
3.13.8. magistral qaz kəmərləri üzərindən keçidlərin qurulması;
3.13.9. mühəndis-kommunikasiya xətlərinin çəkilməsi;
3.13.10. quyuların qazılması və şurfların salınması ilə bağlı mühəndis-axtarış işlərinin aparılması;
3.13.11. gəmilərin yanalma körpülərinin və çimərliklərin qurulması;
3.13.12. mühafizə zonalarında yerləşən nəqliyyat infrastrukturu obyektlərində işlərin aparılması;
3.13.13. kənd təsərrüfatı təyinatlı olmayan torpaqların müvəqqəti su altında qalması ilə bağlı işlərin aparılması.
3.14. Mühafizə zonalarında işlərin aparılmasına verilən razılıq sənədində işlərin aparılması şərtləri, həmçinin obyekt üçün təhlükəli olan istehsalat amillərinin xarakteri, qaz kəməri trassının yerləşməsi, işlərin aparılacağı şərait, ehtiyat tədbirləri, konkret iş növlərinin yerinə yetirilməsi zamanı rəhbər tutulmalı olan təlimatların mövcudluğu və məzmunu, sistem operatorunun nümayəndəsinin iştirakı və nəzarəti altında yerinə yetiriləcək işlərin mərhələləri barədə məlumatlar göstərilməlidir.
3.15. Bu Tələblərin 3.13-cü bəndinə uyğun olaraq, obyektlərin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
3.16. Sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara əsasən ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq obyektlərin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
3.17. Mühafizə zonalarında yerləşən torpaq sahələrində işlərin aparılması obyektin təhlükəsiz istismarına, texniki dayanıqlılığına və ya insanların həyat və sağlamlığına real qəza riski yaratdıqda işlərin aparılmasına razılıq verilməsindən imtina edilir.
3.18. Razılıq verilmiş işlərə başlamazdan əvvəl və işlər başa çatdıqdan sonra mümkün qaz sızmalarının müəyyən edilməsi və qeydə alınması məqsədilə sistem operatoru razılıq almış şəxsin və ya onun nümayəndəsinin iştirakı ilə yoxlamalar aparmalı və nəticələr birgə sənədləşdirilməlidir.
3.19. Mühafizə zonalarında işlər yerinə yetirilərkən obyektin zədələnməsi və ya qaz sızmasının aşkar edilməsi halında texniki vasitələrin işi dayandırılmalı, personal iş yerindən uzaqlaşdırılmalı və mümkün olduqda küləyin istiqaməti nəzərə alınmaqla təhlükəsiz ərazidə yerləşdirilməlidir. Baş vermiş hadisə barədə dərhal obyektin sistem operatorunun qəza-dispetçer xidmətinə, habelə müəyyən olunmuş qaydada aidiyyəti icra hakimiyyəti orqanlarına və (və ya) yerli özünüidarəetmə orqanına məlumat verilməlidir. Qəza briqadası gələnədək iş rəhbəri kənar şəxslərin və nəqliyyat vasitələrinin obyektin zədələnməsi və ya qaz sızması baş vermiş əraziyə daxil olmasının qarşısını alan, habelə açıq od mənbələrinin yaranmasını istisna edən tədbirlər görməlidir.
3.20. Sistem operatorunun qəza-dispetçer xidməti obyektin zədələnməsi və qaz sızması baş verdikdə bu barədə, habelə görülən təcili tədbirlərin gedişi və başa çatması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir.
3.21. Mühafizə zonasında iş aparan şəxslər işlərin aparılması zamanı bu Tələblərə və sistem operatorunun razılıq sənədində obyektin mühafizəsinin təmin edilməsi üçün müəyyən edilmiş şərtlərə əməl etməlidirlər. Qanunvericiliklə tələb olunduğu hallarda işlərin layihə sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun həyata keçirilir.
3.22. Mühafizə zonalarında obyektlərdən başqa digər mühəndis-kommunikasiya xətləri və qurğuları yerləşdirildikdə və ya marşrut boyunca obyektlər kommunikasiya xətləri və qurğularla kəsişdikdə, obyektlərin, həmin kommunikasiya xətlərinin və qurğuların təhlükəsiz istismarının təmin edilməsi, qəza hallarının qarşısının alınması, eləcə də onların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı fəaliyyət məsələləri sistem operatoru ilə kommunikasiya və qurğuların mülkiyyətçisi arasında razılaşma ilə müəyyən edilir.
3.23. Mühafizə zonalarında işlərin görüldüyü zaman yeraltı mühəndis-kommunikasiya xətləri və ya qurğular aşkar edildikdə işlər dərhal dayandırılmalı, həmin kommunikasiya xətlərinin və qurğuların mühafizəsi üçün sistem operatorunun nümayəndəsinin iştirakı ilə zəruri tədbirlər görülməlidir.
3.24. Razılıq almış şəxslər işlərə başlamazdan əvvəl sistem operatoru ilə birlikdə, görüləcək işlərin təhlükəsiz aparılmasını və obyektin mühafizəsini təmin edən zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı bu Tələblərin 3.14-cü bəndi ilə müəyyən edilmiş mərhələlərə dair plan hazırlamalı və təsdiq etməlidirlər.
3.25. Mühafizə zonalarında işlərin icrasında iştirak edən şəxslər işlərə başlamazdan əvvəl sistem operatoru tərəfindən mühafizə zonalarında təhlükəsiz iş aparılması üzrə tələblərlə, qaz kəmərinin yerləşdiyi yer və onun ərazidə işarələnməsi ilə tanış edilməlidirlər.
3.26. Mühafizə zonalarında yeraltı qaz kəmərindən 1 metrədək məsafədə torpaq işləri aparılarkən, qaz kəmərinin faktiki yerləşməsi müəyyən edilənədək ilkin qazıntı və açılmış hissənin yenidən torpaqla örtülməsi işləri sistem operatorunun nümayəndəsinin iştirakı və nəzarəti altında həyata keçirilməli və qazıntı işləri yalnız əl üsulu ilə yerinə yetirilməlidir. Qaz kəmərinin yerləşməsi dəqiqləşdirildikdən sonra torpaq işlərinin mexaniki vasitələrlə aparılmasına sistem operatorunun müəyyən etdiyi təhlükəsizlik tələblərinə riayət edilməklə razılıq verilir.
3.27. Qaz kəmərinin keçdiyi ərazidə digər mühəndis-kommunikasiya xətləri və obyektlərinin baxış və texniki xidmətini həyata keçirən şəxslər, habelə qaz kəmərinin zədələnməsini və ya qaz sızmasını aşkar edən digər şəxslər dərhal zədələnmə və ya sızma barədə sistem operatoruna məlumat verməlidirlər.
3.28. Mühafizə zonaları meşə fondu torpaqlarından və ya ağac və kol bitkiləri ilə örtülü digər ərazilərdən keçdikdə, bu bənddə nəzərdə tutulan işlər meşə fondu torpaqlarında Azərbaycan Respublikasının Meşə Məcəlləsinə, meşə fonduna aid olmayan yaşıllıqlara münasibətdə isə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq tələb olunan icazələr alınmaqla, sistem operatorunun vəsaiti hesabına həyata keçirilir:
3.28.1. yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri ağac, kol və ot bitkilərinin götürülməsi və qalıqlardan təmizlənməsi;
3.28.2. təmizlənmiş zolaqların sərhədləri boyunca eni ən azı 1,4 metr olan minerallaşdırılmış zolaqların yaradılması;
3.28.3. hər 5–7 km-dən bir yanğınsöndürmə texnikası üçün keçidlərin təşkil edilməsi.
3.29. Mühafizə zonalarına girişin təmin olunması məqsədilə sistem operatoru zərurət olduqda bitişik torpaq sahələrinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri ilə müvəqqəti istifadə müqavilələri və ya servitut (məhdud istifadə) müqavilələri bağlamalıdır.
3.30. Sistem operatorunun razılığı əsasında mühafizə zonalarında işlər görən şəxslər tərəfindən təhlükəsizlik tələblərinə riayət edilmədiyi aşkar edildikdə, sistem operatoru həmin ərazidə obyekti yoxlamalı, onun texniki vəziyyətini müəyyən etməli və işlərin təhlükəsiz aparılmasını təmin etməlidir.
3.31. Obyektlərin təmir və ya qəza-bərpa işlərinin aparıldığı ərazidə zərurət yarandıqda, sistem operatoru sözügedən işlər başa çatana qədər mühafizə zonasında razılıq alınmış digər işlərin aparılmasını dayandırmaq hüququna malikdir.
3.32. Mühafizə zonalarında çəkilmiş mühəndis kommunikasiyalarının mülkiyyətçiləri və ya onların səlahiyyətli nümayəndələri, bu kommunikasiyaların ərazidə tanınma və xəbərdarlıq nişanları ilə göstərilməsini təmin etməlidirlər.
3.33. Yeni kommunikasiyaların fəaliyyətdə olan obyektlərlə kəsişməsi zərurəti yarandıqda, obyektlərin yenidən qurulması ilə bağlı xərclər yeni kommunikasiyaların mülkiyyətçisi tərəfindən ödənilir.
3.34. Sistem operatorları, icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları obyektin mühafizəsinin təmin edilməsi, qəzaların qarşısının alınması, habelə onların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət göstərməlidirlər.
3.35. Sistem operatorlarına obyektlərin əsaslı təmiri, yenidən qurulması və üzərində keçidlərin salınması üçün torpaqayırma normalarına uyğun müvəqqəti torpaq sahələri ayrılmalıdır.
3.36. Qəza halları istisna olmaqla, balıqçılıq təsərrüfatı olan su hövzələri hüdudlarından keçən boru kəmərlərində təmir işləri təsərrüfat sahibini əvvəlcədən məlumatlandırmaqla həyata keçirilə bilər.
3.37. Planlı və ya qəza hallarında aparılmış təmir və bərpa işləri sistem operatorunun təqsirindən torpaqlara dəyən ziyan sistem operatoru tərəfindən torpağın mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə qanunvericiliyə uyğun ödənilməlidir. İş görülmüş sahələr torpağın təyinatı üzrə sonrakı istifadəsi üçün yararlı vəziyyətə gətirilməlidir.
3.38. Sistem operatorları, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mühafizə zonalarında bu Tələblər pozulmaqla aparılan işlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
3.39. Mühafizə zonalarında işlərin görülməsinə razılıq almış şəxslər obyekti zədələməmək üçün onlardan asılı olan bütün tədbirləri görməli, sistem operatorunun texniki heyətinin qaz obyektinə girişinə mane olmamalıdırlar.
3.40. Qaz kəmərlərinin gəmiçilik üçün yararlı su hövzələri ilə kəsişmə yerləri sahil naviqasiya işıqları və nişanları ilə işarələnməlidir. Sahil naviqasiya işıqları və nişanları sistem operatoru tərəfindən, su nəqliyyatı sahəsində tənzimləyici qurumlarla razılaşdırılmaqla, qaz kəmərinin oxlarından axın üzrə yuxarı və aşağı istiqamətdə 100 metr məsafədə yerləşdirilməlidir.
3.41. Dəniz sualtı qaz kəmərlərinin çəkilməsi haqqında su nəqliyyatı sahəsində tənzimləyici qurumlara əvvəlcədən xəbərdarlıq edilməli, boru kəmərlərinin yerləşdiyi trassalar isə dəniz xəritəsinə daxil edilməlidir.
3.42. Mühafizə zonalarında müəyyən işlər həyata keçirən şəxslər obyektlərin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlara xələl gətirməməli, habelə torpaqların mühafizəsi üçün bu Tələblərlə müəyyən edilmiş məhdudiyyətlərə əməl etməlidirlər.
3.43. Paylayıcı yeraltı qaz kəmərlərinin trassaları daimi oriyentirlər və ya hündürlüyü 1,5 metrə qədər olan quraşdırılmış dəmir-beton dirəklər (şəhər və kənd yaşayış məntəqələrindən kənarda) üzərində çəkilmiş tanıdıcı işarələr ilə göstərilməlidir. Tanıdıcı işarələr birbaşa görünmə zonasını təmin etməli, bir-birindən 500 metrdən çox olmayan məsafədə, eləcə də qaz kəmərlərinin dəmir yolları və avtomobil yolları ilə kəsişdiyi yerlərdə, trassanın döngələrində, habelə qaz kəmərinin hər bir qurğusunun yerləşdiyi sahələrdə quraşdırılmalıdır. İşarələrdə qaz kəmərinə qədər olan məsafə, qaz kəmərinin torpağa basdırılma dərinliyi və qəza-dispetçer xidməti ilə əlaqə üçün telefon nömrəsi göstərilməlidir.
3.44. Magistral qaz kəmərinin xətti hissəsi hündürlüyü 1,5 – 2 metr olan, narıncı və ya parlaq sarı rəngdə boyanmış dirəklər üzərində quraşdırılmış tanınma nişanları ilə işarələnməlidir.
3.45. Tanınma nişanları düz sahələrdə görünmə məsafəsi daxilində, ən azı hər 1000 metrdən bir, habelə magistral qaz kəmərlərinin üfüqi müstəvidə dönmə bucaqlarında quraşdırılmalıdır.
3.46. Tanınma nişanlarının quraşdırılması üçün nəzarət-ölçmə məntəqələri və yüksəkgərginlikli elektrikötürücü xətlərin dayaqlarından istifadə edilə bilər. Nişan yüksəkgərginlikli elektrik xətlərinin dayaqlarında quraşdırıldıqda, dayaqlar bu Tələblərin 3.44-cü bəndində göstərilən hündürlüyə qədər boyanmalıdır.
3.47. Magistral qaz kəmərlərinin tanınma nişanlarında aşağıdakı məlumatlar göstərilməlidir:
3.47.1. qaz kəmərinin adı və əsas texniki göstəriciləri (layihə sənədlərinə uyğun olaraq diametri və işçi təzyiqi);
3.47.2. qaz kəmərinin oxundan nişana qədər məsafə;
3.47.3. qaz kəmərinin başlanğıcından olan məsafə (kilometrlərlə);
3.47.4. qaz kəmərinin oxundan mühafizə zonalarının sərhədinə qədər olan məsafə;
3.47.5. sistem operatorunun telefon nömrələri və ünvanları.
3.48. Magistral qaz kəmərlərinin bütün kateqoriyalı avtomobil yolları ilə kəsişmə yerlərində nəqliyyat vasitələrinin dayanmasını qadağan edən yol nişanları quraşdırılmalıdır. Bu nişanların quraşdırılması və saxlanılması sistem operatorunun müraciəti əsasında, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq avtomobil yollarının sahibinə həvalə olunur.
3.49. Magistral qaz kəmərinin yerüstü və yeraltı kommunikasiya xətləri ilə kəsişmə yerləri sistem operatoru tərəfindən quraşdırılan tanınma nişanları ilə göstərilməlidir.
3.50. Magistral qaz kəmərlərinin təbii və süni maneələrdən keçən yerüstü keçidləri, tanınma nişanları və magistral qaz kəməri boyunca kənar şəxslərin hərəkətini əngəlləyən müvafiq konstruksiyalarla təmin edilməlidir.
3.51. Magistral qaz kəmərləri xüsusi qorunan ərazilərin torpaqlarından keçirsə bu kəmərlərə xidmət edən işçilər istənilən vaxtda baxış və təmir aparmaq üçün əraziyə buraxılmalıdırlar.
3.52. Qaz kəmərlərinin avtomobil və dəmir yolları, mühəndis kommunikasiyaları, çaylar, göllər, su anbarları, kanallar, sənaye müəssisələrinin əraziləri, aerodromlara yaxınlaşma yolları, kənd təsərrüfatı sahələri, ağac və kol bitkiləri və digər mülklərlə kəsişməsi zamanı mühafizə zonalarında istismar qaydası sistem operatorları tərəfindən maraqlı təşkilatlar, habelə torpaq sahələrinin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılmalıdır.