Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 may 2026-cı il
1.1. Bu Texniki Reqlament “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində qaz yanacağı ilə işləyən qurğulara və avadanlıqlara (bundan sonra – qurğu və avadanlıqlar) dair təhlükəsizlik tələblərinin müəyyən edilməsi məqsədilə hazırlanmışdır.
1.2. Bu Texniki Reqlament insanların həyatının və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının mühafizəsi, qurğu və avadanlıqların təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısının alınması, habelə enerji səmərəliliyi və resurs qənaətinin təmin edilməsi məqsədi ilə qurğu və avadanlıqlara dair tələbləri müəyyən edir.
1.3. Azərbaycan Respublikasında qurğu və avadanlıqlara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə qurğu və avadanlıqlar onlara tətbiq olunan həmin texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.
1.4. Bu Texniki Reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. qurğu və avadanlıqların istehsalçısı (bundan sonra – istehsalçı) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, satış üçün qurğu və avadanlıqlar istehsal edən və (və ya) öz adı və (və ya) ticarət nişanı altında dövriyyəyə buraxan, qurğu və avadanlıqların bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblərinə uyğunluğuna cavabdeh olan müəssisə, idarə, təşkilat və ya sahibkar;
1.4.2. qurğu və avadanlıqların idxalatçısı (bundan sonra – idxalatçı) – Azərbaycan Respublikasının rezidenti olan, qurğu və avadanlıqların alınmasına dair xarici ticarət müqaviləsi bağlayan, həmin qurğu və avadanlıqların saxlanılmasını və satışını (topdan və (və ya) pərakəndə) həyata keçirən, qurğu və avadanlıqların bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərin tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan şəxs;
1.4.3. qurğu və avadanlıqların ticarət nümayəndəsi (bundan sonra – ticarət nümayəndəsi) – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurğu və avadanlıqların istehlakçılara topdan və (və ya) pərakəndə satışını həyata keçirən və istehlak bazarına bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblərinə cavab verən qurğu və avadanlıqların çıxarılmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;
1.4.4. qaz yanacağı – 15 °C temperaturda və 101,325 kPa atmosfer təzyiqində qaz halında olan yanacaq;
1.4.5. alışdırma – alışdırıcının və (və ya) əsas odluğun qaz-hava qarışığının aşkar alovun iştirakı ilə alovlanması prosesi;
1.4.6. hazır qarışıqlı odluq – çıxışından əvvəl qazın yanma havası ilə qarışdığı və ya hazır qaz-hava qarışığının verildiyi qurğu hissəsi;
1.4.7. işəsalma gücü – qazın odluğa verildiyi andan alovlanma anına qədər olan vaxt intervalında qurğunun orta texniki imkanları;
1.4.8. kombinəli odluq – qaz və ya maye yanacaqların ayrı yanması üçün nəzərdə tutulmuş odluq;
1.4.9. qurğu və avadanlıqlar partiyası – funksional təyinatına və dizaynına əsasən eyniləşdirilən, eyni texniki sənədə və texnoloji proseslərə uyğun istehsal olunan qurğu və avadanlıqların miqdarı;
1.4.10. qazkeçirmə norması – qurğunun idarəetmə, tənzimləmə və təhlükəsizlik avadanlıqlarının bağlı olduğu halda giriş borusuna qaz verilərkən qaz yolundan keçən qazın icazə verilən miqdarı;
1.4.11. qaz yolu – əsas bağlayıcı avadanlıq ilə odluq (odluqların) arasında qazın keçdiyi və ya yerləşdiyi qurğu hissələri;
1.4.12. odluğun alışma vaxtı – qazın odluğa verildiyi andan alışmaya və alovun qazyandırıcı avadanlığın bütün səthinə yayılmasına qədər keçən vaxt;
1.4.13. təhlükəsizlik avadanlığı – verilən qazın idarə olunan parametrlərinin nominal həddən kənarlaşması zamanı əsas odluğa qaz verilişinin avtomatik dayandırılmasını təmin edən avadanlıq;
1.4.14. təkrar alışdırma – qurğu işləyərkən od söndükdə odluğa qaz verilməsinin dayandırılmasını və odluğun avtomatik yandırılmasını nəzərdə tutan alışdırma;
1.4.15. yanma kamerasının ventilyasiyası – odluğa qaz verilmədiyi halda qurğunun yanma kamerasında və tüstü bacalarında qalan yanmamış qazın hava ilə sıxışdırılıb çıxarılması prosesi.
1.5. Bu Texniki Reqlamentdə istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Bu Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl istismar olunmayan, istehsal mərhələsində olan və Azərbaycan Respublikasının ərazisində istehlak bazarında dövriyyəyə buraxılan qurğu və avadanlıqlara şamil edilir.
2.2. Bu Texniki Reqlamentin tələbləri bu Texniki Reqlamentə 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qurğu və avadanlıqlara şamil edilir.
2.3. Bu Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqlara şamil edilmir:
2.3.1. buxar təzyiqi 0,07 MPa-dan çox olan buxar qazanları və suyun temperaturu 115 °C-dən çox olan suqızdırıcı qazanlar;
2.3.2. bu Texniki Reqlamentə 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qurğu və avadanlıqlar istisna olmaqla, sənaye müəssisələrində texnoloji proseslərdə istifadə üçün nəzərdə tutulmuş qurğu və avadanlıqlar;
2.3.3. qazdan mühərrik yanacağı kimi istifadə edən qurğular.
2.4. Qurğu və avadanlığı xarakterizə edən əsas məlumatlar aşağıdakılardır:
2.4.1. adı, modeli (növü) və təyinatı;
2.4.2. istifadə olunan qazın növü və nominal təzyiqi;
2.4.3. nominal istilik gücü;
2.4.4. elektrik şəbəkəsinə qoşulan qurğu və avadanlıq üçün elektrik cərəyanının gərginliyi və tezliyi.
2.5. Qurğu və avadanlıqların eyniləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 27 noyabr tarixli 349 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”na (bundan sonra – Prosedurlar) uyğun olaraq bu Texniki Reqlamentin 2.4-cü bəndində göstərilən məlumatların həmin qurğu və avadanlıqların qablaşdırılmasında, etiketində və istismar sənədlərində əks etdirilmiş məlumatlarla müqayisəsi əsasında həyata keçirilir.
3.1. Qurğu və avadanlıqlar xarici alov mənbəyindən partlama riskini istisna etməlidir.
3.2. Qurğunun hazır qarışıqlı odluğu qazın istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün yanma rejimlərində partlayış riskini istisna etməlidir.
3.3. Kombinəli odluq qaz və maye yanacaqların ayrılıqda yandırılması zamanı qurğunun təhlükəsizliyini təmin etməlidir.
3.4. Qurğunun qaz yolunun konstruksiyası istehsalçı tərəfindən müəyyən edilmiş qazkeçirmə normasının icazə verilən maksimal həddinin aşılmasının qarşısını almalıdır.
3.5. Qaz yolunun birləşmələri hermetik olmalıdır.
3.6. Qurğunun konstruksiyası odluğun alışdırma və təkrar alışdırmasından əvvəl təbii hava sorulması və ya məcburi hava vurulması hesabına yanma kamerasının ventilyasiyasını təmin etməlidir.
3.7. Yanmamış qazın təhlükəli yığılmasının qarşısının alınması üçün alışdırma və təkrar alışdırma zamanı qurğunun odluğunun işəsalma gücü və alışma vaxtı, təkrar alışdırma cəhdlərinin sayı və alov sönən zaman qaz verilişinin dayandırılması müddəti məhdud olmalıdır.
3.8. Odluq özünün bütün səthi üzrə bərabər alışma ilə yanmanı təmin etməlidir.
3.9. Qapalı məkanlarda və otaqlarda istifadə üçün nəzərdə tutulmuş qurğuda yanmamış qazın yığılmasının qarşısını alan avadanlıq olmalıdır. Qapalı məkanlarda yerləşdirilmiş qurğunun quraşdırılma, texniki xidmət və təmiri təlimatları ilə müəyyən edilmiş məkanın havalandırılmasına dair tələblər yerinə yetirildikdə həmin qurğunun belə avadanlıq olmadan istifadəsinə icazə verilir.
3.10. Qurğu və avadanlığın konstruksiyası ona dayaq və bitişik səthlərdə yanğın təhlükəsi yaratmamalıdır.
3.11. Qurğu və avadanlıqlar alovun dayanıqlığını və yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyalarının olmamasını təmin etməlidir.
3.12. Tüstü bacasına qoşulmuş qurğu yanma məhsullarının məkana təsadüfi buraxılmasının qarşısını almalıdır.
3.13. Tüstü bacasına qoşulmuş qurğu yanma məhsullarının kənarlaşdırılması sistemində nasazlıqlar yarandıqda odluğa qaz verilişinin kəsilməsini təmin etməlidir.
3.14. Tüstü bacası ilə əlaqəsi olmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorucu avadanlıqla təchiz olunmayan, isidici və suqızdırıcı qurğuların təhlükəsizlik avadanlığı havanın vəziyyətinə nəzarəti və məkanda dəm qazının konsentrasiyası icazə verilən həddən yüksək olduqda, odluqlara qazın verilməsinin dayandırılmasını təmin etməlidir.
3.15. İşəsalma zamanı yaranan kondensat qurğunun təhlükəsizliyinə təsir etməməlidir.
3.16. Kondensasiya rejimində işləyən qurğular istisna olmaqla, qurğu qazın yandırılması zamanı kondensatın əmələ gəlməsini istisna etməlidir.
3.17. Qurğunun hazırlanmasında istifadə olunan materiallar sanitariya təyinatlı qida məhsulları və ya su ilə təmasda olduqda onların keyfiyyətinin pisləşməsinə səbəb olmamalıdır.
3.18. İstismar müddəti ərzində qurğu və avadanlıqlar onların təhlükəsizliyini azalda biləcək dayanıqsız vəziyyətlərin, deformasiyaların, zədələnmələrin və ya aşınmaların yaranmasını istisna etməlidir.
3.19. Qurğu və avadanlıqların təhlükəsizliyinə təsir edən deformasiyaların baş verməməsi üçün təzyiq altında işləyən hissələr istismar zamanı yaranan mexaniki və temperatur təzyiqlərinə davamlı olmalıdır.
3.20. Qurğu və avadanlıqların istehsalında istifadə olunan materiallar təyinatına uyğun və həmin qurğunun istismar müddəti ərzində istilik təsirlərinə, mexaniki və kimyəvi təsirlərə davamlı olmalıdır.
3.21. İstilik ötürmə funksiyasını yerinə yetirən və ya açıq alovla qızdırılan səthlər istisna olmaqla, istifadəçinin təmasda ola biləcəyi əllə idarəetmə avadanlıqlarının səthinin və qurğunun xarici səthinin qızması termik yanıqlara səbəb olmamalıdır.
3.22. İsti su təchizatı üçün nəzərdə tutulmuş qurğunun konstruksiyasında istifadəçinin həmin isti su ilə termik yanıq almasının qarşısını alan avadanlıq nəzərdə tutulmalıdır.
3.23. Elektrik gərginliyindəki dalğalanmalar və ya köməkçi enerjinin xüsusiyyətlərinin dəyişməsi, həmçinin elektrik enerjisinin kəsilməsi və sonradan bərpası elektrik avadanlığı və (və ya) cihazları quraşdırılmış qurğunun təhlükəsizliyini pozmamalıdır.
3.24. Elektrik şəbəkəsinə qoşulmuş qurğu və avadanlıqlar elektrik cərəyanı vurmasından mühafizəni təmin etməlidir.
3.25. Qurğu idarəetmə avadanlıqları ilə təchiz edildiyi halda bu avadanlıqların işləməsi həmin qurğuya qoşulmuş təhlükəsizlik avadanlıqlarının funksionallığına mane olmamalıdır.
3.26. Qurğu ona qoşulmuş tənzimləmə, idarəetmə və təhlükəsizlik avadanlıqlarından istənilən birinin sıradan çıxması zamanı təhlükəsizliyi təmin etməlidir.
3.27. Qurğunun idarəetmə, tənzimləmə və bağlama armaturlarında istifadəçinin yanlış davranışlarının qarşısının alınması üçün işarələr və müvafiq göstərişlər olmalıdır.
3.28. İstehsalçı tərəfindən quraşdırılan və tənzimlənən, habelə quraşdırıcı və ya istifadəçi tərəfindən tənzimlənməsinə ehtiyac olmayan təhlükəsizlik, idarəetmə və tənzimləmə avadanlıqları ciddi şəkildə qorunmalıdır.
3.29. İstismar sənədlərində qurğu və avadanlıqların istifadə şərtlərini məhdudlaşdıran və ya təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsi zərurəti barədə xəbərdaredici məlumatlar əks etdirilməlidir.
3.30. İstismar sənədlərinə dair tələblər bu Texniki Reqlamentin 2 nömrəli əlavəsi ilə müəyyən edilmişdir.
3.31. Qurğu və avadanlıqların etiketləmə və qablaşdırılmasına dair tələblər bu Texniki Reqlamentin 3 nömrəli əlavəsi ilə müəyyən edilmişdir.
4.1. Təsərrüfat subyektinin istifadə etdiyi istinad edilmiş standart və ya texniki şərt bu Texniki Reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etdikdə və bu, qurğu və avadanlıqların müvafiq istinad edilmiş standarta və ya texniki şərtə uyğun olduğunu təsdiq edən sənədlərdə göstərildikdə, qurğu və avadanlıqlar bu Texniki Reqlamentin əsas tələblərinə uyğun hesab olunur.
4.2. Bu Texniki Reqlamentdə qurğu və avadanlıqlara dair əsas tələblərin təmin olunması şərtilə istinad edilmiş standartın və texniki şərtlərin istifadəsi könüllü xarakter daşıyır.
4.3. Qurğu və avadanlıqların tədqiqi və ya sınağı məqsədilə seçmə üsulu ilə nümunələrin götürülməsi qaydaları bu Texniki Reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin edən standartlaşdırma üzrə dövlət fonduna daxil edilmiş normativ sənədlərə əsasən müəyyən olunur. İdxal olunan qurğu və avadanlıqlardan nümunələrin götürülməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
5.1. İstehsal mərhələsində olan və istehlak bazarına dövriyyəyə buraxılmazdan əvvəl qurğu və avadanlıqların bu Texniki Reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi uyğunluğun bəyan edilməsi və ya sertifikatlaşdırma üsulu ilə həyata keçirilir.
5.2. Uyğunluq bəyannaməsi və uyğunluq sertifikatının forması, hazırlanması və təqdim edilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” ilə müəyyən edilir.
5.3. Qurğu və avadanlıqların uyğunluğunun qiymətləndirilməsi Prosedurlar ilə müəyyən edilən uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və onların ətraflı müddəalarını ehtiva edən prosedurlar əsasında həyata keçirilir.
5.4. Qurğu və avadanlıqların ayrı-ayrı növləri (tipləri) üçün nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulları 1 nömrəli əlavədə göstərilmişdir.
5.5. Qurğu və avadanlıqların uyğunluğunun bəyan edilməsi Prosedurlar ilə müəyyən edilən 1b, 2b, 3b və 4b sxemlərindən biri üzrə həyata keçirilir.
5.6. Qurğu və avadanlıqların uyğunluğunun bəyan edilməsi sxeminin seçimi və bəyan edilməsi təsərrüfat subyekti tərəfindən həyata keçirilir.
5.7. Seriyalı istehsal olunan qurğu və avadanlıqlar 1b və 3b sxemləri üzrə bəyan edilərkən istehsalçı olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
5.8. Qurğu və avadanlıqlar partiyası 2b və 4b sxemləri üzrə bəyan edilərkən istehsalçı, idxalatçı və ticarət nümayəndəsi olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
5.9. Seriyalı istehsal olunan qurğu və avadanlıqlar üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti ən çoxu 3 (üç) ildir.
5.10. Qurğu və avadanlıqlar partiyası (mal vahidi) üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti təyin edilmir.
5.11. Qurğu və avadanlıqlar partiyasının bu Texniki Reqlamentin tələblərinə uyğunluğu haqqında bəyannamə yalnız həmin partiyaya aid olan qurğu və avadanlıqlar üçün etibarlıdır.
5.12. Qurğu və avadanlıqların sertifikatlaşdırılması Prosedurlar ilə müəyyən edilən 1s, 3s və 4s sxemlərindən biri üzrə həyata keçirilir.
5.13. Qurğu və avadanlıqlar sertifikatlaşdırılması ərizəçi ilə uyğunluğu qiymətləndirən qurum arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.
5.14. Qurğu və avadanlıqlar 1s sxemi ilə sertifikatlaşdırılarkən istehsalçı olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
5.15. Qurğu və avadanlıqlar 3s və 4s sxemləri üzrə sertifikatlaşdırılarkən istehsalçı, idxalatçı və ticarət nümayəndəsi olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
5.16. Ərizəçi müraciət edəcəyi uyğunluğu qiymətləndirən qurumu özü seçir.
5.17. Seriyalı istehsal olunan qurğu və avadanlıqlar üçün uyğunluq sertifikatının qüvvədəolma müddəti ən çoxu 5 (beş) ildir.
5.18. Qurğu və avadanlıqlar partiyası (mal vahidi) üçün uyğunluq sertifikatının qüvvədəolma müddəti müəyyən edilmir.
5.19. Qurğu və avadanlıqlar partiyası üçün uyğunluq sertifikatı yalnız həmin partiyaya aid olan qurğu və avadanlıq üçün etibarlıdır.
5.20. Ərizəçinin istəyi ilə, habelə, texniki reqlamentin tələblərinə uyğunluğun təsdiqinə dair ərizəçinin sübutlarının olmaması (və ya onların yetərli olmaması) səbəbindən qurğu və avadanlıqlar üçün uyğunluğun bəyan edilməsi bu Texniki Reqlamentdə nəzərdə tutulmuş və uyğunluq bəyannaməsi sxemlərinə ekvivalent olan sertifikatlaşdırma sxemləri üzrə sertifikatlaşdırma ilə əvəz edilə bilər.
6.1. Bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərinin tələblərinə cavab verən və bu Texniki Reqlamentin 5-ci hissəsinə əsasən uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçən qurğu və avadanlıqlar Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır.
6.2. Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanma qurğu və avadanlıqlar istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.
6.3. Qurğu və avadanlıqların uyğunluq nişanı ilə nişanlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.
Qaz yanacağı ilə işləyən məişət qızdırıcı aparatlar (su dövrəli qızdırıcı və kombinə edilmiş aparatlar, konvektorlar, kaminlər, hava qızdırıcıları, quraşdırılmış qaz yanacağı ilə işləyən hava qızdırıcıları olan kondisionerlər)
Məişətdə yemək hazırlanması və qızdırılması üçün qurğular (ən azı bir qaz yanacağı ilə işləyən odluqları olan plitələr, bişirmə panelləri, quraşdırılan sobalar, qrillər, elektrik plitələri)
Qaz yanacağı ilə işləyən axar tipli su qızdırıcıları
Qaz yanacağı ilə işləyən tutumlu su qızdırıcıları
Qaz yanacağı ilə işləyən portativ və turistik plitələr və sacayaqlar
Qaz yanacağı ilə işləyən məişət çıraqları
Qaz yanacağı ilə işləyən infraqırmızı şüalı məişət odluqları, məişət aparatları üçün qaz odluqlu qurğular
Qaz yanacağı ilə işləyən qızdırıcı qazanlar (100 kVt-a qədər)
Qaz yanacağı ilə işləyən qızdırıcı qazanlar (100 kVt-dan çox)
İctimai iaşə müəssisələri və iaşə bölmələri üçün qaz yanacağı ilə işləyən istilik avadanlığı (stasionar yemək bişirmə qazanları, mətbəx plitələri, yemək bişirmə və qızartma aparatları, çevrilən tavalar, manqallar, fritür qazanları, mayelərin qaynadılması və qızdırılması üçün avadanlıq, birinci və ikinci yeməklər üçün marmitlər)
Xüsusi təyinatlı, qaz yanacağı ilə işləyən sənaye odluqları (infraqırmızı şüalanmalı “işıqlı” qızdırıcılar)
Qaz yanacağı ilə işləyən qapalı radiasiyalı şüalandırıcılar (“işıqsız” şüalandırıcılar)
Qaz yanacağı ilə işləyən sənaye hava qızdırıcıları (rekuperativ və qarışdırıcı), bloklu üfürmə odluqları olan hava qızdırıcıları, qaz yanacağı ilə işləyən quraşdırılmış hava qızdırıcıları olan kondisionerlər də daxil olmaqla
Heyvandarlıq məkanları üçün qaz yanacağı ilə işləyən istilik generatorları
Quşçuluq üçün qaz yanacağı ilə işləyən bruderlər
Bloklu, qaz yanacağı ilə işləyən sənaye odluqları
Bloklu, qaz yanacağı ilə işləyən kombinə edilmiş sənaye odluqları
Kənar enerji mənbəyi olmadan işləyən qaz təzyiq tənzimləyiciləri
Qaz balonları üçün tənzimləyicilər (reduktorlar)
Qaz odluqları və aparatları üçün avadanlıqlar və avtomatlaşdırma vasitələri (avtomatik alışdırma üçün bloklar və panellər)
Qaz idarəetmə və bağlayıcı-qoruyucu armatur (ayırıcı avtomatik klapanlar, təzyiq tənzimləyiciləri, termoelektrik alov nəzarət qurğuları, kranlar, mexaniki termostatlar)
Qaz odluqları və aparatlar üçün elastik birləşmələr
1. Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların (bundan sonra – qurğu və avadanlıqlar) çatdırılma dəstlərinə qurğunun quraşdırılması, texniki xidməti, təmiri və istismarı üzrə təlimat sənədləri daxil edilməlidir. Bu sənədlər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.
2. İstismar sənədləri kağız daşıyıcılarda olmalıdır. Kağız daşıyıcılara elektron daşıyıcılarda istismar sənədləri dəsti əlavə oluna bilər.
3. Qurğu və avadanlıqların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarda aşağıdakı məlumatlar olmalıdır:
3.1. qurğu və avadanlığın ümumi təsviri və onun işləmə qaydası;
3.2. qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
3.3. istifadə olunan qazların növləri və nominal təzyiqləri;
3.4. qurğunun bir qaz növündən digərinə keçirilməsi qaydası;
3.5. yanma prosesinin və yanma məhsullarının kənarlaşdırılmasının təmin edilməsi, habelə təhlükəli yanmamış qazların yığılmasının istisna edilməsinə şərait yaradılması üçün qurğunun quraşdırıldığı məkanın havalandırılmasına dair tələblər;
3.6. istismar zamanı qurğunun düzgün quraşdırma və sazlanmasının, bəyan edilmiş texniki xüsusiyyətlərinin və təhlükəsizliyinin təmin edilməsi üçün bloklu qaz odluqlarına və bu odluqların nəzərdə tutulduğu qurğuya dair tələblər, ehtiyac olduğu halda isə istehsalçı tərəfindən tövsiyə olunan kombinasiyaların siyahısı;
3.7. isidici funksiyalı qurğu üçün suyun kimyəvi tərkibinə dair tələblər (suyun istilikdaşıyıcı olduğu halda);
3.8. avtomatlaşdırma sistemləri elektrik enerjisi ilə işləyən qurğu üçün elektrik şəbəkəsinin nominal gərginliyi;
3.9. istismar zamanı qurğu və avadanlıqlara göstərilməli olan texniki xidmətin növləri və dövriliyi;
3.10. qurğu və avadanlığın xarakterik nasazlıqları və onların aradan qaldırılması üsulları;
3.11. tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorulma qurğusu ilə təmin olunmayan isidici və suqızdırıcı qurğunun quraşdırılmasına icazə verilən otaqda hava mübadiləsinə dair tələblər;
3.12. istehsalçının adı, ünvanı və əlaqə məlumatları;
3.13. qurğu və avadanlığın istehsal tarixi (ay, il) və (və ya) istehsal tarixinin qeyd edildiyi yer və istehsal ilinin necə müəyyən edilməsi haqqında məlumat.
4. Qurğu və avadanlıqların istismar təlimatında onun bütün istismar müddəti ərzində təhlükəsiz istismarı üçün zəruri olan bütün məlumatlar əks etdirilməli və istifadəçiyə həmin qurğu və avadanlıqların istifadə məhdudiyyətlərinə dair məlumat verilməlidir.
5. İstismar təlimatında qurğu və avadanlıqların təhlükəsiz şəkildə utilizasiyası üçün tövsiyələr olmalıdır.
6. Qurğuların quraşdırılması üçün nəzərdə tutulmuş armaturlar və avadanlıqlar qurğuların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarla eyni dəstdə olmalıdır.
1. İstehlak bazarında dövriyyəyə buraxılan qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların (bundan sonra – qurğu və avadanlıqlar) hər biri istismar müddəti ərzində qorunub saxlanılan, baxılması üçün alətlə müdaxiləyə ehtiyac olmayan, görünən yerdə tətbiq edilmiş, aydın və asan oxunan etiketə malik olmalıdır.
2. Qurğu və avadanlıqların etiketində olan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.
3. Etiketdə aşağıdakı məlumatlar olmalıdır:
3.1. qurğu və avadanlıqlara şamil edilən texniki reqlamentlərin işarəsi;
3.2. istehsalçının adı və (və ya) ticarət nişanı, malın istehsal olunduğu ölkənin adı;
3.3. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi və onu təsdiq edən orqanın adı;
3.4. uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin qeydiyyat nömrəsi və verilmə tarixi;
3.5. istinad standartlarının nömrəsi;
3.6. qurğu və avadanlığın modeli (növü);
3.7. partiya nömrəsi və ya seriyalı istehsal olduğu barədə;
3.8. qurğu və avadanlığın istehsal tarixi (ay, il);
3.9. qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
3.10. istifadə olunan qazın növü və nominal təzyiqi;
3.11. gərginlik, elektrik cərəyanının tezliyi və istehlak olunan elektrik enerjisi (elektrik şəbəkəsinə qoşulmuş qurğu və avadanlıqlar üçün).
4. Qurğu və avadanlıqlar üzərində yerləşdirilən xəbərdarlıq bildirişləri istifadəçiyə aşağıdakı məlumatları verməlidir:
4.1. partlayış, yanğın, dəm qazından zəhərlənmə, zərərli termik təsirlər, elektrik cərəyanı vurması (elektrik şəbəkəsinə qoşulmuş qurğu və avadanlıqlar olduqda) təhlükəsi haqqında;
4.2. qurğunun yaxşı havalandırılan yerlərdə quraşdırılması zərurəti haqqında (qurğu yanma məhsullarını məkana buraxan olduqda).
5. Boru kəmərlərinin bütün birləşdirici dəlikləri daşıma tıxacları ilə bağlanmalıdır.
6. Qurğu və avadanlıqlar saxlama və daşıma zamanı qorunması təmin ediləcək şəkildə qablaşdırılmalıdır.
7. Qablaşdırma qurğu və avadanlıqların daşınması, yüklənməsi və boşaldılması zamanı rahatlığı təmin etməlidir.
8. Qablaşdırmanın çöl hissəsinə etiketləmə tətbiq edilməlidir.
9. Etiketləmə dəqiq olmalı və aydın seçilməli, qablaşdırmanın rəngi ilə kontrastlı rəngdə, silinməyən və ya su keçirməyən boya ilə tətbiq edilməlidir.
10. Qablaşdırmanın etiketində aşağıdakı məlumatlar olmalıdır:
10.1. qurğu və avadanlıqların modeli (növü);
10.2. istifadə olunan qazın növü və nominal təzyiqi;
10.3. manipulyasiya nişanları;
10.4. istehsalçının adı və (və ya) əmtəə nişanı, malın istehsal olunduğu ölkənin adı.
11. Manipulyasiya nişanları qablaşdırmanın müxtəlif yerlərində təkrarlanmalıdır.
12. Konstruksiya xüsusiyyətlərinə görə etiketləmənin qurğu və avadanlıqlara tətbiq edilməsi mümkün olmadıqda yalnız onun qablaşdırması etiketlənə bilər.