“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 iyun 2022-ci il
1.1. Bu Qayda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 3.12.22-1-ci yarımbəndinə və “Beynəlxalq mülki aviasiya haqqında” Çikaqo Konvensiyasına 17-ci Əlavənin 4.6.2-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır və aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikatın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv edilməsi, habelə fərdi kod nömrəsinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi yüklərin və poçt göndərişlərinin mülki aviasiya sahəsində təhlükəsizliyinin təmin edilməsi, yüklərin və poçt göndərişlərinin təhlükəsizliyinin təmini ilə məşğul olan subyektlərin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması və onların hüquqlarının müdafiəsi, yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə məsuliyyəti qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin üzərinə qoymaq, habelə bütün yüklərin və poçt göndərişlərinin göndərmə hava limanında baxışdan keçirmək əvəzinə, onların hava limanına çatdırılana kimi təhlükəsizliyini və mühafizəsini təmin etmək məqsədilə həyata keçirilir.
2.1. Bu Qaydada aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. qeydiyyatdan keçmiş yük agenti - hava gəmisinin istismarçısı ilə kommersiya fəaliyyəti həyata keçirən, yük və poçt göndərişlərinə dair təhlükəsizliyə nəzarəti təmin etmək hüququ olan yol ekspeditoru və ya hər hansı hüquqi şəxs;
2.1.2. məlum yükgöndərən - yük və ya poçtu öz hesabına göndərən və onların istənilən hava gəmisində daşınması üçün ümumi təhlükəsizlik qayda və standartlarına cavab verən prosedurları həyata keçirən agent, yük ekspeditoru və ya hüquqi şəxs;
2.1.3. aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar – mülki aviasiyanın təhlükəsizlik sisteminin vəziyyətinin qiymətləndirilməsi, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın tələblərinə uyğunluğunun müəyyən edilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə keçirilən tədbirlərin məcmusu;
2.1.4. təhlükəsizlik proqramı - beynəlxalq mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair qəbul edilmiş tədbirlərin müəyyən edildiyi toplu.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.
3.1. Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən verilir.
3.2. Qeydiyyatdan keçmiş yük agenti və məlum yükgöndərən sertifikatın verilməsi üçün forması bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən olunmuş ərizə ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada Agentliyə müraciət edir.
3.3. Qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılmasına dair ərizə aşağıdakı hallarda təqdim edilir:
3.3.1. sertifikatın ilk dəfə verilməsi zamanı;
3.3.2. sertifikatın yenidən rəsmiləşdirilməsi zamanı;
3.3.3. sertifikatın dublikatının verilməsi zamanı;
3.3.4. sertifikat sahibinin müvafiq ərizəsinə əsasən hüquqi qüvvəsi dayandırılmış sertifikatın bərpası zamanı.
3.4. Sertifikatın verilməsi üçün ərizəyə aşağıdakı sənədlər əlavə olunur (Agentlik həmin sənədlər barədə məlumatları bu Qaydanın 3.6-cı bəndində göstərilən qaydada əldə edə bilmədikdə):
3.4.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
3.4.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
3.4.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
3.4.4. təhlükəsizlik proqramı;
3.4.5. qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu halda müvafiq fəaliyyəti həyata keçirməsi üçün verilmiş lisenziyanın surəti.
3.5. Agentlik ərizəçi tərəfindən bu Qaydanın 3.4.4-cü yarımbəndində nəzərdə tutulan sənədin hazırlanması üçün yük agentinin və məlum yükgöndərənin təhlükəsizlik proqramlarının hazırlanması üzrə təlimat sənədlərini öz rəsmi internet səhifəsində dərc edir.
3.6. Bu Qaydanın 3.4-cü bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.7. Ərizə Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
3.8. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.2-ci və 3.4-cü bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydanın 3.6-cı bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
3.9. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.10. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.9-cu bəndində göstərilən müddətdə aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
3.11. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sertifikatın alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət etmək hüququna malikdir.
3.12. Bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş halda Agentlik əvvəlki sertifikatın verilməsi zamanı təqdim olunmuş sənədlərin və məlumatların təkrar təqdim edilməsini tələb edə, habelə təsdiq olunmuş sənədləri, hüquqi və faktiki halları təkrar yoxlaya bilməz.
3.13. Qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxılması məqsədilə Agentliyin nəzdində 1 (bir) iş günü müddətində müfəttiş qrupu yaradılır.
3.14. Təqdim edilmiş sənədlərin təhlili yekunlaşdıqda, müfəttiş qrupu tərəfindən 3 (üç) iş günü müddətində bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada rəy tərtib edilir.
3.15. Rəy tərtib edildikdən sonra 2 (iki) iş günü müddətində müfəttiş qrupu tərəfindən qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin fəaliyyətinin müvafiq normativ hüquqi aktlara və təqdim etdiyi təhlükəsizlik proqramına uyğunluğunun yerində yoxlanılması üçün aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar aparılır və yoxlamanın nəticələrinə dair hesabat tərtib olunur.
3.16. Aviasiya təhlükəsizliyi sahəsində yoxlamalara dair hesabat 1 (bir) iş günü müddətində Agentlik tərəfindən qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin rəhbərliyinə təqdim edilir.
3.17. Agentlik uçuşların təhlükəsizliyinə yarana biləcək riskləri nəzərə alaraq, rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 (yeddi) iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisələrinin rəy (razılıq) verilməsi üçün bu bənddə nəzərdə tutulan müddət sertifikat verilməsi ilə bağlı müddətə daxil edilmir.
3.18. Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sertifikatı verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir.
3.19. Agentlik bu Qaydanın 3.18-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq sertifikatın verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir.
3.20. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentliyə ərizəçi tərəfindən təqdim edildikdən sonra sertifikat 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentliyə təqdim edilmədikdə, sertifikat Agentlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
3.21. Sertifikatın yenidən rəsmiləşdirilməsi və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və 24-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
4.1. Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
4.1.1. ərizədə və ona əlavə edilmiş sənədlərdə düzgün olmayan məlumatlar olduqda (bu Qaydanın 3.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);
4.1.2. ərizəçi sertifikat verilməsi şərtlərini yerinə yetirmədikdə.
4.2. Sertifikatın verilməsindən imtina haqqında qərar Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
4.3. Agentliyin sertifikatın verilməsindən imtina edilməsi barədə qərarına aid bütün materiallar “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan müddətdə mühafizə edilir.
4.4. Qeydiyyatdan keçmiş yük agenti və məlum yükgöndərən Agentliyin sertifikatın verilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
5.1. Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə bu Qaydaya 4 nömrəli əlavə ilə müəyyən edilmiş formada verilən sertifikat qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin fəaliyyət göstərməsi üçün əsasdır.
5.2. Qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatsız fəaliyyət göstərməsinə yol verilmir.
5.3. Sertifikatda aşağıdakılar göstərilir:
5.3.1. sertifikatın verilmə tarixi və qeydiyyat nömrəsi;
5.3.2. sertifikat verən orqanın adı və ünvanı;
5.3.3. sertifikatın sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);
5.3.4. sertifikat üzrə verilən fəaliyyət növü və ya hərəkət.
5.4. Sertifikatı olan qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə fərdi kod nömrəsi verilir. Bu kod nömrəsi qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə məxsus yük sənədlərində göstərilir.
5.5. Agentlik qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi sertifikatların reyestrini aparır.
6.1. Sertifikat aşağıdakı hallarda dayandırılır:
6.1.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.1.2. aviasiya təhlükəsizliyi sahəsində yoxlamalar zamanı yüklərin və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin pozulması aşkar edildikdə və onların aradan qaldırılmasına dair Agentliyin göstərişləri yerinə yetirilmədikdə.
6.2. Sertifikatın hüquqi qüvvəsi Agentliyin qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və sertifikatın dayandırıldığı müddət göstərilir. Bu Qaydanın 6.1.2-ci yarımbəndində göstərilən əsas üzrə sertifikatın dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halın aradan qaldırılması üçün görülməli olan tədbirlər və sertifikatın dayandırıldığı müddətdə həmin halın aradan qaldırılmamasının nəticəsi göstərilir.
6.3. Sertifikat sahibi sertifikatın dayandırıldığı müddət bitənədək bu Qaydanın 6.1.2-ci yarımbəndində göstərilən halı aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində Agentliyə yazılı məlumat verməlidir.
6.4. Bu Qaydanın 6.1.1-ci yarımbəndində göstərilən əsas üzrə dayandırılmış sertifikat sahibinin müvafiq ərizəsinə, bu Qaydanın 6.1.2-ci yarımbəndində göstərilən halda dayandırılmış sertifikat isə həmin halın aradan qaldırılması barədə sertifikat sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Agentliyin qərarı ilə bərpa olunur.
6.5. Sertifikatın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində sertifikat sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
6.6. Sertifikat aşağıdakı hallarda ləğv edilir:
6.6.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.6.2. sertifikat sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
6.6.3. sertifikat sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
6.6.4. məhkəmənin müvafiq qərarı olduqda;
6.6.5. sertifikat verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
6.6.6. bu Qaydanın 6.3-cü bəndində göstərilən məsələ ilə bağlı Agentliyə yazılı məlumat verilmədikdə;
6.6.7. sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş icazələrin siyahısından çıxarıldıqda.
6.7. Sertifikat bu Qaydanın 6.6-cı bəndində göstərilən hallara (bu Qaydanın 6.6.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, Agentliyin qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində sertifikat sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
6.8. Sertifikat sahibi sertifikatın dayandırılması və ləğv edilməsi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə
1. Ərizəçinin adı ________________________________________________________
(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq
edən sənəd haqqında məlumatlar, hüquqi şəxsin adı) ____________________________________________________________________________
2. Ünvan (hüquqi ünvan) ________________________________________________
3. Bank rekvizitləri ______________________________________________________
4. Ərizənin verilməsi səbəbi:
□ sertifikatın ilk dəfə verilməsi
□ sertifikatın yenidən rəsmiləşdirilməsi
□ sertifikatın dublikatının verilməsi
□ sertifikat sahibinin müvafiq ərizəsinə əsasən hüquqi qüvvəsi dayandırılmış sertifikatın bərpası ____________________________________________________________
5. Ərizəçinin öhdəliyi
Mən ____________________________________________________________________
(soyadı, adı, atasının adı və vəzifəsi)
Yuxarıda qeyd olunan təşkilatın sertifikatlaşdırılmasını xahiş edirəm və aşağıda qeyd olunanları öz öhdəliyimə götürürəm:
a) bəyan olunmuş sahə üzrə normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə riayət etmək;
b) aviasiya təhlükəsizliyi sahəsində yoxlama zamanı sertifikatlaşdırılma üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək;
c) sertifikatlaşdırılma sənədində dəyişiklik və əlavələrin edilməsinə zərurət olduğu halda Aviasiya Agentliyinə müraciət etmək.
6. Sertifikatlaşdırılmaya bəyan olunmuş fəaliyyət növləri (qeyd etmək):
____________________________________________________________________________
____________________________________________________________________________
Hüquqi şəxsin möhürü:
“____” ____________ 20___ il
“Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nın 3.19-cu bəndi ilə müəyyən edilmiş sertifikatın verilməsi üçün təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlərə ekspert qrupu tərəfindən baxılarkən aşağıdakılar müəyyən edilmişdir:
_____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________
İradlar_______________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ Nəticə _______________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________
Ekspert qrupunun rəhbəri _________________________ __________________
(soyadı, adı, atasının adı (imza)
“_____” ________________ 20___ il
Bununla “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”na və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”na, habelə “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”na əsasən ___________________________________________________________
_____________________________________________________________________________ _____________________________________________________________________________
_____________________________________________________________________________
It is hereby certified that according to the “National Civil Aviation Security Program” and “Aviation Security Regulations” of the Republic of Azerbaijan and “Regulations on certification and individual code numbering of the registered cargo agents and shippers” __________________________________________________________
_____________________________________________________________________________ _____________________________________________________________________________
_____________________________________________________________________________
Verilmə tarixi / Date of issue: ________________
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi
State Civil Aviation Agency under the Ministry of Digital Development and Transport of The Republic of Azerbaijan
1. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
2. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
3. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)
4. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)