Qanunvericilik › “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025) › Tam mətn

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025)

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 20.05.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci və 23.3-cü maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə, həmin Əsasnamənin 5.10-5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 20 may tarixli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar insan həyat və sağlamlığını və istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara (bundan sonra – material və məmulatlar) dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədilə, Avropa İttifaqının 2004-cü il 27 oktyabr tarixli 1935/2004 nömrəli (Regulation (EC) № 1935/2004 of The European Parliament and of the Council of 27 October 2004), 2005-ci il 18 noyabr tarixli 1895/2005 nömrəli (Commission Regulation (EC) № 1895/2005 of 18 November 2005) və 1993-cü il 15 mart tarixli 93/11/EEC nömrəli (Commission Directive 93/11/EEC of 15 March 1993) sənədləri əsas götürülərək hazırlanmışdır.

1.3. Bu Qaydalar Azərbaycan Respublikası ərazisində istehsal edilən, emal edilən və ya respublika ərazisinə idxal edilən ağıllı və aktiv material və məmulatlar da daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilmiş material və məmulatları əhatə edir.

1.4. İstifadə formasına görə material və məmulatlar aşağıdakı növlərə bölünür:

1.4.1. qida məhsulları ilə təmas edən (qida məhsulları ilə təmas halında olan, məs., qablaşdırılmış qida məhsullarının qablaşdırması);

1.4.2. qida məhsulları ilə təmas etməsi nəzərdə tutulan (görünüşü baxımından qida məhsulu ilə təmasda olması üçün nəzərdə tutulduğu aydın olan, məs., plastik stəkan və s.);

1.4.3. qida məhsulları ilə təmas etməsi ehtimal olunan (görünüşü baxımından qida məhsulu ilə təmasda olması üçün nəzərdə tutulduğu aydın olmayan, lakin qida məhsulu ilə təması ehtimal olunan, məs., plastik konteyner və s.).

1.5. Bu Qaydaların əhatə dairəsinə qida məhsulunun bir hissəsini təşkil edən və onunla birlikdə istehlak edilə bilən, pendir qabıqları, istehlaka hazır ət məhsullarının və ya meyvələrin üzərində olan örtük materialları aid edilmir.

2.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. aktiv material və məmulatlar - yararlılıq müddətini uzatmaq və ya qablaşdırılmış qida məhsulunun yararlılıq vəziyyətini saxlamaq və ya yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş material və məmulatlar. Bu material və məmulatlara qablaşdırılmış məhsuldan və ya onu əhatə edən mühitdən maddələri udmaq (absorbsiya etmək) və ya özündən maddə buraxmaq qabiliyyətinə malik olan hissəciklər də aid edilir (məs., toyuq, balıq kimi məhsullarda istifadə olunan nəm uducular, quru qida məhsullarında istifadə olunan oksigen uducular və s.);

2.1.2. ağıllı material və məmulatlar - qablaşdırılmış qida məhsullarını və ya onları əhatə edən ətraf mühitin vəziyyətini nəzarətdə saxlayan material və məmulatlar (məs., yararlılıq müddəti ərzində qida məhsulu üçün təhlükəsiz temperatur həddinin keçilməsi zamanı rəngin dəyişməsi ilə istehlakçını məlumatlandıran zaman-temperatur indikatorları);

2.1.3. qida simulyantı - qida məhsulları ilə təmasda olan materialların miqrasiyasının müəyyənləşdirilməsi üçün qida məhsulunu əvəz edən, onu imitasiya edən sınaq mühiti kimi maddə;

2.1.4. xüsusi miqrasiya limiti (XML) - material və məmulatlardan qida məhsullarına və ya qida simulyantına keçən müəyyən maddənin yolverilən maksimum miqdarı.

3.1. Material və məmulatlar aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1. insan sağlamlığına təhlükə yaratmamalı;

3.1.2. qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli;

3.1.3. qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.

4.1. Aktiv material və məmulatlar qida məhsullarının tərkibini və orqanoleptik xüsusiyyətlərini bu Qaydaların 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinin, eləcə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2024-cü il 5 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nın tələbləri nəzərə alınmaqla dəyişdirə bilər.

4.2. Aktiv material və məmulatlar qida məhsulunun istehlaka yararsız olmasını gizlədəcək şəkildə məhsulun tərkibini və orqanoleptik xüsusiyyətlərini dəyişdirməməlidir.

4.3. Ağıllı material və məmulatlar qida məhsulunun vəziyyəti ilə bağlı istehlakçını aldatmamalıdır.

5.1. Kağız əsaslı material və məmulatlar aşağıdakı tələblərə cavab verməlidir:

5.1.1. kağız, karton və s. bu kimi qida məhsulları ilə təmasda olan material və məmulatların rəngi qida məhsullarına keçməməlidir;

5.1.2. qida məhsulları ilə təmas üçün nəzərdə tutulmayan, çap edilmiş, yazılmış, təkrar emal edilmiş kağızların qida məhsulları ilə təmasına yol verilmir. Bu Qaydaların 5.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla, yalnız yumurta və meyvə-tərəvəz viyollarında təkrar emal edilmiş kağız məmulatlarından istifadə edilə bilər;

5.1.3. kağız əsaslı material və məmulatların tərkibi Cədvəl 1-də göstərilən tələblərə uyğun olmalıdır.

6.1. Bu Qaydaların 6.2-ci və 6.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, paslanmayan polad istisna olmaqla, qida məhsulları ilə təmasda olan metal əsaslı material və məmulatlar qida məhsulunun xüsusiyyətlərindən asılı olaraq qalay, xrom, xrom oksid, minalı, keramika əsaslı materiallar, lak, plastik və ya qida məhsulları ilə təmasa uyğun olan bir material ilə örtülməlidir.

6.2. Bu Qaydaların 3.1-ci bəndi və 8.1.2-ci yarımbəndinin tələblərinə cavab verən örtük materialı olmayan çuqun materiallardan istifadəyə yol verilir.

6.3. Alüminium və alüminium ərintilərindən olan material və məmulatlar bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinin tələblərinə cavab verməlidir.

6.4. Metal əsaslı material və məmulatların örtük maddələri bütün səth boyunca homogen şəkildə yayılmalıdır.

6.5. Lak və plastik əsaslı örtüklər qida məhsulları ilə təmasda olan plastik material və məmulatlara dair tələblərə cavab verməlidir.

6.6. Metal əsaslı məmulatların səth örtüyündə qalay, xrom və xrom oksid istifadə edildikdə onların miqdarı müvafiq olaraq 2,3 q/m, 50 mq/m və 7 mq/m-dan az olmamalıdır.

6.7. Metal örtük materiallarının tərkibində stibium 0,05%-dən, kadmium 0,001%-dən, arsen 0,03%-dən, qurğuşun 0,05%-dən çox olmamalıdır.

6.8. Alüminium və alüminium ərintisindən olan material və məmulatlardan qida məhsuluna miqrasiya edən alüminiumun miqdarı 5 mq/kq-dan çox olmamalıdır. Örtüksüz alüminium və alüminium ərintisindən olan material və məmulatların etiketində bu Qaydaların 8.1.2-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla “Turş (pH < 4.5), qələvi (pH> 8.5) və duz tərkibi 3.5 % NaCl-dan çox olan qida məhsullarının saxlanması, bişirilməsi və ya emal edilməsi üçün” və ya “Qida məhsullarının yalnız soyuducuda saxlanılması üçün” istifadəsinə dair ifadə göstərilməlidir.

6.9. Alüminium folqalarda, alüminium borucuqlarda və birdəfəlik alüminium qablarda alüminiumun miqdarı ən azı 99% olmalıdır. Bu tələb alüminium ərintilərindən istehsal olunan məhsullara şamil olunmur.

6.10. Metal qablaşdırma qapaqlarında istifadə olunan kipləşdirici, qapağın kənarı boyunca homogen bir şəkildə yayılmalı, qopmamalı və termiki emala davamlı olmalıdır. Bu məqsədlə istifadə olunan kipləşdirici plastik materialdan olduqda, qida məhsulları ilə təmasda olan plastik material və məmulatlara dair tələblərə cavab verməlidir.

6.11. Sink və sinklə örtülmüş material və məmulatların turş (ph<7) qida məhsulları və alkoqollu içkilərlə təmasına yol verilmir. Belə material və məmulatların etiketində bu Qaydaların 8.1.2-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, “Turş qida məhsulları və alkoqollu içkilər üçün istifadəsinə yol verilmir” ifadəsi göstərilməlidir.

7.1. Şüşə material və məmulatlar aşağıdakı tələblərə cavab verməlidir:

7.1.1. ani temperatur dəyişkənliyinə müqavimət dərəcəsi minimum 42C olmalıdır;

7.1.2. daxili təzyiqə müqavimət Cədvəl 2-yə uyğun olmalıdır;

7.1.3. şüşə məmulatla təmasda olan qida məhsulundan asılı olaraq yarana biləcək təzyiq nəzərə alınmaqla, qablaşdırma tam olaraq doldurulmamalıdır.

8.1. Bu Qaydaların 1.4.2-ci və 1.4.3-cü yarımbəndlərində göstərilən material və məmulatların etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

8.1.1. material və məmulatların etiketində qida məhsulları ilə təmas üçün uyğun olduğuna və ya onların istifadə təyinatına dair ifadə (məs., şərab şüşəsi) və ya bu Qaydalara 1 nömrəli Əlavədə göstərilən simvol göstərilməli;

8.1.2. material və məmulatların təhlükəsiz və məqsədəuyğun istifadəsi üçün əməl edilməli olan xüsusi təlimatlar (mövcud olduğu halda) göstərilməli;

8.1.3. istehsalçı və ya emal edən müəssisənin adı, əmtəə nişanı (olduğu təqdirdə), ünvanı barədə məlumatlar göstərilməli;

8.1.4. aktiv material və məmulatlara münasibətdə aktiv komponent tərəfindən qida məhsuluna buraxılan maddənin adı, miqdarı, qidada istifadəsinin uyğun olmasına dair məlumat göstərilməlidir.

8.2. Bu Qaydaların 8.1.1-ci yarımbəndində göstərilən tələb, bu Qaydaların 1.4.2-ci yarımbəndində göstərilən material və məmulatlar üçün məcburi deyil.

8.3. Bu Qaydaların 8.1-ci bəndində göstərilən etiket tələbləri dəqiq, aydın və silinməsi mümkün olmayan formada həyata keçirilməlidir.

8.4. Material və məmulatların pərakəndə satışı həyata keçirilən zaman bu Qaydaların 8.1-ci bəndində göstərilən məlumatlar material və məmulatın birbaşa üzərində və ya qablaşdırmasında və ya material və məmulatın üzərinə və ya onun qablaşdırmasına yapışdırılmış vərəqədə (stikerdə), texniki səbəblərdən istehsal və ya dövriyyə zamanı etiketlənmə mümkün olmadıqda isə material və ya məmulatın birbaşa olaraq yanında, istehlakçılar üçün aşkar görünən formada göstərilməlidir.

8.5. Pərakəndə satış istisna olmaqla, dövriyyənin digər mərhələlərində bu Qaydaların 8.1-ci bəndində göstərilən məlumatlar müşayiətedici sənədlərdə və ya etiketdə və ya qablaşdırmada və ya material və məmulatın birbaşa üzərində göstərilməlidir.

8.6. Bu Qaydaların 1.4.1-ci yarımbəndində göstərilən aktiv və ağıllı material və məmulatlar onların yeyilməyən hissələri istehlakçılar üçün tam başa düşülən və aktiv və ağıllı material və məmulat olması aydın ifadə edilən formada etiketlənməlidir.

9.1. Plastik material və məmulatlar, örtük material və məmulatları, eləcə də yapışqanların istehsalında bis(hidroksifenil)metan bis(2,3-epoksipropil) (BFDGE) və novolak glisidil (NOGE) efirlərinin istifadəsinə yol verilmir.

9.2. Plastik material və məmulatlar, örtük material və məmulatları, eləcə də yapışqanların istehsalında 2,2-bis(4-hidroksifenil)propan bis(2,3-epoksipropil) (BADGE) efiri istifadə olunan zaman aşağıdakı məhdudiyyətlər nəzərə alınmalıdır:

9.2.1. BADGE (=2,2-bis(4-hidroksifenil)propan bis(2,3-epoksipropil) efir), BADGE.H2O və BADGE.2H2O efirlərinin xüsusi miqrasiya limitlərinin cəminin qida məhsulu və ya qida simulyantlarında 9 mq/kq-dan (“Qida məhsulları ilə təmasda olan plastik material və məmulatlara dair sanitariya norma və qaydaları”nda göstərilən xüsusi hallarda 9 mq/6dm) çox olmasına yol verilmir.

9.2.2. BADGE.HCl, BADGE.2HCl və BADGE.H2O.HCl efirlərinin xüsusi miqrasiya limitlərinin cəminin qida məhsulu və ya qida simulyantlarında 1 mq/kq-dan (“Qida məhsulları ilə təmasda olan plastik material və məmulatlara dair sanitariya norma və qaydaları”nda göstərilən xüsusi hallarda 1 mq/6 dm) çox olmasına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver