“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 yanvar 2023-cü il
1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun 37.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) xəzinə hesabına köçürülən vəsaitin (bundan sonra – vəsait) bölgüsü və ondan istifadə qaydasını müəyyən edir.
1.2. Vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.
2.1. Vəsait “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Agentlik tərəfindən tətbiq olunan cərimələrdən toplanılan vəsait hesabına formalaşdırılır.
2.2. Vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır.
2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) Agentliyin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.
2.4. Vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir. Gəlirlər və xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq təsdiq edilir.
3.1. Vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
3.1.2. işçilərə maddi yardım göstərilməsi.
3.2. Vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.2.1. malların (işlərin və xidmətlərin) alınması;
3.2.2. qeyri-maliyyə aktivlərinin alınması;
3.2.3. maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.
3.3. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş vəsaitin istifadəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.4. Vəsaitin 60 faizi bu Qaydanın 3.1-ci bəndində, 40 faizi isə bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.
4.1. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
4.1.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
4.2. İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;
4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
4.3. İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin sədri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.
4.4. İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və maddi yardım göstərilməsi Agentliyin sədr müavininin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.
5.1. Vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
5.2. Vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Agentlik tərəfindən Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
6.1. Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
6.2. Vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
1. 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329)