15.1. İlkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
15.1.1. ilkin istehsal məhsullarının təhlükəsizliyinə təhlükə yarada bilən ətraf mühit amillərinin zərərli təsirlərindən kənar ərazilərdə fəaliyyət göstərmək;
15.1.2. ilkin istehsalla məşğul olan qida subyektləri tərəfindən istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək;
15.1.3. qidalanma üçün aşkar yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etmək və belə məhsulların sanitariya normalarına uyğun olaraq utilizasiyasını, yaxud məhv edilməsini təmin etmək;
15.1.4. ilkin istehsalla əlaqəli olan infrastrukturu, saxlama anbarlarını və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıycıları təmiz saxlamaq və dövri olaraq dezinfeksiya etmək;
15.1.5. kəsim üçün aparılan heyvanların təmizliyini təmin etmək;
15.1.6. ilkin istehsal zamanı yaranan tullantıların qida və yem məhsulunu çirkəndirməsinin qarşısını almaq və zərərli maddələrin etibarlı və təhlükəsiz saxlanması üçün tədbirlər görülməsini təmin etmək;
15.1.7. qida məhsulunda yoluxucu xəstəlik aşkarlandıqda, xəstəliyin insanlara keçməsinin qarşısını almaq üçün tədbirlər görmək və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməsini təmin etmək;
15.1.8. heyvanlardan, bitkilərdən, heyvan və bitki mənşəli məhsullardan götürülən nümunələr üzərində aparılmış sınaqların nəticələrini öz fəaliyyətində nəzərə almaq;
15.1.9. yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etmək.
15.2. İlkin istehsala dair sanitar-gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.