20.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi bu Qanuna uyğun olaraq müəyyən olunmuş tələblərə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin tələblərə ekvivalentliyi tanınmış digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
20.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixracatçı ölkələrdə yayılmış xəstəliklərdən və həmin xəstəliklərin həyata və sağlamlığa yaratdığı təhlükə riskinin səviyyəsindən asılı olaraq həmin ölkələrdən idxal olunan qida və yem məhsullarına münasibətdə fərqli tələblər müəyyənləşdirə bilər.
20.3. Bu Qanunun 24.5-ci maddəsinə əsasən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin maddəyə uyğun olaraq təsdiq edilməlidir.
20.4. Təsdiq sisteminin ekvivalentliyi tanınan ölkənin səlahiyyətli qurumu tərəfindən qida obyektlərinin təsdiq olunmasına dair müvafiq rəsmi məlumatlar olduğu halda onların bu Qanunun 20.3-cü maddəsinə əsasən yenidən təsdiqi tələb edilmir.
20.5. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi və xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20.6. Risk dərəcəsi nəzərə alınmaqla siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsullar onların təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət olunmalıdır.
20.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ayrı-ayrı ölkələr üzrə qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin nümunələrini elektron qaydada gömrük orqanına göndərir.
20.8. Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar idxal etmək istəyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildiriş göndərməlidir. Bildirişin göndərilməməsi idxalatçının inzibati məsuliyyətinə səbəb olur, lakin bu Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan hal istisna olmaqla qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsinə mane olmur.
20.9. Xarici ölkələrdə xüsusi təhlükəli xəstəliklər qeydə alındıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin ölkələrdən qida və yem məhsullarının idxalının dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı qərar qəbul edir. Həmin xarici ölkələrin ərazilərindən qida və yem məhsulunun idxalı ilə bağlı bildiriş daxil olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bildiriş göndərən idxalatçını və ya onun səlahiyyətli nümayəndəsini, habelə gömrük orqanını idxaldan imtina barədə real vaxt rejimində məlumatlandırır.
20.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 20.9-cu maddəsi nəzərə alınmaqla qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsini təmin etmək məqsədilə həmin məhsullar üzrə məlumatları real vaxt rejimində gömrük orqanına göndərir.
20.11. İdxalatçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalından əvvəl bildirişin verilməsi ilə bağlı müddətlər idxal üçün istifadə olunan nəqliyyat vasitələri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20.12. Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.