24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır.
24.1-1. Alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir:
24.1-1.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;
24.1-1.2. barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
24.1-1.3. alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.
24.1-2. Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:
24.1-2.1. alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;
24.1-2.2. alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).
24.1-3. Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.
24.1-4. Bu Qanunun 24.1-1-ci (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla), 24.1-2-ci və 24.1-3-cü maddələrində müəyyən olunmuş şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.
24.2. Qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən qida obyektlərinin və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı üçün tələb olunan məlumatları əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat - axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilir.
24.3. Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
24.4. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən qeydiyyata alınan qida obyektlərinin və qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu dövlət nəzarəti tədbirləri çərçivəsində qiymətləndirilir.
24.5. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida məhsullarının və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir.
24.6. Bu Qanunun 24.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qida obyektləri Reyestrə daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Təsdiq olunan obyekt qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə bağlı həyat və sağlamlıq üçün təhlükə riski yaradan pozuntulara yol verdikdə və bu pozuntuları aradan qaldırmadıqda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin obyektin təsdiqi ləğv olunur.
24.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən çıxarışları elektron qaydada gömrük orqanına təqdim edir.
24.8. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.
24.9. Təsdiqi nəzərdə tutulan qida obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, bu Qanunun 24.16-cı maddəsində nəzərdə tutulan qaydada müəyyən edilmiş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilir. Aparılan qiymətləndirilmə nəticəsində qida obyektlərində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida obyektinin təsdiqindən imtina edilməsi barədə qərar qəbul edir.
24.10. Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.
24.11. Bu Qanunun 24.1-ci və 24.5-ci maddələrində qeyd edilən obyektlərin (subyektlərin) həmin maddələrə əsasən qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi qadağandır.
24.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida obyektlərinin bu Qanunun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Reyestrdən çıxarış verilməsinə görə qida subyektlərindən dövlət rüsumunun tutulması və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
24.13. Qida obyektlərinin təsdiq olunması məqsədilə aparılan qiymətləndirmələr zamanı götürülən məhsul nümunələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.
24.14. Qida subyektlərinin və ya onların obyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin fəaliyyəti dövründə qeydiyyat və təsdiq mərhələsində verilmiş məlumatlarda dəyişiklik olduqda, habelə onların fəaliyyət sahəsi dəyişdikdə və ya öz fəaliyyətini dayandırdıqda, onlar bu haqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırmalıdır.
24.15. Qida təhlükəsizliyi sahəsində sahibkarlıq fəaliyyətinə xitam verdikdə və ya bir ildən artıq bu fəaliyyətini dayandırdıqda qida obyektlərinin və ya qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı və ya qida obyektlərinin təsdiqi ləğv olunur.
24.16. Qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi və Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.