Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. İdxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dövlət nəzarəti

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasına uyğun olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.

31.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara nəzarət tədbirləri aşağıdakılardan ibarətdir:

31.2.1. qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə icazə verilməsi üçün əsas olan və idxal olunmuş məhsul partiyasını müşayiət edən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası ilə müəyyən olunan sənədlərin, sertifikatların və digər hüquqmüəyyənedici sənədlərin mövcudluğunun və düzgünlüyünün yoxlanılması (bundan sonra – sənəd nəzarəti);

31.2.2. idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar partiyasının tərkibinin, etiketinin, daşındığı nəqliyyat vasitəsinin həmin məhsula verilən sertifikatda, sınaq aktında və digər sənədlərdə göstərilən məlumatlarla eyniliyinin və uyğunluğunun yoxlanılması (bundan sonra – eynilik nəzarəti);

31.2.3. idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatları nümunəsinin sınağı, onu daşıyan nəqliyyat vasitəsinin, saxlanma temperaturunun və bu Qanuna uyğun olaraq müəyyən edilmiş digər göstəricilərin yoxlanması (bundan sonra – fiziki nəzarət).

31.3. Sənəd nəzarəti Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş bütün qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, eynilik nəzarəti və fiziki nəzarət isə məhsulun risk səviyyəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada digər məhsullara şamil edilir.

31.4. Fiziki nəzarət çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən götürülən məhsul nümunələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

31.5. Gömrük orqanı tərəfindən idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara “Yaşıl dəhliz” və digər buraxılış sistemlərini tətbiq etmək məqsədilə məhsulların idxalatçılarının risk qruplaşdırılması aparılarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin idxalatçılara dair təqdim etdiyi risk informasiyası da nəzərə alınır.

31.6. Sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində yerləşən qida təhlükəsizliyi nəzarəti məntəqələrində və ya idxalatçıların məhsullarının saxlanc yerlərində həyata keçirilir.

31.7. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) idxal sağlamlıq aktı tərtib edir və məhsul üzərində sərəncam vermək üçün idxalatçıya təqdim edir.

31.8. İdxal sağlamlıq aktının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

31.9. Aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir.

31.10. Bu Qanunun 31.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Bununla bağlı yaranan xərclər idxalatçı tərəfindən ödənilir.

31.11. Bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver