19.1. Qiymətləndiricilər Palatasının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı, icra orqanı isə onun Rəyasət Heyətidir.
19.2. Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
19.2.1. Qiymətləndiricilər Palatasının nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;
19.2.2. qiymətləndirmə üzrə yanaşma və metodların, qiymətləndiricinin etik davranış qaydalarının, Qiymətləndiricilər Palatasının üzvlərinin reyestrinin aparılma qaydasının və qiymətləndirmənin nəticələri haqqında hesabatın nümunəvi formasının təsdiq edilməsi;
19.2.3. Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin, İntizam Komissiyasının sədrinin və digər üzvlərinin seçilməsi, onların səlahiyyətlərinə xitam verilməsi;
19.2.4. Qiymətləndiricilər Palatasının illik hesabatının təsdiq edilməsi;
19.2.5. Qiymətləndiricilər Palatasına üzvlük haqqının məbləğinin və ödənilmə qaydasının müəyyən edilməsi.
19.3. Qiymətləndiricilər Palatasının ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq keçirilir. Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin və ya üzvlərin üçdə birinin təşəbbüsü ilə növbədənkənar iclas keçirilə bilər.