“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.18-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 26 sentyabr 2006-cı il
1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.18-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.
2. Qiymətli daşların ekspertizası və diaqnostikası onların keyfiyyət və kəmiyyət xarakteristikalarının təyin edilməsi məqsədilə aparılır.
3. Qiymətli daşların ekspertizası və diaqnostikası aşağıdakı hallarda aparılır:
hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri olduqda;
qanuna müvafiq olaraq dövlət nəzarəti həyata keçirilən şəxslərdən nümunələr kimi götürülmüş məmulatların yoxlanılması zərurəti yarandıqda;
qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli daşların sertifikatlaşdırılması lazım olduqda.
4. Qiymətli daşların ekspertizası və diaqnostikası (qanunvericiliklə nəzərdə tutulmuş cinayət işləri üzrə keçirilən ekspertizalar istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
5. Ekspertizanın və diaqnostikanın keçirilməsinə dair şəxs tərəfindən təqdim olunmuş müraciətdə Agentlik qarşısında qoyulan suallar öz əksini tapmalı və müraciətlə birlikdə tədqiq edilməli məmulatlar da təqdim olunmalıdır.
6. Qiymətli daşların ekspertizası və diaqnostikası zamanı aşağıdakı kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilir:
- qiymətli daşların növü;
- rəngi və şəffaflığı.
7. Ekspertiza və diaqnostika, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir. Ekspertizanın və diaqnostikanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Agentlik tərəfindən ekspertiza və diaqnostika aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin edilir.
8. Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə ekspertizanın və diaqnostikanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.
9. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzaları Agentliyin möhürü ilə təsdiq olunur.
Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Agentlikdə saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallarla birlikdə müraciət edən şəxsə verilir.
Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən verilmiş suallara əsaslandırılmış cavablar göstərilməlidir.
Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.
9-1. Qanuna müvafiq olaraq dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli daşların ekspertizasının və diaqnostikasının nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Sahibkar ekspertizanın və diaqnostikanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni ekspertizanın və diaqnostikanın keçirilməsini tələb edə bilər.
10. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin ekspertizanın və diaqnostikanın nəticəsi ilə yeni ekspertizanın və diaqnostikanın nəticəsi arasında ziddiyyət olduqda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.
1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)
2. 16 iyul 2014-cü il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 937)
3. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
4. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)