69.1. Mərkəzi Bank lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.
69.2. Sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 68.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif on iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.
69.3. Mərkəzi Bank təqdim olunan sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları Mərkəzi Bankın sorğu etdiyi məlumatı on beş iş günü müddətində verməlidirlər.
69.4. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə bu Qanunun 69.1-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
69.5. Mərkəzi Bank lisenziya vermək aşağıdakı hallarda imtina edir:
69.5.1. bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 68.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 69.2-ci maddəsinə uyğun olaraq təklif olunan qaydada tam həcmdə təqdim edilmədikdə və ya dəqiqləşdirilmədikdə;
69.5.2. bu Qanunun 63-cü maddəsinin tələbləri təmin olunmadıqda və (və ya) investisiya şirkətinin bu Qanunun 30.3.1-ci, 30.3.4-cü, 30.3.5-ci və ya 30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının), habelə 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üçün ixtisas şəhadətnaməsinə malik azı bir işçisi, bu Qanunun 30.3.2-ci, 30.3.3-cü və ya 30.3.6-cı maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün müvafiq ixtisas şəhadətnaməsinə malik ən azı iki işçisi olmadıqda;
69.5.3. bu Qanunun 67.4-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;
69.5.4. dövlət qeydiyyatının təsisçilərdən asılı olmayan səbəblərə görə yubadılması halları istisna olmaqla, lisenziya verilməsi üçün bu Qanunun 67.7-ci maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun müraciət edilmədikdə.