Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 76

Maddə 76. Əhəmiyyətli payın əldə edilməsinə və özgəninkiləşdirilməsinə dair məlumatın açıqlanması

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

76.1. Səhmləri tənzimlənən bazara ticarətə buraxılmış emitentin səsvermə hüququ verən səhmlərinin mülkiyyətçisi olan şəxs malik olduğu səhmlərin sayı emitentin səhmlərinin ümumi sayının 5, 10, 25, 50 və ya 75 faiz hədlərinə çatdıqda və ya həmin hədləri keçdikdə, bu barədə bildiriş təqdim etməklə, dörd ticarət günündən gec olmayaraq emitenti məlumatlandırmalıdır. Emitent həmin bildirişi aldıqdan sonra üç ticarət günündən gec olmayaraq bu barədə məlumatı ictimaiyyətə açıqlamalıdır.

76.2. Bu Qanunun 76.1-ci maddəsi ilə müəyyən olunan tələblərdən əlavə olaraq, bildirişin verilməsi həmçinin aşağıdakılara şamil edilir:

76.2.1. səhmlərdən müqavilə və ya digər hüquq əsasında istifadə edən fiziki və ya hüquqi şəxslərə;

76.2.2. nominal saxlayıcıya.

76.3. Bu Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tələblər bu Qanunun 76.2-ci maddəsində müəyyən edilən bütün şəxslərə şamil olunur. Müqavilə və ya razılaşma üzrə həmin şəxslərdən biri tərəfindən bu Qanunun 76.1-ci maddəsində nəzərdə tutulmuş bildirişin verilməsi digər şəxsləri bildirişin təqdim edilməsindən azad edir.

76.4. Bu Qanunun 76-cı maddəsi aşağıdakılara şamil olunmur:

76.4.1. pul siyasətinin və maliyyə sabitliyinin həyata keçirilməsi ilə əlaqədar səhmləri əldə etdikdə – Mərkəzi Banka;

76.4.2. mülkiyyət hüquqlarının keçməsi ilə nəticələnməyən klirinq zamanı qısa hesablaşma dövründə alınmış səhmlərə;

76.4.3. öz vəzifələrini həyata keçirdikdə emitentin səhmlərinin 5 və ya 10 faizini əldə edən və ya özgəninkiləşdirən (emitentin idarə edilməsində iştirak etmədikdə) marketmeykerlərə.

76.5. Bu Qanunun 76.1-ci maddəsində göstərilən bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:

76.5.1. fiziki şəxs olduqda – adı, atasının adı, soyadı, hüquqi şəxs olduqda – tam adı və olduğu yer;

76.5.2. səhmlərin əldə olunma tarixi;

76.5.3. əldə olunan səhmlərin sayı və səhmdar cəmiyyətinin nizamnamə kapitalında olan ümumi faizi.

76.6. Bu Qanunun 76-cı maddəsi ilə nəzərdə tutulmuş emitentlər əhəmiyyətli paya sahib olan səhmdarların siyahısını aparmalıdır. Həmin siyahı ictimaiyyət üçün açıq olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver