Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 83

Maddə 83. Qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin vəzifələri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin əsas vəzifələri aşağıdakılardır:

83.1.1. qiymətli kağızlar bazarında investorların hüquqlarını müdafiə etmək;

83.1.2. qiymətli kağızlar bazarının şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

83.1.3. qiymətli kağızlar bazarını təbliğ etmək;

83.1.4. qiymətli kağızlar bazarında lisenziyalaşdırılmanı həyata keçirmək və lisenziyalaşdırılan şəxslərin fəaliyyətinə nəzarət etmək;

83.1.5. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul etmək və onlara riayət olunmasına nəzarət etmək;

83.1.5-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək;

83.1.6. qiymətli kağızlar bazarında ticarətin tənzimlənməsini həyata keçirmək;

83.1.7. qiymətli kağızlar bazarında manipulyasiyalara yol verilməməsi və qiymətli kağızlar bazarında insayd məlumatdan istifadə etməklə həyata keçirilən əməliyyatların qarşısının alınması üçün tədbirlər görmək;

83.1.8. investorların hüquqlarının müdafiəsi və qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə ticarəti dayandırmaq, aktivlərin dondurulması və (və ya) üzərinə həbs qoyulması üzrə tələb irəli sürmək;

83.1.9. bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əməl edilməsinə nəzarət etmək, onların pozulması halları aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər vermək;

83.1.10. qiymətli kağızlar bazarına dair qanunvericiliyin tələblərini pozan şəxsləri məsuliyyətə cəlb etmək;

83.1.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzarət etmək;

83.1.11. hər hansı şəxsin bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görmək.

83.2. bu Qanunun 11-ci fəsli investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.

83.3. Qiymətli kağızlar bazarında nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, habelə lisenziyalaşdırılan şəxslərin auditini aparan və ya aparmış auditorlar həmin şəxslərin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.

83.4. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver