9.1. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması Mərkəzi Bankın qərarı ilə investisiya qiymətli kağızlarının reklamı, yerləşdirilməsi və ya onlara abunə yazılışı üzrə tədbirlərin dayandırılmasıdır.
9.2. İnvestisiya qiymətli kağızlarının emissiyası dövlət qeydiyyatına alındıqdan sonra emissiya şərtlərinin, habelə bu Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı aşkar edildikdə, Mərkəzi Bank emitentin adı, investisiya qiymətli kağızlarının qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə, aşağıdakı qərarlardan birini qəbul etməlidir:
9.2.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;
9.2.2. yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların aradan qaldırılması barədə.
9.3. Bu Qanunun 9.2-ci maddəsində göstərilən qərarın qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində Mərkəzi Bank həmin qərarı emitentə, investisiya qiymətli kağızlarının təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə verməli və mediada açıqlamalıdır.
9.4. Emitent, onun investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini həyata keçirən şəxslər bu Qanunun 9.2-ci maddəsində göstərilən qərarı aldıqdan sonra dərhal mediada, qiymətli kağızları kütləvi təklif edilmiş emitent, onun investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini həyata keçirən şəxslər isə bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə bu barədə məlumat verməli, Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldırmalı və bu barədə Mərkəzi Banka hesabat verməlidirlər.
9.5. Bu Qanunun 9.2.1-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank yol verilmiş pozuntuların aradan qaldırılmadığını bu Qanunun 9.4-cü maddəsində göstərilən hesabatdan müəyyən etdikdə və ya həmin hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən beş iş günü ərzində əsasları göstərilməklə, bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulan qərarı qəbul etməlidir.
9.6. Bu Qanunun 9.2.2-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda Mərkəzi Bank bu Qanunun 9.4-cü maddəsində göstərilən hesabatı aldığı və ya almalı olduğu tarixdən beş iş günü ərzində əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:
9.6.1. yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə - emissiyanın davam etdirilməsi barədə;
9.6.2. yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə - emissiyanın baş tutmamış hesab edilməsi barədə.
9.7. Bu Qanunun 9.6.1-ci maddəsində göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu barədə məlumatı bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş şəxslərə həmin maddə ilə müəyyən edilmiş qaydada göndərir və açıqlayır. Bu zaman investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.