1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenum);
1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;
1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;
1.1.4. qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələri;
1.1.5. bank metalları - beynəlxalq standartlara uyğun yüksək əyar göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr;
1.1.6. qiymətli daşların çeşidlənməsi və ilkin təsnifləşdirilməsi - təsdiq olunmuş kolleksiya nümunələri və təsnifatlar əsasında hasil olunmuş mineral xammaldan qiymətli daşların ayrılması, habelə onların dünya bazarında qəbul olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə prosesinin mərhələsi;
1.1.7. qiymətli metalların affinajı - hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi;
1.1.8. qiymətli daşların rekuperasiyası - qiymətli daşların müəyyən səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan tullantılardan təkrar əldə edilməsi, onların müvafiq texniki şərtlərə və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi);
1.1.9.(Çıxarılıb)
1.1.10. əyar - məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı;
1.1.11. emal edilməmiş almazlar – işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar.
* (Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə 1.1.10-cu maddəyə edilmiş dəyişiklik və əlavə edilmiş 1.1.11-ci maddə Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)
1.2. Bu qanunun 1.1.1-ci və 1.1.2-ci maddələrində göstərilən qiymətli metalların və qiymətli daşların siyahısı yalnız Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilə bilər.
1.3. Bu qanunun 1.1.9-cu maddəsinə müvafiq olaraq tərtib edilən reyestrə daxil edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslər və fərdi sahibkarlar onların reyestrə daxil edilməsi ilə əlaqədar heç bır ödəniş ödəmirlər.