«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları» və «Əyar damğalarının növləri və quruluşu» təsdiq edilsin (əlavə olunur).
2. «Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış məmulatların əyarlanma və damğalanma Qaydalarının və Əyar damğalarının növləri və quruluşunun təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 30 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №2, maddə 109; 2004-cü il, №3, maddə 193) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 iyul 2008-ci il
1. Bu Qaydalar «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununa və «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
3. Qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanmalıdır.
4. Metr ölçü sistemi tətbiq olunana qədər karat və misqal ölçü sistemləri ilə damğalanmış qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının yenidən damğalanması zərurəti yaranarsa, onların damğalanması bu Qaydalara uyğun aparılacaqdır.
5. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.
6. Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün onların istehsalçıları tərəfindən, xaricdən satış üçün ölkə ərazisinə gətirilən məmulatlar isə onları gətirən sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən təqdim olunmalıdır. Bu məqsədlə həmin şəxslər Agentliyə ərizə ilə müraciət etməlidirlər.
7. Agentlik müraciətə bir ay ərzində baxır.
8. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş və ya satış məqsədi ilə ölkə ərazisinə gətirilmiş qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün təqdim edilərkən, belə məmulatların əyarı ərizədə göstərilən əyardan aşağı olduqda, həmin məmulatlar (xarici ölkədən gətirilmiş məmulatın üzərində olan əyar damğası və yaxud həkk olunmuş rəqəmlər silinməklə) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilmiş əyara uyğun əyarla damğalanır.
Vətəndaşlar tərəfindən belə məmulatlar təqdim edildikdə, həmin məmulatların üzərindəki damğa izləri təmizlənməklə, qanunla müəyyən edilmiş əyara uyğun əyar damğası ilə damğalanır.
9. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarı qanunla müəyyən edilmiş minimal əyardan aşağı olarsa, həmin məmulatlar qiymətli metallardan olan məmulatlar sayılmır və damğalanmır.
10. Əsas hissəsi qızıl tərkibli sarı ərintilərdən hazırlanmış məmulatların üzərində daşların bərkidilməsi üçün qızıl tərkibli ağ ərintilərdən istifadə edildikdə, qızıl tərkibli ağ ərintinin əyar damğası əsas hissəyə vurulmuş əyar damğasının yanında əlavə olaraq vurulmalıdır.
11. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının səthinə başqa qiymətli metal çəkilə bilər, lakin bu zaman məmulatlar əsas metalın əyarına uyğun damğalanmalıdır.
12. Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının istehsalında istifadə olunan lehimlər həmin metallardan hazırlanmalıdır. Qızıl, platin və palladiumdan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının istehsalında istifadə olunan lehimlərin əyarı həmin məmulatların əyarına uyğun olmalıdır.
13. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş qiymətli metallardan hazırlanmış məhsullar, o cümlədən zərgərlik və digər məişət məmulatları əyarlanmaq və damğalanmaq üçün daşlar bərkidilmədən təqdim edilməlidir.
14. Aşağıda adları çəkilən əşyalar dövlət əyar damğası ilə damğalanmadan azad edilirlər:
statusu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və tərkibində qiymətli metal olan dövlət mükafatları;
emissiya olunmuş yubiley sikkələri;
tarixi və arxeoloji əhəmiyyətə malik qiymətli metallardan olan məmulatlar;
qiymətli metallardan hazırlanmış Azərbaycan Respublikasının və başqa dövlətlərin sikkələri;
silahların, vazların, boşqabların, mücrülərin, dini ibadət və ona oxşar əşyaların üzərində işlənmiş qiymətli metallardan naxışlar;
qiymətli metallardan olan külçələr;
elm, istehsalat, təbabət və başqa xüsusi məqsədlər üçün qiymətli metallardan hazırlanmış cihazlar, laboratoriya qabları və digər məmulatlar.
1. «A» literli əyar damğası
— təsdiqləmə nişanıdır və ay-ulduz rəmzi olan dairədən ibarətdir.
Həmin əyar damğası diş protezləri üçün istifadə edilən qiymətli metallardan hazırlanmış lövhəciklərin, habelə «Ə» və «E» damğaları ilə birlikdə qızıl, gümüş, platin və palladiumdan hazırlanmış məmulatların əyarını təsdiq etmək üçün istifadə edilir.
2. «V» literli əyar damğaları
— kürək şəklindədir. Təsdiqləmə nişanından və qızıl üçün müəyyən edilmiş 375, 500, 583, 585, 750, 958, 999 və platin üçün 900, 950 əyarlarının birindən ibarətdir. Onlar qızıldan və platindən hazırlanmış məmulatların əyarını təsdiq etmək üçün istifadə edilir.
— qarşı üfüqi tərəfləri qabarıq olan dördbucaqlıdır. Təsdiqləmə nişanından və gümüş üçün müəyyən olunmuş 800, 830, 875, 925, 960, və 999 əyarlarının birindən ibarətdir. Gümüşdən hazırlanmış məmulatların əyarını təsdiq etmək üçün istifadə edilir.
— kəsik oval şəklindədir. Təsdiqləmə nişanından və palladiumdan hazırlanmış məmulatlar üçün müəyyən edilmiş 500, 850 əyarlarının birindən ibarətdir. Palladiumdan hazırlanmış məmulatların əyarını təsdiq etmək üçün istifadə edilir.
3. «Y» literli əyar damğaları
— dairə şəklindədir. Qızıldan, gümüşdən, platindən, palladiumdan olan məmulatları və saatları, onlardan sapla asılmış plombları damğalamaq üçün istifadə edilir. İki ayrı-ayrı hissədən ibarətdir. Bir hissəsində təsdiqləmə nişanı, o biri hissəsində isə qiymətli metallar üçün müəyyən olunmuş əyarları göstərən rəqəmlər həkk edilmişdir.
Qızıl üçün — 375, 500, 583, 585, 750, 958, 999;
Gümüş üçün — 800, 830, 875, 925, 960, 999;
Platin üçün — 900, 950;
Palladium üçün — 500, 850.
4. «Ə» literli əyar damğası
— bucaqları girdələnmiş dördbucaqlı şəklindədir. Üzərinə qızıl, gümüş, platin və palladium üçün müəyyən olunmuş əyarları göstərən rəqəmlər həkk edilmişdir.
Qızıl üçün — 375, 500, 583, 585, 750, 958, 999;
Gümüş üçün — 800, 830, 875, 925, 960, 999;
Platin üçün - 900, 950;
Palladium üçün — 500, 850.
Onlar sökülə və asanlıqla ayrıla bilən, ikinci dərəcəli və əlavə hissələrin əyarını təsdiq etmək üçün istifadə edilir.
5. «E» literli əyar damğası
— bucaqları girdələnmiş dördbucaqlı şəklindədir. Üzərində «ƏUG» (əyara uyğun gəlmir) hərfləri həkk olunub. Qızıl, gümüş, platin və palladiumdan hazırlanmış məmulatların əyarı istehsalçının müəyyən etdiyi əyara uyğun olmadıqda, belə məmulatlar «E» literli damğa ilə damğalanır.
6. «Z» literli əyar damğaları
— ayrı-ayrı Q, G, Pt, Pd hərfləridir. Q — qızıl, G — gümüş, Pt — platin, Pd — palladium metallarının adlarının baş hərfləridir.
1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)
2. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)