“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.25-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məhsullarına öz ad damğalarının vurulması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 2 avqust 2007-ci il
1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.25-ci bəndinə əsasən hazırlanmışdır və qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məhsullarına öz ad damğalarının vurulması qaydalarını müəyyən edir.
2. Ad damğalarının formaları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən müəyyənləşdirilir.
3. İstehsalçının ad damğası onu digər istehsalçıların ad damğalarından fərqləndirən hərflərin kombinasiyasından, yaxud digər simvollardan ibarətdir.
4. Ad damğasında hüquqi şəxs olan istehsalçının adının hər hansı iki hərfi, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehsalçının isə adının və soyadının baş hərfləri həkk edilməlidir. Ad damğasının eni 1 mm-dən, uzunu isə 3 mm-dən artıq olmamalıdır.
5. Ad damğasının cilalanmış metal lövhəcik üzərində əksi istehsalçının ərizəsi ilə birlikdə qeydiyyata alınması və saxlanılması üçün əyar nəzarətini həyata keçirən orqana təqdim edilir.
6. Ad damğasında məmulatın hazırlandığı və qeydiyyata götürüldüyü ilin sonuncu rəqəmi göstərilir.
7. Məmulatlara ad damğası əyar damğasının sol tərəfində vurulur.
8. Vaxtı keçmiş ad damğaları istehsalçılar tərəfindən akt tərtib edilməklə, ləğv edilir və bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verilir.
9. Ad damğaları möhür və ştampların hazırlanmasına lisenziya almış nəşriyyatlarda hazırlanır.
1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)
2. 28 oktyabr 2016-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1743)
3. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)