Qanunvericilik › “Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər”in və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2006) › Tam mətn

“Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər”in və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2006)

“Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər”in və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər” və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 20 iyun 2006-cı il

1. Bu Tələblər “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə (bundan sonra - hüquqi şəxslər) dair tələbləri müəyyən edir.

2. Bu Tələblərin icrası mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslər üçün məcburidir.

3. Hüquqi şəxslər hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsini, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartları, texniki şərtləri və beynəlxalq standartlar səviyyəsinə çatdırılmasını təmin etməlidirlər.

4. Hüquqi şəxslər affinaj edilmə üçün təqdim olunan materialların (sərbəst şlix qızıl, konsentrat, amalqama edilmiş “çirkli” qızıl, liqatur qızıl külçələri, aşağı əyarlı liqatur qarışıqlar, müxtəlif əyarlı məişət qırıntıları və s.) sənədlərdə göstərilən çəkiyə uyğun gəldiyini yoxladıqdan sonra qəbul etməlidirlər.

5. Affinaj edilmə üçün təqdim olunan materialın təhvil alınması müvafiq sənədləşmə aparılmaqla həyata keçirilməlidir.

6. Hüquqi şəxslər kimyəvi tərkibinə görə birinciliyin əldə olunması, sifarişçi ilə sonrakı hesablaşmalar aparmaq üçün zəruri olan sınaqlaşdırmanın həyata keçirilməsi, yararsız qarışıqların kənar edilməsi və materialın emalı üçün xəlitənin lazımi formaya salınması məqsədilə affinaj edilmə üçün qəbul edilən materialın “qəbul əridilməsi”ni təmin etməlidirlər.

7. Hüquqi şəxslər aparılmış sınaqlaşdırmaların nəticələri və əldə olunacaq qiymətli metalların miqdarı barədə sifarişçiyə yazılı məlumat verməlidirlər.

8. Hüquqi şəxslər affinaj işini mineral və (və ya) qiymətli metal tullantıları xammalının sahibi ilə müqavilə əsasında aparmalıdırlar.

9. Hüquqi şəxslər texnoloji normativlərə uyğun olaraq xammallardan qiymətli metalların tam həcmdə çıxarılmasını təmin etməlidirlər.

10. Hüquqi şəxslər mövcud texnologiya üzrə tərkibindəki qiymətli metalların çıxarılması mümkün olmayan kondisiyalı tullantıların uçotunu onların tərkibindəki qiymətli metalların miqdarını göstərməklə aparmalıdırlar.

11. Hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə onlar tərəfindən müəyyən edilmiş müddətlərdə affinaj nəticəsində əldə olunmuş qiymətli metalların miqdarı (o cümlədən pul ifadəsində) və bağlanmış müqavilələr üzrə qarşılıqlı hesablaşma vəziyyəti, qiymətli metalların metallurji balansı, bağlanmış müqavilələrin sayı və hazır məhsulun planlaşdırılan tədarük həcmi haqqında məlumat verməlidirlər.

1.1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət qaydasını müəyyən edir.

1.2. Bu Qaydaların icrası mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, affinaj işi aparan hüquqi şəxslər (bundan sonra - affinaj təşkilatları) üçün məcburidir.

1.3. Affinaj təşkilatları hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartları, texniki şərtləri və beynəlxalq standartlar səviyyəsinə çatdırılması prosesi üzrə xidmət göstərirlər.

2.1. Affinaj təşkilatı mineral və (və ya) qiymətli metal tullantıları xammalının (bundan sonra - xammal) sahibi ilə aşağıdakıların mütləq qaydada olması şərtilə müqavilə bağlayır:

xammal sahibinin təsis sənədləri;

affinaj edilməli xammalın həcmi və göndərilmə qrafiki (cədvəli);

affinaj edilməli xammalda zərərli qarışıqların yol verilən konsentrasiyası;

affinajın yerinə yetirilmə müddəti (istehsal texnologiyası, istehsalın gücü nəzərə alınmaqla), hazır məhsulun Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə və beynəlxalq standartlara uyğun nomenklaturu və verilmə (təhvil verilmə) müddəti;

qiymətli metalların affinaj nəticəsində əldə edilmiş geriyəqayıdan və kondisiyalı tullantılarının normativləri (norma üzrə miqdarı);

affinaj təşkilatlarının xidmət haqqının ödənilməsi qaydası;

affinaj edilmiş qiymətli metalları qəbul edənin rekvizitləri;

xammalın sahibinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına qiymətli metalların göndərilməsi üzrə öhdəlikləri haqqında məlumat;

müqavilənin şərtlərinin pozulması hallarında tərəflərin məsuliyyət dərəcəsi;

fikir ayrılıqlarının tənzimlənməsi qaydası.

2.2. Affinaj təşkilatları texnoloji normativlərə uyğun olaraq, xammallardan qiymətli metalların maksimum tam həcmdə çıxarılmasını təmin etməlidirlər.

Müəyyən olunmuş normativlərə və hazır məhsulun keyfiyyətinə aid standartlara əməl olunmadığı hallarda qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan cəza tədbirləri tətbiq edilə bilər.

2.3. Affinaj təşkilatlarında mövcud olan texnologiya üzrə tərkibindəki qiymətli metalların çıxarılması mümkün olmayan kondisiyalı tullantıların xüsusi uçotu onların tərkibində olan qiymətli metalların miqdarı göstərilməklə aparılmalıdır.

2.4. Qiymətli metalların geri qaytarılan emal olunmuş tullantılarının satışından əldə edilmiş mədaxil affinaj təşkilatı və xammalın sahibi arasında bağlanmış müqavilə ilə müəyyən olunmuş qaydada bölünməlidir.

2.5. Affinaj təşkilatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə aşağıdakıları təqdim etməlidirlər:

affinaj nəticəsində əldə olunmuş qiymətli metalların miqdarı (o cümlədən pul ifadəsində) və bağlanmış müqavilələr üzrə qarşılıqlı hesablaşma vəziyyəti haqqında məlumat (müəyyən olunmuş qaydada) - hər ay;

qiymətli metalların metallurji balansı - hər il;

xammal sahibləri ilə bağlanmış müqavilələrin sayı və hazır məhsulun planlaşdırılan tədarük həcmi haqqında məlumat - cari ilin 1 yanvar - 1 iyul tarixinə olan vəziyyətinə görə.

1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

3. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver