Qanunvericilik › “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006) › Tam mətn

“Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006)

“Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizi və ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 may 2006-cı il

1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının (bundan sonra - məmulat) analizinin və ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Məmulatların analizi və ekspertizası aşağıdakı hallarda aparılır:

hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri olduqda;

qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən şəxslərdən nümunə üçün götürülmüş məmulatların yoxlanılması lazım olduqda;

məmulatın damğalanması zamanı.

3. Məmulatların analizi və ekspertizası Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

4. Analizin və ekspertizanın keçirilməsinə dair şəxs tərəfindən təqdim olunmuş müraciətdə Agentlik qarşısında qoyulan suallar öz əksini tapmalı və bu tədqiqatların aparılması üçün təqdim edilən məmulatlar əlavə olunmalıdır.

5. Analiz və ekspertiza, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir.

Analizin və ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Agentlik tərəfindən analizin və ekspertizanın aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin olunur.

6. Analizin və ekspertizanın aparılması üçün təqdim olunan məmulatın əyarlanma prosesində tərkibindəki qiymətli metalların miqdarını yüksək dəqiqliklə müəyyən etmək mümkün olmadıqda, spektral və kimyəvi analiz üsullarından istifadə olunur.

Spektral və kimyəvi analiz üsulları Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına və texniki şərtlərə uyğun aparılır.

7. Ekspertizanı həll etmək üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə analizin və ekspertizanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzaları Agentliyin möhürü ilə təsdiq olunur.

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Agentlikdə saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallar (onların qalıqları) da qaytarılmaq şərtilə müraciət edən şəxsə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.

8-1. Qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Sahibkar analizin və ekspertizanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni analizin və ekspertizanın keçirilməsini tələb edə bilər.

9. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin analizin və ekspertizanın nəticəsi ilə yeni analizin və ekspertizanın nəticəsi arasında ziddiyyət olduqda, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

2. 16 iyul 2014-cü il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 936)

3. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)

4. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver