Qanunvericilik › “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.03.2018) › Tam mətn

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.03.2018)

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.03.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 19 mart 2018-ci il

1.1. Bu Qaydalar “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların (bundan sonra – proqram iştirakçıları) təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramında (bundan sonra - proqram) iştirak edəcək ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçimi meyarlarını və bunlar əsasında qrant alacaq proqram iştirakçılarının siyahısını hər il aprelin 1-dək növbəti tədris ili üçün müəyyən edir.

1.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən seçimi həyata keçirilmiş və yekun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə təsdiq olunmuş siyahı üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edir və təhsil qrantı ilə əhatə olunan xərclərin müvafiq ali təhsil müəssisələri tərəfindən onlara ödənilməsini təmin edir.

2.1. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş məbləğdə həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir.

2.2. Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri də aiddir.

2.3. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçılarının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda ölkələrinə gediş) Azərbaycan Respublikasına gəliş-gedişi üçün beynəlxalq reyslər üzrə hava nəqliyyatına sərnişin biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir.

2.4. Aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər Azərbaycan Respublikasında ali təhsil pilləsinin təhsil səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndi ilə müəyyənləşdirilmiş normativ müddətə uyğun olaraq, bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən hallar istisna olmaqla, hər tədris ili ən çoxu 10 (on) ay olmaqla ödənilir.

2.5. Tibbi yardım xərclərinə bu Qaydaların əlavəsi ilə müəyyənləşdirilmiş məbləğə uyğun Azərbaycan Respublikasında təhsil aldığı müddətdə proqram iştirakçısına göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir.

2.6. Viza və qeydiyyat xərclərinə proqram iştirakçılarının Azərbaycan Respublikasında vizanın alınması ilə bağlı xərcləri və proqram iştirakçılarının Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması xərcləri aiddir.

3.1. Hər bir proqram iştirakçısı proqram çərçivəsində nəzərdə tutulan xərclər və onların ödənilməsi proseduru barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ali təhsil müəssisələri tərəfindən məlumatlandırılır. Ali təhsil müəssisəsi ilə proqram iştirakçısı arasında bu Qaydaların tələblərinə müvafiq qaydada xərclərin ödənilməsi şərtlərini, eləcə də tərəflərin digər məsuliyyət və öhdəliklərini özündə əks etdirən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formaya uyğun müqavilə imzalanır. Proqram iştirakçılarının xərclərinin maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil müəssisələrinin sifarişləri əsasında vəsaitin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisələrinə köçürülməsi yolu ilə həyata keçirilir.

3.2. Proqram iştirakçılarının xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

3.2.1. hər il üçün təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi ali təhsil müəssisəsinin təqdim etdiyi sifarişlər əsasında ildə 2 (iki) dəfə olmaqla, hər bir semestrin əvvəlində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin hesabına köçürmə yolu ilə həyata keçirilir;

3.2.2. proqram iştirakçılarının beynəlxalq nəqliyyat, viza və qeydiyyat xərcləri təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında hesablanmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilən sifarişə uyğun olaraq ayrılan vəsait hesabına ali təhsil müəssisəsi tərəfindən ödənilir. Beynəlxalq nəqliyyat, viza və qeydiyyat xərcləri proqram iştirakçısı tərəfindən ödənildiyi halda, həmin vəsaiti müvafiq təsdiqedici sənədlər əsasında ali təhsil müəssisəsi proqram iştirakçısının yerli bankdakı milli valyuta hesabına ödəyir. Əgər beynəlxalq nəqliyyat və viza xərci ödəniş edilməli tarixdən öncə proqram iştirakçısı tərəfindən xarici valyuta ilə ödənilmişdirsə, bu halda beynəlxalq nəqliyyat və viza xərcləri ona ödənişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında manatla ödənilir;

3.2.3. bu Qaydaların 2.4-cü bəndində qeyd olunan proqram iştirakçısının aylıq təqaüdləri ali təhsil müəssisəsi tərəfindən hər ay onun yerli bankdakı milli valyuta hesabına köçürülür. Proqram iştirakçıları tədris ilinin sonunda fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində öz ölkələrinə gedə bilmədikdə və onların hər hansı maliyyə mənbəyi olmadıqda, bu zaman sözügedən fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri aradan qalxana və proqram iştirakçıları öz ölkələrinə gedənə qədər müvafiq ali təhsil müəssisəsinin vəsatəti əsasında onlara tam aylıq təqaüd ödənilir;

3.2.4. proqram iştirakçısı üçün Azərbaycan Respublikasında təhsil aldığı müddətdə nəzərdə tutulan tibbi yardım haqqının ödənilməsi müvafiq ali təhsil müəssisəsinin sifarişi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən ayrılan vəsait hesabına həmin ali təhsil müəssisəsi tərəfindən təşkil edilir. Proqram iştirakçılarının tibbi yardımla bağlı xərcləri Azərbaycan Respublikasında təhsil aldıqları müddətdə proqram iştirakçılarını müqavilə əsasında müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin edən sığortaçı tərəfindən təqdim olunan, eləcə də digər təsdiqedici sənədlər əsasında ödənilir.

3.3. Müvafiq ali təhsil müəssisəsi hər semestrin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həmin semestrdə fənlər üzrə proqram iştirakçılarının aldıqları yekun qiymətlərin hesabatlarını təqdim etməlidir. Proqram iştirakçılarının təqdim edilən hesabatda əks olunan fənlər üzrə göstəriciləri 51 baldan aşağı olduğu təqdirdə, bu akademik müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan qaldırılana qədər növbəti semestrlər üçün proqram iştirakçılarının xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Bu zaman bütün xərclər proqram iştirakçısı, yaxud hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir.

3.4. Proqram iştirakçılarının bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.10-cu bəndinə uyğun olaraq tənzimlənir. Proqram iştirakçısı ali təhsil müəssisəsindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir.

3.5. Proqram iştirakçılarının təhsil müddətinin üzrlü (xəstəlik, ailə vəziyyəti və s.) və ya onlardan asılı olmayan səbəblərə görə uzadılması halında, onların və ya ali təhsil müəssisəsinin müraciəti əsasında yalnız 1 (bir) əlavə semestr üzrə xərclərin ödənişi həyata keçirilə bilər.

Qeyd. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğlərə uyğun, beynəlxalq nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

1. 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433)

2. 30 avqust 2019-cu il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1482)

3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

4. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver