Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Əsas anlayışlar

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat;

2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin, rəqəmsal platforma təsirçisinin və reklam yayıcısının hərəkətlərinin məcmusu;

2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər;

2.0.4. reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, rəqəmsal platforma təsirçisi, reklam yayıcısı və reklam istehlakçısı;

2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs;

2.0.6. reklam yaradıcısı – reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxs;

2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs;

2.0.8. reklam agenti – reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxs;

2.0.9. reklam yayıcısı – reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs;

2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs;

2.0.11. reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, media məhsulları, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər;

2.0.12. reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri;

2.0.13. rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver