20.1. Televiziya və radio proqramlarında yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.
20.2. Televiziya və radio proqramı reklam yayımlanması məqsədi ilə onun başlanması barədə xəbərdarlıqdan sonra kəsilə bilər (sponsor reklamı istisna edilməklə). Reklamın, o cümlədən onun başlanması barədə xəbərdarlığın səsinin yüksəklik həddi yayımlanan proqramın səs yüksəkliyi həddindən artıq olmamalıdır. Səs yüksəkliyinin həddi texniki qaydalara uyğun olaraq müəyyən edilir.
20.3. Bir proqramın yayımı zamanı reklam bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla göstərilə bilər. Reklam ayrı-ayrı proqramların arasına blok şəklində salınmalıdır.
20.4. Müstəqil hissələrdən ibarət televiziya və radio proqramlarında, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında ya da fasilələrdə verilə bilər. Ayrıca proqramlarda bir reklam blokunun sonu ilə növbəti reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.
20.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.
20.6. Xəbər proqramları, dini və uşaqlar üçün proqramlar, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi proqramlar, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqramlar 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 20.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 20.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
20.7. Reklamın ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.
20.8. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramlarında reklam yayımlanması qadağandır.
20.9. Aşağıdakılar reklam sayılmır:
20.9.1. reklam yayıcısının öz məhsullarını anons etməsi;
20.9.2. kommunal xidməti təşkilatlarının və xeyriyyəçilərin yayımladığı elanlar.
20.10. Azərbaycan Respublikası Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin çıxışları reklam materiallarının verilməsi məqsədi ilə kəsilə bilməz, habelə reklam materialları qaçan sətirlər vasitəsilə yayımlana bilməz.