25.1. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.
25.2. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır.
25.3. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşməsinə razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan reklama dair texniki şərtlər pasportu əsasında verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyatda reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25.4. Aşağıdakı nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qadağandır:
25.4.1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitəsində;
25.4.2. təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitəsində.
25.5. Şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur.
25.6. Nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır.
25.7. Nəqliyyat vasitəsindən istifadə olunmaqla səsli reklamın yayımlanması qadağandır.