“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Reklam qurğularına Texniki Tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 dekabr 2016-cı il
1.1. Bu Texniki Tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Texniki Tələblər reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğularına qoyulan tələbləri müəyyən edir.
1.2-1. Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər bu Texniki Tələblərin 3-1-ci hissəsi ilə müəyyən edilir.
1.3. Nəqliyyat vasitələrində yerləşdirilən reklam qurğuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın tələblərinə uyğun olmalıdır.
1.4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
2.1. Reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar.
2.2. Reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
2.2-1. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.
2.3. Açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında və avtomobil yollarında quraşdırılmış müşahidə kameralarının görüntülərinə məhdudiyyət yarada biləcək yerlərdə reklamın yerləşdirilməsinə yol verilmir.
2.4. Açıq məkanda reklam qurğuları yerləşdirilərkən, avtomobil yollarına və küçələrə xidmətin rahatlığı, həmçinin yol nişanları və göstəriciləri (o cümlədən, təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələrinin tətbiqi imkanları nəzərə alınmalıdır.
2.5. Yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə insanların hərəkətinə maneə və təhlükə yaratmamaq şərtilə yol verilir.
2.6. Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsinə yol verilmir.
2.7. Səsli reklam qurğuları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın tələblərinə uyğun olmalıdır.
2.8. Bütün növ reklam qurğularında reklam məlumatları və təsvirləri istehlakçılara aşağıdakı vasitələrlə çatdırıla bilər:
2.8.1. hərəkətsiz poliqrafik posterlər vasitəsilə (kağız, vinil və s.);
2.8.2. təsvirin dinamik dəyişdiyi sistemlərdə posterlərin yayımlanması vasitəsilə (roller sistemləri, prizmatronlar və s.);
2.8.3. elektron daşıyıcılarda təsvirlərin təqdim olunması vasitəsilə.
2.9. Qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Həmin məlumatlar nəqliyyat vasitələrinin ən yaxın hərəkət zolağından, yaxud səkidən oxuna biləcək ölçülərdə təqdim edilməlidir.
2.10. Reklam qurğusunun işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, yanğından mühafizə sistemi ilə təchiz olunmuş, sənaye istehsalı olan işıq qurğularından istifadə edilməlidir. İşıqlandırma qurğusu reklam qurğusunun konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır.
2.11. Reklam qurğularının bərkidici hissələrinin (boltlar, dayaq hissələri və s.) üzəri dekorativ elementlərlə örtülməlidir.
2.12. Reklam qurğusunun bərkidici boltlarının hündürlüyü onun yerləşdiyi yerin səviyyəsindən 0,02 metrdən çox olmamalıdır.
2.13. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.
2.14. Reklam yayıcısı reklam qurğusunun montajından, yaxud demontajından sonra ərazinin abadlığını bərpa etməlidir. Reklam qurğusu bünövrəsi ilə birlikdə demontaj edilməlidir.
3.1. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu pərakəndə ticarət köşkünün konstruktiv elementlərinə montaj edilən və köşkün konstruktiv hissəsi olmayan kiçikölçülü reklam qurğusudur. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,50 metrədək, uzunluğu isə 2,10 metrədək təşkil edir. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır..
3.2. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu ictimai nəqliyyatı gözləmə meydançasının konstruktiv elementlərinə montaj edilən kiçikölçülü reklam qurğusudur. Dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,30 metrədək, uzunluğu 2,10 metrədək, dayaq dirəyinin hündürlüyü isə 0,60 metrədək təşkil edir. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır.
3.3. Reklam tentləri (bundan sonra - tent) üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.
3.4. Reklam çətiri açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən və üzərində reklam əks olunan çətir şəklində reklam qurğusudur. Çətirin reklam yerləşdirilən səthinin sahəsi onun reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.
3.5. Transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları və burazla (metal kəndirlə) asqı şəklində yerləşdirilmiş reklam qurğusudur. Bir qayda olaraq, yumşaq materiallardan (parça, tor, süni dəri və s.) hazırlanaraq buraz (metal kəndir) vasitəsilə yer səviyyəsindən ən azı 6,00 metr hündürlükdə dirəklərə və ya binalara bağlanılır. Transparantın bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1,10 metrədək, uzunluğu 15,00 metrədək təşkil edir. Transparant qurğusunun kiçik, orta və ya böyükölçülü qurğulara aid edilməsi bu Texniki Tələblərin 4.5-ci bəndinə uyğun olaraq müəyyən edilir. Transparantın şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilmir. Asma transparantlar şəhər elektrik nəqliyyat vasitələrinin və küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır.
3.6. Bayraq bünövrə, flaqştok və parçadan ibarət ikitərəfli stasionar reklam qurğusudur. Adətən, üzərində müəssisənin və ya təşkilatın loqotipi, yaxud digər reklam xarakterli məlumatlar yerləşdirilir. Bayraq öz dirəyi üzərində, yaxud binaların üzərində yerləşdirilə bilər. Bayrağın ölçüləri hər bir hal üçün fərdi qaydada müəyyənləşdirilir.
3.7. Afişa stendi bir və ya iki reklam səthinə malik olan, ayrıca dayaqlı kiçikölçülü reklam qurğusudur. Afişa stendi qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 2,00 metrədək, uzunluğu 2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,50 metrədək təşkil edir. Afişa stendindən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın yerləşdirilməsi məqsədi ilə istifadə olunur. Afişa stendlərində yayımlanan reklam materiallarında yalnız keçirilən tədbirlər və onların sponsorları barədə məlumatlar yerləşdirilə bilər.
3.8. Kronşteyn panel binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən birtərəfli və ya ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Ayrıca dayaq üzərində yerləşdirilən kronşteyn panel qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,60-1,00 x 1,00-1,20 metrədək, dayaq dirəyinin hündürlüyü 2,00-5,00 metr təşkil edir. Bir yolayrıcından digərinədək küçənin eyni tərəfində yerləşdirilmiş kronşteyn panellər yerdən eyni məsafədə quraşdırılmalı və piyada hərəkəti zonasına nisbətdə eyni tərəfə çevrilmiş olmalıdır. Yol kənarında yolun hərəkət hissəsinin üzərində yerləşdirilmiş kronşteyn panellərin aşağısından yerədək olan məsafə 4,50 metrdən az olmamalıdır. Kronşteyn panellər piyada hərəkəti zonasında yerləşdirildikdə bu məsafə 3,00 metr, qazonun üzərində yerləşdirildikdə 2,00 metrdən az olmamalıdır. Binaların üzərinə quraşdırılmış kronşteyn panellər ikinci mərtəbənin pəncərəsinin aşağısı səviyyəsindən hündürdə olmamaq şərtilə yerləşdirilməli və binaya bərkidildiyi yerdən 1,20 metrdən artıq çıxıntı əmələ gətirməməlidir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,70-0,80 x 1,00-1,20 metrədək təşkil edir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun aşağı küncünün yerdən hündürlüyü 2,20 metrdən az olmamalıdır.
3.9. Dayaqlı işıqlandırılan qutu ayrıca dayaqlı, ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Dayaqlı işıqlandırılan qutunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,40 - 0,60 metrədək təşkil edir.
3.10. Reklam tumbası dairəvi və ya üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusudur. Reklam tumbasının ölçüləri fərdi qaydada müəyyənləşdirilir.
3.11. Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, digər işıq mənbələri və işıqəksetdirən elementlər hesabına ekran səthində təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş reklam qurğularıdır. Elektron ekran ayrı dayaq üzərində, yaxud bina və tikilinin divarı üzərində və ya damında yerləşdirilə bilər. Elektron ekran qurğusunun ölçüləri, o cümlədən reklam səthinin sahəsi və dayaq dirəyinin hündürlüyü hər bir reklam qurğusu üçün fərdi qaydada müəyyənləşdirilir.
3.12. Ayrıca dayaqlı reklam lövhəsi (bilbord) daxili və ya xarici işıqlandırmaya malik orta, yaxud böyükölçülü reklam qurğusudur. Reklam lövhəsi bünövrə, karkas, dayaq və reklam yerləşdirilən səthdən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Reklam lövhəsinin bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 2,00-4,00 x 4,00-8,00 metrədək, dayaq dirəyinin hündürlüyü 2,20-8,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış reklam lövhələrinin arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
3.13. Meqabord daxili və xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Meqabord bünövrə, karkas, dayaq və reklam səthindən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Meqabord bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 4,00–6,00 x 8,00-15,00 metrədək, dayaq dirəyinin hündürlüyü 8,00-18,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış meqabordun arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
3.14. Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun ölçüləri binanın memarlıq quruluşundan və pəncərələr olmayan divarının ölçüsündən asılı olaraq fərdi qaydada müəyyənləşdirilir. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir.
3.15. Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır.
3.16. Fasad reklamları ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında yerləşdirilən reklam qurğularıdır. Qurğunun aşağı küncünün yerdən hündürlüyü ən azı 2,00 metr təşkil edir. Qurğu binaya bərkidildiyi yerdən 0,20 metrdən artıq çıxıntı əmələ gətirməməli və sahəsi yerləşdiyi bina və ya tikilinin fasadının 1/10 hissəsindən artıq olmamalıdır. Fasad reklamları ərazinin və binanın bədii-arxitektura görkəminə uyğun şəkildə hazırlanmalı və ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilməlidir. Fasad reklamlarının hazırlanmasında üfüqi, yaxud şaquli jalüz şəklində montaj edilmiş, içinə işıq-diodlar quraşdırılmış boru və lamellər və ya işıq-diodlu tor texnologiyalarından istifadə edilə bilər. Boru və lamellərdən istifadə edildikdə, onlar arasındakı məsafə boru, yaxud lamelin enindən ən azı 2 dəfə çox olmalıdır. İşıq-diodlu tor texnologiyası tətbiq edildiyi zaman işıq-diodların ölçüsü 0,08 x 0,08 metrdən çox olmamalı, yaxud onların korpusunun diametri 0,08 metri aşmamalıdır. İşıq-diodların korpusları arasındakı minimal məsafə korpusun ölçüsünü aşmamalı, həmçinin 0,04 metrdən az olmamalıdır.
3.17. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları həcm-fəza quruluşuna malik olan, həm həcmi, həm də səthi reklamın yayımı üçün istifadə edilən qurğulardır (hava şarları, dirijabllar, aerostatlar və s.). Bu qurğuların ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilir.
3.18. Vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır.
3.19. Roller müəyyən vaxt intervalı ilə reklam təsvirlərini diyircəklə dinamik dəyişən reklam qurğusudur. Rollerin ölçüsü 1-3 x 1.8-4 metrədək təşkil edir.
3.20. Prizmatron müəyyən vaxt intervalı ilə sinxron dəyişən və özündə 3 tərəfli prizmaları birləşdirən reklam qurğusudur. Prizmatronun ölçüsü 3 x 6 metr və ya 3 x 12 metr təşkil edir.
3.21. Körpüüstü reklam körpülərin və yerüstü piyada keçidlərinin divarında (hərəkət üçün nəzərdə tutulmayan hissəsində) üfüqi şəkildə yerləşdirilən reklam qurğusudur.
3-1.1. Bu Texniki Tələblərin 3-1-ci hissəsinin məqsədləri üçün binalar dedikdə birbaşa aid olduğu ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin yerləşdiyi yaşayış və qeyri-yaşayış binaları, habelə onunla sıx bağlı və ya ona bitişik olan tikililər (çətirlər, tentlər, məhəccərlər və hasarlar) nəzərdə tutulur.
3-1.2. Bu Texniki Tələblərin 3.11-ci, 3.14-cü, 3.15-ci və 3.17-ci bəndləri ilə müəyyən edilmiş reklam qurğuları istisna olmaqla, Bakı şəhərinin ərazisində olan binalarda yalnız bu Texniki Tələblərin 3-1-ci hissəsində nəzərdə tutulmuş reklam qurğularının yerləşdirilməsinə yol verilir.
3-1.3. Reklam qurğularının yerləşmə yerlərində qaz, istilik, su (kanalizasiya) və elektrik təchizatı sistemlərinin elementlərinin olduğu halda qurğuların yerləşdirilməsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsi şərtilə həyata keçirilir.
3-1.4. Reklam qurğularının yerləşdirilməsi zamanı aşağıdakılara yol verilmir:
3-1.4.1. reklam qurğularının bu Texniki Tələblərin 3-1-ci hissəsi ilə müəyyən edilmiş parametrlərinin (ölçülərinin), eləcə də yerləşdirilmə yerləri ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına;
3-1.4.2. bu Texniki Tələblərin 3-1.5.1-ci, 3-1.5.6-cı, 3-1.7.1-ci və 3-1.9.1-ci yarımbəndlərində nəzərdə tutulan hallarda reklam qurğularının şaquli yerləşdirilməsinə;
3-1.4.3. bu Texniki Tələblərin 3-1.5.7-ci yarımbəndi ilə müəyyən edilmiş hal istisna olmaqla, reklam qurğularının binaların günlüklərində yerləşdirilməsinə;
3-1.4.4. reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə;
3-1.4.5. reklam qurğusunun binanın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə;
3-1.4.6. reklam qurğusunun memorial lövhələrə, həmçinin memarlıq abidələrinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə;
3-1.4.7. ünvan məlumatlarının yerləşdiyi lövhələrin üzərinin örtülməsinə;
3-1.4.8. fasaddakı bir reklam qurğusunun digərinin üzərində yerləşdirilməsinə;
3-1.4.9. bir kronşteyn panel qurğusunun digərinin üzərində yerləşdirilməsinə;
3-1.4.10. reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə;
3-1.4.11. reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsinə;
3-1.4.12. elektron daşıyıcının vitrin şüşəsinin bütün hündürlüyü və (və ya) uzunluğu boyunca quraşdırılmasına;
3-1.4.13. reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə;
3-1.4.14. reklam qurğusunun məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda (şlaqbaumlar, çəpərlər və s.) yerləşdirilməsinə;
3-1.4.15. memarlıq abidələrində (binalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə;
3-1.4.16. memarlıq abidələrində (binalarında) yerləşdirilən fasad reklamlarında daxili işıqlandırmadan istifadə olunmasına;
3-1.4.17. memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə.
3-1.5. Fasad reklamları bu Texniki Tələblərin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Fasad reklamları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:
3-1.5.1. fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.) şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin (vitrinlərinin) yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca (eyni səviyyədə) bir hündürlük səviyyəsində olmalıdır (əlavə 1, şəkil 1);
3-1.5.2. fasad reklamları binanın çöl tərəfinin ölçülərinə uyğun olan sahəsi çərçivəsində fasadın memarlıq elementlərindən azad hamar hissələrində yerləşdirilir. Fasad reklamları bərkidici və (və ya) altlıq elementlərindən istifadə edilməklə yerləşdirilə bilər. Fasad reklamları, habelə onun bərkidici və altlıq elementləri ərazinin və binanın bədii-memarlıq üslubuna uyğun olmalıdır. Fasad reklamları tək qurğudan (vahid qurğu) və ya qarşılıqlı əlaqəli elementlərin əks olunduğu qurğulardan ibarətdir;
3-1.5.3. fasad reklamları binaların zirzəmi və ya kürsülük mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında yerləşdirilə bilər. Bu zaman reklam qurğusu bərkidildiyi yerdən 0,10 metrdən çox çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 2);
3-1.5.4. fasad reklamlarının ölçüləri (əlavə 1, şəkil 3):
1. hündürlüyünə görə - qurğunun frizdə yerləşdirilməsi istisna olmaqla 0,50 metrdən;
2. uzunluğuna görə - tək qurğu üçün 10 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən;
3. fasad reklamları qarşılıqlı əlaqəli elementlərdən istifadə edilməklə hazırlandıqda onun maksimal ölçüsü uzunluğuna görə 15 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən çox olmamalıdır;
3-1.5.5. bu Texniki Tələblərin 3-1.5.3-cü yarımbəndi istisna olmaqla, fasad reklamları bərkidildiyi yerdən 0,20 metrdən (memarlıq abidələrinə (binalarına) münasibətdə isə 0,10 metrdən) artıq çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 4);
3-1.5.6. frizdə yerləşdirilən fasad reklamında altlıqdan istifadə edildiyi halda, həmin altlıq frizin ölçülərinə uyğun yerləşdirilir. Reklam qurğusunun frizdə yerləşdirilməsi üçün istifadə edilən altlığın hündürlüyü frizin hündürlüyünə bərabər olmalıdır. Frizdəki fasad reklamları vahid üfüqi ox üzrə yerləşdirilməlidir. Bir frizdə bir neçə fasad reklamı yerləşdirildikdə onlar üçün vahid altlıq təşkil edilməlidir (əlavə 1, şəkil 5);
3-1.5.7. binanın günlüyündə frizin olduğu halda fasad reklamı frizin qabaritləri daxilində yerləşdirilə bilər (əlavə 1, şəkil 6);
3-1.5.8. fasad reklamları memarlıq abidələrinin (binalarının) üzərində həmin abidələrin (binaların) fasadlarının səthinə uyğun bərkidici elementlərdən istifadə edilməklə yerləşdirilməlidir;
3-1.5.9. fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir;
3-1.5.10. yerləşdirilmiş fasad reklamlarına əlavə olaraq binanın girişində (sağda və ya solda olmaqla), qapı oyuğundan yüksəkdə olmamaq şərtilə fasadın memarlıq elementlərindən azad hamar hissələrində bir ədəd reklam qurğusu yerləşdirilə bilər. Bu zaman reklam qurğusu hündürlüyünə görə 0,80 metrdən, uzunluğuna görə isə 0,60 metrdən çox olmamalıdır (əlavə 1, şəkil 7).
3-1.6. Vitrin üzərində reklam qurğuları bu Texniki Tələblərin 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Vitrin üzərində reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:
3-1.6.1. vitrin üzərində reklam qurğusu vitrin şüşəsinin xarici və (və ya) daxili tərəfində yerləşdirilir;
3-1.6.2. vitrin üzərində reklam qurğusu hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.), təsvirlər şəklində və ya elektron daşıyıcılar vasitəsilə yerləşdirilir;
3-1.6.3. vitrin şüşəsində reklam səthinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və (və ya) altlıq elementlərindən istifadə etməklə yerləşdirilə bilər (əlavə 2, şəkil 1);
3-1.6.4. vitrin şüşəsində yerləşdirilən reklam qurğusu çərçivələrin, impostlar olduqda onların sərhədləri daxilində yerləşməlidir. Vitrin şüşəsinin xarici tərəfinə yerləşdirilən reklam qurğusu binanın fasadının müstəvisindən kənara çıxmamalı, reklam qurğusunun uzunluğu vitrin şüşəsinin uzunluğundan çox olmamalıdır. Vitrin çoxtərəfli formaya malik olduğu halda reklam qurğusu onun hər üzünə paralel şəkildə, konstruktiv elementlərinə (impostlarına) bərkidilmə mümkünlüyü təmin edilməklə yerləşdirilə bilər (əlavə 2, şəkil 2);
3-1.6.5. reklam qurğularının binaların pəncərələrində (pəncərə altlıqlarında) və qapılarının şüşələrində yerləşdirilməsi onların vitrinlərdə yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş tələblərə müvafiq olaraq həyata keçirilir.
3-1.7. Kronşteyn panel qurğuları bu Texniki Tələblərin 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Kronşteyn panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:
3-1.7.1. kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Binanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində (reklam qurğusunun aşağı kənarlarına münasibətdə) olmalıdır (əlavə 3, şəkil 1);
3-1.7.2. kronşteyn panel qurğusunun bərkidici elementləri binanın fasadının müstəvisindən 0,20 metrdən çox məsafədə, onun üz tərəfinin kənar nöqtəsi isə fasadın müstəvisindən 1 metrdən çox məsafədə yerləşməməlidir. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metrdən, eni isə 0,20 metrdən çox olmamalıdır (əlavə 3, şəkil 2);
3-1.7.3. tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır (əlavə 3, şəkil 3);
3-1.7.4. kronşteyn panel qurğusu tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda binanın bədii memarlıq üslubuna uyğun dizayn edildikdə yerləşdirilə bilər.
3-1.8. Asma panel qurğuları bu Texniki Tələblərin 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Asma panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:
3-1.8.1. asma panel reklam qurğusu piyadaların qalereya məkanında, yerləşdirmə yerinin estetik görkəminə və ölçülərinə uyğun olaraq yerləşdirilir;
3-1.8.2. yer səviyyəsindən asma panel qurğusunun aşağı kənarınadək məsafə 2,5 metrdən az olmamalıdır;
3-1.8.3. asma panel reklam qurğusunun hündürlüyü 0,75 metrdən çox olmamalıdır.
3-1.9. Binalarda digər reklam qurğuları bu Texniki Tələblərin 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Binalarda digər reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:
3-1.9.1. binaların vitrinlərinin, qapı və pəncərələrinin üzərinə quraşdırılan tentlərə, o cümlədən stasionar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinə bitişik sahələrdə istifadə edilən çətirlərə reklamların yerləşdirilməsinə yol verilir. Bu zaman reklamın hündürlüyü 0,30 metrdən çox olmamalıdır. Tent və çətirlərdə reklamlar vahid üfüqi ox üzərində yerləşməlidir (əlavə 5, şəkil 1);
3-1.9.2. zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklamlar qarşıdan baxılarkən görünmədikdə məhəccərdə reklam yerləşdirmək mümkündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istisna olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəzdə yerləşdirilir (əlavə 5, şəkil 2).
3-1.10. Bakı şəhərinin ərazisində olan binalarda elektron ekranın, divar panosunun (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən, habelə fərdi layihələr əsasında hazırlanmış reklam qurğularının yerləşdirilməsi xüsusiyyətləri bu Texniki Tələblərin müvafiq olaraq 3.11-ci, 3.14-cü, 3.15-ci və 3.17-ci bəndləri ilə tənzimlənir.
4.1. Reklam qurğusunun hissələri bütöv, karkası rənglənmiş olmalı, mexaniki zədələri, üzərində pas, çirk, yaxud yapışdırılmış elanlar, kənar yazı və təsvirlər olmamalıdır.
4.2. Sutkanın qaranlıq vaxtlarında reklam qurğularının işıqlandırılması küçələrin işıqlandırılma qrafikinə uyğun olmalıdır.
4.3. Reklam qurğusunun mülkiyyətçisi sahib olduğu qurğulara qulluğu, onların yuyulmasını və təmizliyini təmin etməlidir.
4.4. Dayanacaq meydançalarında yerləşdirilən reklam qurğuları həftədə 2 dəfədən az olmamaqla, kiçikölçülü reklam qurğuları ayda 2 dəfədən az olmamaqla, ortaölçülü reklam qurğuları iki ayda 1 dəfədən az olmamaqla, böyükölçülü reklam qurğuları isə ildə 2 dəfədən (mart-aprel və avqust-sentyabrda) az olmamaqla təmizlənməlidir.
4.5. Bir tərəfinin reklam yerləşdirilən səthinin sahəsi 4,50 kv.m-dək olan qurğular kiçikölçülü, 4,50 kv.m-dən 9,00 kv.m-dək olan qurğular ortaölçülü, 9,00 kv.m-dən çox olan qurğular isə böyükölçülü reklam qurğuları hesab edilir.
1. 13 iyul 2018-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1631)
2. 10 iyul 2019-cu il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1322)
3. 30 dekabr 2019-cu il tarixli 522 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2102)
4. 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347)
5. 6 dekabr 2023-cü il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 8 dekabr 2023-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1772)