Rəsmi statistikanın məqsədi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdir.
Rəsmi statistikanın əsas məqsədi ilkin məlumatların məxfiliyini təmin etməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir.
Rəsmi statistikanın məqsədi statistik məlumatların obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə, icmal statistik materialların aşkarlığını təmin edən vahid statistik məlumatlandırma sisteminin yaradılmasına, bu qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə yönəldilmişdir.
Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir.