Qanunvericilik › “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.03.2010) › Tam mətn

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.03.2010)

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.03.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Bakı şəhəri, 18 mart 2010-cu il

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ali tibb təhsili, elmi və tibb müəssisələrinə şamil edilir və rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının forması;

1.3.2. rezident - rezidenturada təhsil alan şəxs;

1.3.3. kurator - rezidentin müvafiq ixtisas üzrə zəruri olan nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini təmin edən, elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi 10 ildən çox olan mütəxəssis;

1.3.4. klinik baza - müasir maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin müasir metodları əsasında rezidentlərin hazırlığını həyata keçirən tibb müəssisəsi;

1.3.5. stajorluq - rezidentin ixtisası üzrə tibb müəssisəsində ilkin iş təcrübəsi keçməsi;

1.3.6. klinik hal - tibbi praktikada bir və ya bir neçə müştərək patologiya ilə əlaqədar müşahidə olunan konkret kliniki vəziyyət.

1.4. Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkimmütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

1.5. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin rezidentura səviyyəsində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.

2.1. Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya müvafiq ixtisaslar üzrə qəbulu hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

2.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.

2.3. Rezidenturaya qəbulun aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

2.4. Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət tibb müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir.

3.1. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir.

3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir.

3.3. Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər həkim-mütəxəssis hazırlığı prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris növlərini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır.

3.4. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktika işlərinin aparılması, sərbəst stajorluq formasında öyrənilməsi ilə təmin olunurlar.

3.5. Rezidenturada təhsilalanların nəzəri biliklərinin və müalicə-profilaktik işlərinin həcmi ixtisaslar üzrə təhsil proqramlarına uyğun və dövlət təhsil standartlarına əsasən müəyyənləşdirilir.

3.6. Rezidentura təhsil proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır.

3.7. Hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir. Fərdi iş planında tədris yükünün həcmi, təsviri, müddəti və növü, habelə müalicə-profilaktik işlərinin həcmi müəyyən edilir. Fərdi iş planları rezidentura hazırlığını həyata keçirən müəssisələrin müvafiq elmi (tibbi) şuralarının iclaslarında təsdiq edilir.

3.8. Rezidentin hazırlığına bilavasitə rəhbərliyin həyata keçirilməsi üçün klinik baza kimi müəyyən edilmiş müəssisələrdə kuratorlar təyin edilirlər. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.

4.2. Rezidenturada təhsil dövründə rezident:

4.2.1. fərdi iş planını yerinə yetirir;

4.2.2. fərdi iş planının, kuratorun tövsiyə və tapşırıqlarının yerinə yetirilməsini əks etdirən gündəlik aparır;

4.2.3. fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi (tibbi) şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əks etdirilməlidir. Hesabat yazılı təqdim edilir, onun səsləndirilməsi üçün rezidentə 15 dəqiqə vaxt ayrılır. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır.

4.3. Dövri attestasiya yazılı test formasında həyata keçirilir və rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verir. Test suallarına hər düzgün cavab 2 (iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabərdir. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövri attestasiyadan keçmiş hesab olunurlar.

4.4. Dövri attestasiyadan keçə bilməyən rezidentlər 1 (bir) aydan tez olmayaraq, növbəti 2 (iki) ay müddətində təkrar attestasiya edilirlər.

4.5. Fərdi iş planının yerinə yetirilməsi və attestasiyanın nəticələri rezidentin gündəliyində əks etdirilir.

4.6. Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir.

4.7. Təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır.

4.8. Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 (üç) saat ərzində 50 test sualına cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual vərəqəsi üzrə aparılır. Test suallarına hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

4.9. İkinci mərhələdə rezident tərəfindən 5 (beş) müxtəlif klinik hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması kimi aspektlər aiddir. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 (on) bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 (otuz) və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

4.10. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər.

4.11. Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir.

5.1. Rezidenturada hazırlığın təşkilinə nəzarət və metodik rəhbərlik Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

5.2. Rezidentlərə hazırlıq keçdikləri müəssisənin daxili intizam qaydaları şamil edilir.

5.3. Rezidentlərin iş rejimi, habelə növbətçilik qaydası müvafiq təhsil proqramı və əmək qanunvericiliyi ilə tənzimlənir.

5.4. Klinik bazada hazırlığın təşkilinə və rezidentlərin hazırlanmasının keyfiyyətinə, onların sərbəst praktiki fəaliyyətə yararlı olmasına klinik bazanın rəhbəri cavabdehdir.

5.5. Kurator rezidentə gündəlik rəhbərliyi həyata keçirməklə, onun nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təşkil edir.

5.6. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.

5.7. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır.

5.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

5.9. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 (iyirmi) manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.

5.10. Rezidentlər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq əmək məzuniyyəti hüququna malikdirlər.

5.11. Bu Qaydaların xüsusiyyətləri nəzərə alınmaqla, rezidentlə klinik baza arasında əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, müalicə-profilaktik işlərin həyata keçirilməsi ilə bağlı yaranan münasibətlər isə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.

5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.

6.1. Aşağıdakı əsaslar olduqda rezidentin təhsilinə xitam verilir:

6.1.1. bu barədə rezident yazılı ərizə verdikdə;

6.1.2. əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;

6.1.3. məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə;

6.1.4. attestasiyadan təkrarən keçmədikdə;

6.1.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda;

6.1.6. ödənişli əsaslarla təhsilalanlar müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi həyata keçirmədikdə;

6.1.7. həkim andını və sirrini pozduqda.

1. 22 sentyabr 2011-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 858)

2. 7 mart 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2013-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 335)

3. 24 oktyabr 2013-cü il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1229)

4. 21 noyabr 2013-cü il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 dekabr 2013-cü il, № 271)

5. 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)

6. 18 aprel 2017-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2017-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 641)

7. 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2428)

8. 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537)

9. 30 noyabr 2020-ci il tarixli 469 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1412)

10. 22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2021-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 205)

11. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

12. 5 sentyabr 2024-cü il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1058)

13. 2 dekabr 2024-cü il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1311)

14. 8 sentyabr 2026-cı il tarixli 272 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 12 sentyabr 2026-cı il, № 166)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver