AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYA QƏRARI
“Risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsi Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
1. “Risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanı”nın 28.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük orqanları (bundan sonra - gömrük orqanları) ilə aidiyyəti orqanlar arasında risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsi məsələlərini tənzimləyir.
1.2. Risklərə dair məlumatlar - gömrük orqanları tərəfindən həyata keçirilən gömrük işi, əməliyyat-axtarış, təhqiqat və istintaq fəaliyyəti nəticəsində əldə edilən, habelə qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif mənbələrdən daxil olmuş gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsinə ehtimal yaradan hallar, hərəkətlər, hadisələr, şəxslər, mallar və nəqliyyat vasitələri, onların təhlil və qiymətləndirmə meyarları haqqında məlumatlardır.
1.3. Gömrük kəşfiyyatına dair məlumatlar - gömrük orqanları tərəfindən gömrük işi, Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsi, daxili bazarının qorunması və istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə edilmiş məlumatlardır.
1.4. Risklərə və gömrük kəşfiyyatına dair məlumatların mübadiləsinin hüquqi əsasını Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, əməliyyat-axtarış fəaliyyəti və dövlət sirri haqqında qanunvericilik təşkil edir.
2. Risklərə və gömrük kəşfiyyatına dair məlumatların mübadiləsi qaydası
2.1. Gömrük orqanları tərəfindən risklərə və gömrük kəşfiyyatına dair məlumatlar əldə edildikdə həmin məlumatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) aparatına, daha sonra Komitə rəhbərliyi tərəfindən onun aparatının həmin məlumatın aid olduğu sahə üzrə məsul struktur bölməsinə göndərilir.
2.2. Komitənin aparatının məsul struktur bölməsi risklərə və gömrük kəşfiyyatına dair məlumatları Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsi, daxili bazarın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi baxımından təhlil edir və bu vəzifələrinin yerinə yetirilməsi üçün aidiyyəti orqanlarla həmin məlumatların mübadiləsi üçün Komitə rəhbərliyinə təkliflər verir.
2.3. Komitə rəhbərliyi tərəfindən təklif məqbul hesab edildiyi təqdirdə əlaqələndirici şəxs təyin edilməklə və onlardan istifadə ilə əlaqədar şərtlər və məhdudiyyətlər müəyyənləşdirilməklə risklərə və gömrük kəşfiyyatına dair məlumatlar poçt, feldyeqer rabitəsi və ya texniki rabitə kanalları vasitəsilə aidiyyəti orqanlara göndərilir.
2.4. Aidiyyəti orqanlar öz fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrini həyata keçirmək məqsədilə Komitəyə risklərə və gömrük kəşfiyyatına dair məlumatların əldə edilməsi üçün sorğu göndərə bilərlər.
2.5. Komitənin aparatının məsul struktur bölməsi bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada sorğu olunan məlumatın mübadiləsinin məqsədəuyğunluğu barədə Komitə rəhbərliyinə təklif verir.
2.6. Bu Qaydalara əsasən hər hansı şəkildə verilən və ya əldə olunan məlumat məhkəmə və ya inzibati araşdırmanın aparılması zamanı istifadə də daxil olmaqla, yalnız bu Qaydalarda göstərilmiş məqsədlər üçün və məlumat verən aidiyyəti orqan tərəfindən qoyulan şərtlərə və məhdudiyyətlərə uyğun olaraq istifadə edilir.
2.7. Risklərə və gömrük kəşfiyyatına dair məlumatlar yalnız məlumat verən aidiyyəti orqanın yazılı razılığı olduqda həmin orqan tərəfindən qoyulmuş şərtlərə və məhdudiyyətlərə riayət edilməklə digər məqsədlər üçün istifadə oluna bilər.
3. Müvafiq məxfilik dərəcəsi olan və konfidensial hesab olunan risklərə və gömrük kəşfiyyatına dair məlumatların mübadiləsi qaydası
3.1. Müvafiq məxfilik dərəcəsi olan və konfidensial hesab olunan risklərə və gömrük kəşfiyyatına dair məlumatları alan orqan onun məxfiliyinin və konfidensiallığının qorunmasını təmin etməlidir.
3.2. Müvafiq məxfilik dərəcəsi olan və konfidensial hesab olunan risklərə və gömrük kəşfiyyatına dair məlumatların orqanlarla mübadiləsi dövlət sirri və məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması haqqında qanunvericiliyə ciddi riayət olunmaqla həyata keçirilir.