Qanunvericilik › “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 12.12.2018) › Tam mətn

“Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 12.12.2018)

“Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 12.12.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 927-IIQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.41-ci yarımbəndinə uyğun olaraq, həmin Əsasnamənin 5.11.1-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası

1. “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası” (əlavə olunur) təsdiq edilsin.

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

nəqliyyat, rabitə və yüksək

texnologiyalar naziri

1.1. “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası” (bundan sonra – Qayda) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.41-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasında sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə şərtlərini, sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsi operatorları ilə abunəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

1.2.1. xidmət – hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən sabit telefon (məftilli) telekommunikasiya xidmətidir;

1.2.2. şəbəkə – sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsidir;

1.2.3. operator – mülkiyyətində olan şəbəkə vasitəsilə qanuni əsaslarla xidmət göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir;

1.2.4. müraciət edən şəxs – xidmətdən istifadə etmək məqsədilə şəbəkəyə qoşulmaq üçün müraciət edən hüquqi, fiziki şəxslər və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərdir;

1.2.5. qoşulma – müraciət edən şəxsin şəbəkəyə bağlantısıdır;

1.2.6. qoşulma müqaviləsi – müraciət edən şəxsin şəbəkəyə qoşulmasını və operatorla qarşılıqlı münasibətlərini tənzimləyən sənəddir;

1.2.7. qoşulma haqqı – müraciət edən şəxs tərəfindən şəbəkəyə qoşulma üçün ödənilən birdəfəlik haqdır;

1.2.8. yenidən qoşulma haqqı – abunəçi dəyişdikdə və ya nömrə abunəçinin adından çıxarıldıqda yenidən qoşulma üçün ödənilən birdəfəlik haqdır;

1.2.9. abunəçi – operatorla bağladığı qoşulma müqaviləsi əsasında xidmətdən istifadə edən hüquqi, fiziki şəxslər və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərdir;

1.2.10. abunə haqqı – abunəçilər tərəfindən xidmətdən istifadə üçün ödənilən aylıq sabit haqdır;

1.2.11. ölkədaxili danışıq – abunəçilər tərəfindən şəbəkə üzərindən ölkənin digər şəhər və rayonlarının abunəçiləri ilə aparılan danışıqdır (şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları istisna olmaqla);

1.2.12. ölkədaxili danışıq haqqı – abunəçilər tərəfindən ölkədaxili danışıq üçün ödənilən haqdır;

1.2.13. beynəlxalq danışıq – abunəçilər tərəfindən şəbəkə üzərindən xarici ölkələrlə aparılan danışıqdır;

1.2.14. beynəlxalq danışıq haqqı – abunəçilər tərəfindən beynəlxalq danışıq üçün ödənilən haqdır;

1.2.15. taksofon xidməti – ölkənin şəhər və rayon şəbəkəsində operatorlar tərəfindən quraşdırılan və müvafiq haqq ödənilməklə istifadə edilən son telekommunikasiya avadanlığı ilə göstərilən xidmətdir;

1.2.16. faks xidməti – şəbəkədə quraşdırılan və abunəçilər arasında yazılı məlumatın ötürülməsi üçün istifadə edilən son telekommunikasiya avadanlığı ilə göstərilən xidmətdir;

1.2.18. rəqəmli kanallar – operatorlar tərəfindən ölkə daxilində məlumatların müxtəlif sürətlə ötürülməsi üçün istifadə olunan rəqəmli telekommunikasiya vasitəsidir.

1.3. Xidmətdən istifadə etmək üçün abunəçilərin son telekommunikasiya avadanlığı şəbəkəyə qoşulur.

1.4. Şəbəkəyə qoşulan son telekommunikasiya avadanlığı abunəçilərin hesabına təmin edilir.

1.5. Son telekommunikasiya avadanlığı yaşayış evlərində, mənzillərdə və qeyri-yaşayış məntəqələrində qurulur.

1.6. Abunəçilər əhali və qeyri-əhali kateqoriyalarına bölünür. Əhali kateqoriyasına aid olan abunəçi yaşayış evlərində və mənzillərində yaşayan, xidmətdən qoşulma müqaviləsinə uyğun təyinatı üzrə istifadə edən və abunə haqqını əhali kateqoriyası üçün müəyyən edilmiş tariflə ödəyən fiziki şəxsdir. Digər abunəçilər isə qeyri-əhali kateqoriyasına aiddir.

2.1. Şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verir.

2.2. Operator ilə müraciət edən şəxs arasında qoşulma müqaviləsi bağlanılır.

2.3. Qoşulma müqaviləsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlər”in əlavəsində göstərilən məlumatlar əks olunmalı, həmçinin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, onun səlahiyyətli nümayəndəsinin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır.

2.4. Qoşulma müqaviləsi 2 (iki) nüsxədə tərtib olunur və onlardan biri abunəçiyə verilir, digəri isə operatorda saxlanılır.

2.5. Qoşulma müqaviləsi aşağıdakı hallarda ləğv edilir:

2.5.1. abunəçinin müraciəti əsasında;

2.5.2. abunəçi qoşulma müqaviləsi ilə müəyyən olunmuş şərtləri pozduqda.

2.6. Operator ilə abunəçi arasında qoşulma müqaviləsi bağlandıqdan və qoşulma haqqı ödənildikdən sonra operator qoşulma müqaviləsi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq telefon xəttinin və aparatının şəbəkəyə qoşulmasını təmin edir.

2.7. Telefon nömrələrinin aktivləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.

2.8. Telekommunikasiya vasitələrinin quraşdırılmasına başlanılmış ərazilərdə qoşulma əvvəlcədən sənədləşdirilə bilər. Bu halda qoşulma haqqı ödənildikdən sonra, qoşulma müqaviləsində göstərilən müddətdən gec olmayaraq abunəçinin xidmətdən istifadə etməsi təmin olunmalıdır.

2.9. Son telekommunikasiya avadanlığı texniki normaların tələblərinə uyğun olmaqla abunəçinin istədiyi yerdə quraşdırılır.

2.10. Abunəçi xəttinə şəbəkənin standartlarına uyğun və sertifikatı olan son telekommunikasiya avadanlığı qoşulur.

2.11. Telekommunikasiya vasitələrində texniki imkan olduqda əlavə telefon çəkilməsinə məhdudiyyət qoyulmur.

2.12. Telefonlaşdırılmış yaşayış evlərində, mənzillərdə və qeyri-yaşayış məntəqələrində telefonlar yeni mülkiyyətçilərin adına (nömrənin ailənin digər üzvünün adına sənədləşdirilməsi istisna olmaqla) yenidən qoşulma haqqı ödənilməklə sənədləşdirilir.

2.13. Telekommunikasiya vasitələri yenidən qurularkən texniki səbəblərdən abunəçinin telefon nömrəsinin dəyişdirilməsi zərurəti yaranarsa, nömrənin dəyişdirilməsi abunəçinin razılığı olmadan operatorun hesabına həyata keçirilir və bu barədə abunəçi 10 gün əvvəl yazılı, elektron formada və ya telefonla xəbərdar edilir.

2.14. Abunəçinin müraciətində göstərdiyi müddətdə abunə haqqı ödənilməklə telefon şəbəkədən ayrılır.

2.15. Abunəçinin müraciətinə əsasən onun ölkədaxili və beynəlxalq danışıq xidmətlərinə çıxışı bağlanılır. Abunəçi ölkədaxili və beynəlxalq danışıq xidmətlərinin yenidən aktivləşdirilməsi üçün operatora müraciət etdikdə, ödəniş aparılmadan müraciət təmin edilir.

3.1. Xidmət üzrə aşağıdakı tariflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir:

3.1.1. qoşulma haqqı;

3.1.2. yenidən qoşulma haqqı;

3.1.4. ölkədaxili danışıq haqqı;

3.1.5. beynəlxalq danışıq haqqı;

3.1.7. faks xidmətindən istifadə haqqı;

3.1.8. taksofon xidmətindən istifadə haqqı;

3.1.9. rəqəmli rabitə kanallarından istifadə haqqı.

3.2. Abunəçilərin şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları ödənişsizdir.

3.3. Abunəçilər tərəfindən Bu Qaydanın 3.1.3-3.1.9-cu yarımbəndlərində göstərilən xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir.

3.4. Abunə haqqı cari ayın 5-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 5-dək ödənilir.

3.5. Xidmətdən istifadəyə görə hesablanmış xidmət haqlarını vaxtında ödəməyən abunəçilər üçün xidmətin dayandırılması və bərpası abunəçi ilə operator arasında bağlanmış qoşulma müqaviləsinə uyğun olaraq həyata keçirilir. Qoşulma müqaviləsinin nümunəvi forması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytında yerləşdirilir.

3.6. Abunə haqqını bu Qaydanın 3.4-cü bəndinin birinci cümləsində göstərilən müddətdə ödəməyən abunəçinin xidmətdən istifadəsi birtərəfli qaydada dayandırılır. Bu Qaydanın 3.4-cü bəndinin ikinci cümləsində göstərilən xidmət haqqı sonrakı ayın sonunadək ödənilmədikdə xidmətdən istifadə birtərəfli qaydada dayandırılır. Abunəçi növbəti 3 (üç) ay ərzində yaranmış borcu ödədiyi halda xidmət bərpa edilir. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilir və nömrə abunəçinin adından çıxarılır. Göstərilən müddətdə xidmətin bərpası üçün müraciət etməyən abunəçi yenidən xidmətdən istifadə etmək istədikdə operatora müraciət edir və onunla yeni qoşulma müqaviləsi bağlanılır. Təkrar xidmətə qoşulan abunəçi yenidənqoşulma haqqını və əvvəllər istifadə etdiyi xidmətə görə operatora yaranmış borclarını ödəməlidir.

3.7. Telefon nömrəsi abunəçinin adından çıxarılmasından sonrakı 3 (üç) ay ərzində operatora xidmətdən istifadənin bərpası üçün müraciət edilməzsə, digər abunəçilərə verilə bilər.

3.8. Abunəçi ilə bağlanmış qoşulma müqaviləsinə vaxtından əvvəl xitam verilməsi abunəçini yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir.

3.9. Şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanmış smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir.

3.10. Ölkədaxili və beynəlxalq danışıq üzrə ödənişin məbləği faktiki danışıq müddətinə uyğun olaraq hesablanır.

3.11. Abunəçilərə xidmətin göstərilməsinə dair operator tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən nəzarət edilir.

1. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

2. 28 iyun 2022-ci il tarixli KQ-8/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202206280822, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2022-ci il)

3. 5 sentyabr 2025-ci il tarixli 3-27/3-7-10/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509053710, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 sentyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver