Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.04.2002) › Tam mətn

Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.04.2002)

Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 aprel 2002-ci il

1. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar üçün isə tibbi-sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənədə əsasən həyata keçirilir.

2. Peşə təhsili müəssisələrinə ümumi orta və tam orta təhsili başa vuran, xəstəliyinin xüsusiyyətləri seçdiyi peşə üzrə təhsil almağa və işləməyə imkan verən, bacarıq və maraqları nəzərə alınmaqla sağlamlıq imkanları məhdud şəxslər qəbul edilirlər.

Ümumi orta təhsili başa vurmayan, lakin peşə təhsili almaq istəyən şəxslər də peşə təhsili müəssisələrinə qəbul edilə bilərlər.

Təhsil almaq arzusunda olan şəxslər üçün yaş məhdudiyyəti qoyulmur.

3. Peşə təhsili müəssisələrinə daxil olmaq istəyən sağlamlıq imkanları məhdud şəxslər seçdikləri peşəni göstərməklə, direktorun adına ərizə yazırlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

təhsil haqqında sənədin əsli;

peşə təhsili müəssisəsində oxumaq və seçdiyi peşə üzrə gələcəkdə işləmək imkanının olması barədə psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial-ekspert komissiyasının rəyi;

086/u nömrəli tibbi arayış;

yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;

3x4 ölçüdə 4 ədəd fotoşəkil.

Pasport (doğum haqqında şəhadətnamə) qəbul komissiyasına şəxsən təqdim edilir.

Təqdim edilən sənədlərə əsasən təhsil müəssisəsinə qəbul edilənin şəxsi işində müvafiq qeydlər aparılır.

Sənədləri qəbul olunan şəxslər dərslərin başlanmasına ən azı 5 gün qalmış təhsil müəssisəsində müsahibədən keçirlər.

Sənədlərin qəbulu peşə təhsili müəssisələrinə tərəfindən müəyyən olunmuş müddətlərdə aparılır və dərslərin başlanmasına 5 gün qalmış başa çatdırılır.

3-1. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4. Sağlamlıq imkanları məhdud şəxslərin peşə müəssisələri qəbulu qəbul komissiyasının qərarına əsasən peşə təhsili müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir.

5. Peşə təhsili müəssisəsinə qəbul olunmayan şəxslərin sənədləri qəbul barədə əmr verildikdən sonra 5 gün müddətinə rəsmi əsaslandırılaraq geri qaytarılır.

6. Sağlamlıq imkanları məhdud şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə ümumi qaydalar əsasında qəbul edilə bilərlər.

7. Peşə təhsili müəssisəsinə qəbul edilən sağlamlıq imkanları məhdud şəxslərin siyahısı məlumat üçün dərslər başlananadək valideynlərinə və ya digər qanuni nümayəndələrinə çatdırılır.

1. 17 dekabr 2015-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1583)

2. 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2019-cu il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1558)

3. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver