13.1. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:
13.1.1. nitq pozulmaları (ağır nitq pozuntuları, nitqin fonetik-fonematik ləngliyi, qeyri-iradi nitq pozuntusu və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;
13.1.2. eşitmə pozulmaları olanlar (eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər);
13.1.3. görmə pozulmaları olanlar (görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.);
13.1.4. əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olanlar;
13.1.5. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;
13.1.6. ağır çatışmazlığı olanlar, o cümlədən eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar;
13.1.7. emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
13.1.8. xroniki somatik xəstəlikləri olanlar.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsil bölmələri yaradıla bilər.
13.3. Təhsil proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda və birgə təlim üçün tibbi əks göstərişlər olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər.
13.3-1. Xüsusi təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir.