2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
2.1-1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 43–45-ci maddələrinə əsasən həyata keçirilən nəzarət tədbirləri və həmin Məcəllənin 11-ci fəslinə uyğun olaraq rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması yoxlama tədbiri hesab edilmir.
2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 6-1-ci, 6-2.4-cü, 7.1-7.3-cü, 7.6-cı, 7.7-ci, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara şamil edilmir.
2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.
2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2.2-3. Maliyyə bazarları sahəsində aparılan yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
2.2-4. Bu Qanun rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərində aparılan yoxlamalara şamil edilmir.
2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.