“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarının 2.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.4-cü yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Kollegiyasının 24 may 2021-ci il tarixli 5 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
1.1. “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarının 2.1-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydanın tələblərinə əsasən un istehsalçısı dedikdə, Azərbaycan Respublikasının ərazisində un istehsalı üçün mülkiyyətində, yaxud istifadəsində olan zəruri avadanlıqlardan istifadə etməklə xammaldan (alınmış və ya idxal edilmiş ərzaqlıq buğdadan) bilavasitə un istehsal edərək istehsal etdiyi unu təqdim edən və (və ya) təsərrüfatdaxili qaydada digər təsərrüfat subyektində (obyektində) emal edərək un məmulatı təqdim edən şəxslər nəzərdə tutulur.
2.1. Un istehsalçıları tərəfindən subsidiya alınması üçün istehsal edilmiş unun və ya istehsal edilmiş undan emal edilmiş un məmulatlarının satışını təsdiq edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq verilən elektron qaimə-faktura məlumatlarını və istehsalla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun olaraq tərtib edilən “istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” məlumatlarını növbəti ayın 5-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edirlər.
2.2. Un istehsalçıları tərəfindən bu Qaydanın 2.1-ci bəndində müəyyən edilən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə həmin müraciətlər növbəti ay üzrə nəzərə alınır.
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təqdim edilmiş məlumatları ümumiləşdirir, bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq dəqiqləşdirir və müvafiq ay üzrə un istehsalçılarına ödəniləcək vəsaitlərin məbləğinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarının 1-ci və 1-1-ci hissələrində müəyyən edilmiş qaydada) hesablanmasını və cari ayın 15-dək icmallaşdırılmasını, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilməsini təmin edir.
2.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşağıdakı məlumatlar əsasında un istehsalçılarına ödəniləcək subsidiyanın hesablanması üçün əsas olan un çəkisinin azaldılması, məhdudlaşdırılması və ya qismən məhdudlaşdırılması barədə qərar qəbul edə bilər:
2.4.1. müvafiq un istehsalçısı tərəfindən Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunduqda;
2.4.2. müvafiq un istehsalçısının un satışı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli əməliyyatlar aparması müəyyən olunduqda;
2.4.3. müvafiq un istehsalçısı tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya məhdudlaşdırılması halları müəyyən olunduqda.
2.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu Qaydanın 2.3-cü bəndinə əsasən un istehsalçılarına alacaqları subsidiyanın məbləği, habelə subsidiya məhdudlaşdırıldığı təqdirdə müvafiq izahatı özündə əks etdirən bildirişi cari ayın 20-dək göndərir.
3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qaydanın 2.3-cü bəndinə əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini cari ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.
3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) bank günü ərzində bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hesabına köçürülməsini həyata keçirir.
3.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2 (iki) bank günü ərzində bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq ayrılmış subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinə
_____________________________________________________________________
___________________________________________________________ tərəfindən
Un istehsalçısı olan hüquqi şəxsin
vəzifəli şəxsi / Fərdi sahibkar
__________ _______________________
M.Y. (imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
Tarix _____ __________ 2021-ci il
Əlaqə telefonu _________________
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsi:
__________ _______________________
M.Y. (imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
1. 15 noyabr 2021-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111150016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2021-ci il)