Qanunvericilik › Azərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 100

Maddə 100. Seçki komissiyalarının səsvermə protokolları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

100.1. Bu Məcəllənin Xüsusi hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra — protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

100.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:

100.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;

100.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alınmış seçicilərin sayı;

100.2.3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;

100.2.5. seçki bülletenləri alan seçicilərin sayı;

100.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə seçki bülletenlərinin sayı;

100.2.7. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı;

100.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı;

100.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı;

100.2.12. daşınar seçki qutularında aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

100.2.13. daşınmaz seçki qutularında aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

100.2.14. etibarlı sayılan səslərin sayı;

100.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə — müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);

100.2.16. korlanmış seçki bülletenlərinin sayı;

100.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı.

100.3. Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.

100.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolları istisna olmaqla).

100.5. Protokollar dövlət dilində çap edilir.

100.6. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən geci 30 gün qalmış hazırlanır.

100.7. Poliqrafiya müəssisəsi yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə protokollar onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

100.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə protokollarını aldıqdan sonra səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 4 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

100.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyaları sədrləri məsuliyyət daşıyırlar.

100.10. Bu Məcəllənin 35.4-cü və 35.6-cı maddələrinə uyğun olaraq müstəsna hallarda səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda protokolların məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir.

100.11. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə “Əsli ilə düzdür” sözlərini yazdıqdan sonra onu imzalayır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Məcəllənin 42.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra alırlar.

100.12. Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver