Qanunvericilik › Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.09.2008) › Tam mətn

Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.09.2008)

Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.09.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı”nın I bölməsinin 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, aparılması və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir.

1.2. tikinti üçün layihə sənədləri sisteminin (TLSS) standartları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, inşaat işlərinin aparılması, nəzarəti və inşaat materiallarına aid standartları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci bəndi ilə müəyyən edilmiş səlahiyyətlərinə aid milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanmasını, təsdiq və respublika ərazisində tətbiq edilməsini həyata keçirsin. Milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı “İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli 217 nömrəli Qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol verilir. Bu sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdirilir.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi milli tikinti normativ sənədlərin hazırlanmasını dövlət büdcəsində həmin təşkilatlar üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 18 sentyabr 2008-ci il

1. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

2. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

3. 21 avqust 2019-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2019-cu il, № 183, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1469)

4. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262)

5. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver