Qanunvericilik › “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.08.2014) › Tam mətn

“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.08.2014)

“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.08.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 29 avqust 2014-cü il

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən hazırlanmışdır və sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar müvəqqəti ixrac olunan Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.

1.3. Mühafizə siyahısına daxil olan mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na əsasən tənzimlənir.

1.4. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.

1.5. Bu Qaydanın məqsədləri üçün mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Azərbaycan Respublikasının ərazisində olan mədəni sərvətlərin 36 (otuz altı) ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Azərbaycan Respublikasının ərazisindən aparılması başa düşülür.

2.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər (bundan sonra - mədəni sərvətlər) bu Qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilir.

2.2. Bu Qaydanın tətbiq olunduğu mədəni sərvətlər aşağıdakılardan ibarətdir:

2.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

2.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

2.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

2.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları;

2.2.5. səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri;

2.2.6. qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.);

2.2.7. şifahi xalq yaradıcılığı nümunələri;

2.2.8. arxeoloji və numizmatik xarakterli əşyalar;

2.2.9. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

3.1. Mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının rezidenti olan bütün hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

3.2. Mədəni sərvətlər yalnız aşağıdakı məqsədlərin həyata keçirilməsi üçün müvəqqəti ixrac edilə bilər:

3.2.2. bərpa işlərinin;

3.2.3. teatr, konsert və ya digər qastrol səfərlərinin;

3.2.4. təqdimatların;

3.2.5. beynəlxalq mədəniyyət tədbirlərinin.

3.3. Mədəni sərvətlərin müvəqqəti ixracının mümkünlüyü barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qərar qəbul edir.

3.4. Mədəni sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ərizə ilə müraciəti əsasında həyata keçirilir. Müraciətə qəbul edildiyi gündən 90 (doxsan) gün müddətində baxılıb qərar qəbul edilməlidir.

3.5. Müvəqqəti ixrac olunan dövlət və ya bələdiyyə muzeylərində, arxivlərində, kitabxanalarında və ya digər təşkilatlarında olan mədəni sərvətlər öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi istifadə oluna bilməz.

4.1. Bu Qaydanın 2.1-ci bəndində göstərilən mədəni sərvətlərin müvəqqəti ixracı bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qərarından sonra həyata keçirilir.

4.2. Mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilməlidir:

4.2.1. mülkiyyətçi tərəfindən mədəni sərvət üzərində hüquqların əldə edilməsinin əsası;

4.2.2. mədəni sərvətin təsviri;

4.2.3. mədəni sərvətin müvəqqəti ixrac edilməsinin məqsədi, şərtləri və müvəqqəti ixrac olunan ölkədə onun qalması müddəti.

4.3. Bu Qaydanın 4.2-ci bəndində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.3.1. mədəni sərvətlərin sayı ikidən çox olduqda, üç nüsxədə tərtib edilməklə onların siyahısı;

4.3.2. hər bir mədəni sərvətin ölçüsü ən azı 8x12 santimetr olan 3 ədəd fotoşəkli (arxiv sənədlərinin, möhürlərin, filateliya, numizmatika, bonistika əşyalarının fotoşəkli tələb olunmur);

4.3.3. mədəni sərvətin dəyərini müəyyən edən sənədlər;

4.3.4. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;

4.3.5. müvəqqəti ixrac olunan mədəni sərvətləri qəbul edən tərəflə bağlanılmış müvəqqəti ixracın məqsədini və şərtlərini müəyyən edən müqavilə;

4.3.6. müvəqqəti ixrac olunan mədəni sərvətlərin bütün sığorta risklərindən qorunmasını təsdiq edən əmlak sığortası müqaviləsi;

4.3.7. müvəqqəti ixrac olunan mədəni sərvətlərin lazımi qaydada saxlanılmasını və müəyyən olunmuş müddət bitdikdən sonra geri qaytarılacağını əks etdirən mədəni sərvətləri müvəqqəti qəbul edən tərəf və ya dövlət tərəfindən verilmiş zəmanət;

4.3.8. müvəqqəti ixrac olunan mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsini təsdiq edən mədəni sərvətin pasportunun surəti.

4.3-1. Bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4.4. Ərizə və ona əlavə edilən sənədlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində qeydiyyata alınır və qeydiyyat nömrəsi göstərilməklə müraciət etmiş şəxsə bir gün müddətində bildiriş göndərilir.

4.5. Ərizə və ona əlavə edilən sənədlər əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında olmasını yoxlayır və yoxlamanın nəticəsi barədə mülkiyyətçiyə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.

5.1. Aşağıdakı hallarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətlərin müvəqqəti ixracı barədə qərar qəbul edilmir:

5.1.1. ərizə və ona əlavə edilmiş sənədlər təqdim edilmədikdə (bu Qaydanın 4.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla);

5.1.2. mədəni sərvətin öz saxlanma şəraitinə görə yerini dəyişməsi məqsədəmüvafiq hesab edilmədikdə;

5.1.3. mədəni sərvətin mülkiyyətçisi məlum olmadıqda və ya mədəni sərvətin mülkiyyətçisinin tanınması barədə məhkəmədə mübahisə mövcud olduqda;

5.1.4. mədəni sərvətin müvəqqəti ixrac olunduğu ölkədə onun lazımi vəziyyətdə saxlanılmasına maneə yaradan silahlı münaqişə, fövqəladə və ya hər hansı qarşısıalınmaz hallar baş verdikdə;

5.1.5. mədəni sərvətin müvəqqəti ixrac olunacağı ölkə ilə Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadıqda.

6.1. Mədəni sərvətin müvəqqəti ixracının mümkünlüyü müəyyən edildikdə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi (bundan sonra - şəhadətnamə) verilir.

6.2. Şəhadətnamədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar da göstərilməlidir:

6.2.1. mədəni sərvətlərin siyahısı;

6.2.2. mədəni sərvətin aparıldığı ölkənin adı;

6.2.3. müvəqqəti ixracın məqsədi və müvəqqəti ixracın müddəti.

6.3. Şəhadətnaməyə aşağıdakı sənədlər əlavə edilməlidir:

6.3.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin möhürü ilə təsdiq edilmiş müvəqqəti ixrac olunan mədəni sərvətlərin siyahısı;

6.3.2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin möhürü ilə təsdiq edilmiş müvəqqəti ixrac olunan mədəni sərvətlərin fotoşəkilləri.

6.4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən şəhadətnamələrin reyestri aparılır.

6.5. Şəhadətnamə mədəni sərvətlərin Azərbaycan Respublikasının gömrük ərazisindən müvəqqəti ixrac olunması üçün əsasdır. Mədəni sərvətlərin müvəqqəti ixracı ilə bağlı verilmiş mühafizə şəhadətnaməsindəki məlumatlar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elektron qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.

6.6. Şəhadətnamə olmadan mədəni sərvətin Azərbaycan Respublikasının gömrük ərazisindən müvəqqəti ixrac edilməsi qadağandır.

6.7. Şəhadətnamə verildikdən sonra müvəqqəti ixrac olunan mədəni sərvətlərin geri qaytarılması barədə onları müvəqqəti ixrac edən şəxslə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında müqavilə bağlanılır.

7.1. Şəhadətnamənin verilməsindən sonra bu Qaydanın 4.3.5-ci yarımbəndində göstərilən müqavilənin şərtlərinin dəyişilməsi yolverilməzdir.

8.1. Müvəqqəti ixrac olunan mədəni sərvətlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir və həmin əşyaları 3 gün müddətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilir.

8.2. Müvəqqəti ixrac olunan mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib olunan ekspertizanın nəticələrində mədəni sərvətin müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti barədə nəticələr göstərilməlidir. Əgər müvəqqəti ixrac olunan mədəni sərvətin vəziyyətində dəyişikliklər olarsa, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki vəziyyətinin bərpa edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməli və şəxsin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması üçün dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir.

1. 29 dekabr 2017-ci il tarixli 611 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 yanvar 2018-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2556)

2. 26 oktyabr 2020-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1308)

3. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver