Qanunvericilik › Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Sərhəd mühafizə orqanlarının vəzifələri

Sərhəd mühafizə orqanlarıı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sərhəd mühafizə orqanları:

1) Dövlət sərhədini qanunla müəyyənləşdirilmiş qaydada mühafizə edir;

2) Dövlət sərhədini qanunsuz olaraq dəyişdirmək üçün göstərilən hər cür, cəhdlərin qarşısını alır;

3) Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf edir, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qoruyur, onların qarşısını alır;

4) şəxslərin və nəqliyyat vasitələrinin qanunsuz üsullarla Dövlət sərhədini keçməsinin qarşısını alır və buna yol vermir;

5) qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir;

6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir;

6-1) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;

7) əz səlahiyyəti həddində qanunla müəyyən edilmiş Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə əməl olunmasını təmin edir;

8) Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda cinayət işləri üzrə təhqiqat aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirir;

9) Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və ya olarkən hərbi və qeyri-hərbi gəmilərin müəyyən edilmiş rejimə əməl etməsi üzərində nəzarəti həyata keçirir;

10) xidmət rayonlarında Azərbaycan Respublikasının xüsusi vəkil edilmiş dövlət orqanlarına təbii ehtiyatların qorunması, ov qaydalarına əməl edilməsi üzərində nəzarət və təbii mühiti çirklənməkdən mühafizə işində lazımi kömək göstərir.

Yuxarıda göstərilənlərdən başqa sərhəd mühafizə orqanları:

1) hərbi hava və hərbi dəniz qüvvələri tərəfindən Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir;

2) Dövlət sərhədinin mühafizə olunmasında dövlət orqanları, müəssisələri, idarələri və təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir;

3) Azərbaycan Respublikasının təhlükəsizliyini təmin edən digər qüvvələr tərəfindən Dövlət sərhədinin mühafizəsi, Dövlət sərhədində şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyət kəsb edən mühüm mənafelərinin xarici və daxili təhlükələrdən qorunması ilə əlaqədar vəzifələrin yerinə yetirilməsinə kömək göstərir.

Dövlət sərhədinə, sərhəd çaylarına, göllərinə, digər sututarlara, dəniz sahilinə və ya Dövlət sərhədinin buraxılış məntəqəsinə bitişik rayonlarda və şəhərlərdə fövqəladə vəziyyətin hüquqi rejimi tətbiq edildikdə sərhəd mühafizə orqanlarına müstəsna olaraq Dövlət sərhədinin mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada digər vəzifələr həvalə edilə bilər.

Azərbaycan Respublikasının müdafiəsi sahəsində sərhəd mühafizə orqanlarının silahlı döyüş vasitələrinin tətbiqi ilə əlaqədar vəzifələri onların xüsusi hazırlığına, silah və hərbi texnika ilə təminatına, təşkilat-ştat strukturuna uyğun olaraq Azərbaycan Respublikasının hərbi doktrinası əsasında Azərbaycan Respublikasının Ali baş komandanı tərəfindən müəyyən edilir.

Sərhəd mühafizə orqanlarının onların təyinatı ilə əlaqədar olmayan vəzifələrin yerinə yetirilməsinə cəlb edilməsinə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir və onlardan hər hansı başqa məqsədlə istifadə olunması qadağandır. Zəruri hallarda sərhəd mühafizə orqanları Azərbaycan Respublikası Ali baş komandanının əmri ilə Azərbaycan Respublikasının müdafiəsi işinə cəlb oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver