Qanunvericilik › Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.11.2002) › Tam mətn

Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.11.2002)

Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.11.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının 1-ci bəndinin 7-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 165 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin təsdiq edilməsi Qaydası"nın ikinci bölməsinin 9-cu bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 26 noyabr 2002-ci il

1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir.

2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir.

3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir.

3-1. Tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən edilir.

4. Həkim-məsləhət komissiyasının tərkibi tibb müəssisəsinin rəhbəri tərəfindən müəyyənləşdirilir və ona biri həkim-narkoloq olmaqla, 3 nəfər həkim daxil olur. Komissiyasının fəaliyyətinə digər mütəxəssislər də cəlb edilə bilərlər.

5. Həkim-məsləhət komissiyasının tərkibinə daxil edilən həkim-narkoloq I ixtisas dərəcəsinə və ya azı 5 illik narkoloji xəstələri müalicəetmə təcrübəsinə malik olmalıdır.

6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir.

7. Tibbi yoxlama nəticəsində şəxsin narkoloji xəstəliyinin diaqnozu müəyyən və ya təsdiq edildikdə yaxud şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarını qəbul etməsi faktı müəyyən edildikdə, həmin şəxs qeydiyyata götürülür.

8. Könüllü müraciət zamanı tibbi yoxlama nəticəsində narkoloji xəstəlik diaqnozu təsdiqlənərsə, şəxsin istəyi ilə anonimlik və konfidensiallıq təmin olunmaqla, müalicə aparılır.

9. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədi ilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələr istehlak etməsi sübut edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair ümummilli məlumat bankına verilir.

10. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati, cinayət və mülki işin aparılması prosesində narkologiya sahəsində xüsusi biliyim olması tələb olunarsa, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunan şəxsə aid aşağıdakı hallarda narkoloji-tibbi yoxlama təyin edilə bilər:

cinayət məsuliyyətinə cəlb olunan, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin insan psixikasına təsir edən maddələrdən istifadə etməsi haqqında məlumat və həmin şəxsin narkoloji xəstəlikdən əzab çəkməsindən şübhələnməyə əsas olduğu hallarda;

insan psixikasına təsir edən maddələrin istifadəsi nəticəsində cinayət, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törədən zaman şəxsdə psixotik pozuqluqlar müşahidə olunarsa, onun anlaqlı və ya anlaqsız vəziyyətdə olmasını müəyyənləşdirmək üçün müvafiq istintaq və ya məhkəmənin qərarı əsasında (ambulator və ya stasionar şəraitində): bu hallarda tibbi yoxlamanın nəticəsinə əsasən müvafiq tibbi xarakterli məcburi tədbirlər haqqında məsləhət verilə bilər;

mülki proseslərdə insan psixikasına təsir edən maddələrdən sui-istifadə nəticəsində vətəndaşın fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məsələsi haqda, həmin vətəndaşın narkoloji xəstə olub-olmamasına müəyyən etmək üçün;

inzibati xətalar haqqında işlər üzrə icraat zamanı inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün;

inzibati, cinayət və mülki işin aparılması gedişində narkologiya sahəsində biliyin olması tələb olunduğu digər hallarda.

11. İnzibati, cinayət və mülki materiallar, tibbi sənədlər, yoxlama rəyləri, şəkim-məsləhət komissiyasının işi haqqında hesabat, istintaq və ya məhkəmə orqanları ilə yazışma xüsusi seyflərdə saxlanılır.

12. Yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim-məsləhət komissiyasının rəyinin surəti və s.) yalnız istintaq orqanına, prokurora, məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilir. Tibbi sənədlərin verilməsi üçün göstərilən orqan və ya idarələrin, məqsəd göstərilməklə, müvafiq yazılı sorğusu əsasdır.

13. Tibbi yoxlamanın nəticəsi barədə müvafiq tibbi sənədlər narkoloji müəssisənin rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən verilir.

14. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə məhkəmə ekspertləri üçün müəyyən olunmuş hüquq və vəzifələr istintaq orqanlarının və ya məhkəmənin qərarı, habelə icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında tibbi yoxlamanı aparan həkim-məsləhət komissiyasının həkimlərinə və həkim-narkoloqlara da şamil edilir.

15. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri hərəkətlərində və çıxardıqları nəticələrdə müstəqildirlər və tibb elminin müvafiq tövsiyələrini, məhkəmə yoxlaması aparılması haqqında qanunları, eləcə də bu Qaydanı əldə rəhbər tuturlar.

16. Tibb yoxlamanın nəticəsi yoxlama aparılması haqqında istintaq orqanlarının və ya məhkəmənin qərarının komissiyaya daxil olduğu andan 15 gün müddətində istintaq aparan şəxsə-müstəntiqə, prokurora və ya məhkəməyə göndərilməlidir. Əlavə materialların təqdim olunması haqqında komissiya üzvləri yazılı müraciət etdiyi hallarda yoxlama müvəqqəti dayandırılır və həmin materiallar təqdim edildikdən sonra bərpa olunur.

16-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

16-2. Həkim-narkoloq qarşısında qoyulmuş sualları ambulator şəkildə həll edərək, tibbi yoxlamanın nəticəsi barədə rəy tərtib edir və rəydə aşağıdakılar əks etdirilir:

16-2.1. tibbi yoxlama keçirən şəxsin soyadı, adı, atasının adı, yaşı, yaşadığı yer;

16-2.2. tibbi yoxlama aparılmasının vaxtı və yeri;

16-2.3. tibbi yoxlamanın aparılması üçün əsas verən sənəd (icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti);

16-2.4. həkim-narkoloq qarşısında qoyulan suallar;

16-2.5. tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması.

16-3. Rəy həkim-narkoloq tərəfindən imzalanır və narkoloji müəssisənin möhürü ilə təsdiq edilir.

16-4. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyır.

17. Komissiya üzvləri qarşısında qoyulmuş sualları ambulator şəraitdə həll etmək mümkün olmadıqda və müayinə olunanı stasionar şəraitdə müşahidə etmək zərurəti yarandıqda, stasionar tibbi yoxlama təyin oluna bilər. Həbsdə olan şəxslərin stasionar tibbi yoxlanması həbsdə olanlar üçün məhkəmə-psixiatrik ekspertiza şöbələrində aparılır və müvafiq stasionar məhkəmə-psixiatrik ekspert komissiyasının üzvləri tərəfindən həyata keçirilir. Stasionar tibbi yoxlama ambulator tibbi yoxlama komissiyasının əsaslandırılmış rəyinə əsasən iş aparan orqan tərəfindən təyin olunur. Müayinə edilənin stasionarda qalma müddəti 20 gündən artıq olmamalıdır.

18. Tibbi yoxlama təyin etmiş orqan yoxlama obyektinə aid lazımi tibbi sənədlər əlavə olunmuş inzibati, cinayət və mülki iş materiallarını komissiya üzvlərinə təqdim etməyə borcludur.

19. Komissiyaya təqdim olunmuş materiallar rəy verilməsi üçün kifayət etmirsə, o zaman komissiya üzvləri əlavə materialların və tibbi sənədlərin təqdim olunması üçün tibbi yoxlamanı təyin etmiş orqana müraciət edirlər. Bu sənədlər təqdim olunmadığı halda, komissiya üzvləri rəy verilməsinin mümkün olmaması haqqında yoxlama təyin etmiş orqana yazılı məlumat verirlər.

20. Tibbi yoxlama aparılarkən müayinə edilən şəxsdə ruhi pozuqluq aşkar olunarsa, komissiya qoyulmuş suallara cavab verməklə bərabər öz rəylərində məhkəmə psixiatrik ekspertizasının təyin olunması zərurətini də göstərir.

21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur və bu rəydə aşağıdakılar əks etdirilir:

tibbi yoxlama keçirən şəxsin soyadı, adı, atasının adı, yaşı, yaşadığı yer;

tibbi yoxlama aparılmasının vaxtı və yeri;

tibbi yoxlamanı aparmış tibbi-məsləhət komissiyasının üzvləri haqqında məlumat (soyadı, adı, atasının adı, təhsili, ixtisası, elmi dərəcəsi və rütbəsi, vəzifəsi);

tibbi yoxlamanın aparılması üçün əsas verən sənəd (müvafiq istintaq və ya məhkəmənin qərarı);

komissiya qarşısında qoyulan suallar;

tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması.

Rəy komissiyanın bütün üzvləri tərəfindən imzalanır və tibbi yoxlama komissiyasının təşkil olunduğu müəssisənin möhürü ilə təsdiq edilir.

Komissiya üzvləri arasında fikir ayrılığı olduqda, komissiyanın digər üzvlərinin rəyi ilə razılaşmayan həkim ayrıca rəy tərtib edir və yoxlama təyin etmiş orqana göndərir.

Komissiyanın hər bir üzvü aparılmış müayinələrə və imzalandığı rəyə görə şəxsi məsuliyyət daşıyır.

1. 06 mart 2015-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 mart 2015-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 327)

2. 15 fevral 2016-cı il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 387)

3. 23 fevral 2016-cı il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2016-cı il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 604)

4. 30 oktyabr 2021-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1198)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver