Qanunvericilik › Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025) › Tam mətn

Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025)

Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi və bu hüquqların pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq

1. ŞƏXSİYYƏT HÜQUQLARININ MAHİYYƏTİ, DAİRƏSİ VƏ QANUNİ TƏMİNATLARI

1.1. Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır.

1.2. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur.

1.3. Şəxsiyyət hüquqlarına Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) III fəslində sadalanan hüquq və azadlıqlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə və daxili qanunvericilik aktlarında təsbit edilmiş sair hüquqlar (valideynlik, uşaqla ünsiyyət, unudulmaq hüquqları və s.) aiddir.

1.4. Nəzərə alınmalıdır ki, insan varlığını təşkil edən dəyərlərin sadalanması mümkün olmadığı üçün şəxsiyyət hüquqlarının dairəsi qeyri-məhduddur. Ona görə də qanunvericilikdə birbaşa göstərilən hüquqlarla yanaşı, bu qərarın 1.1-ci bəndində sadalanan xüsusiyyətlərə malik olan digər hüquqlar və azadlıqlar da insanın ləyaqətinin və dəyərinin qorunması məqsədilə şəxsiyyət hüquqları çərçivəsində qiymətləndirilə bilər.

1.5. Bu hüquqlar fiziki şəxslə yanaşı, bəzi hallarda hüquqi şəxslərə də aiddir. Hüquqi şəxsin öz adından şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ qanunda nəzərdə tutulmuşdur. Ad hüququ, işgüzar nüfuzun qorunması, kommersiya sirrinin qorunması, unudulmaq hüququ, olduğu yeri seçmək azadlığı və s. hüquqi şəxsin qeyri-əmlak hüquqları sayılır. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar mahiyyətinə uyğun gəldiyi halda hüquqi şəxslərə də şamil olunur.

1.6. Şəxsiyyət hüquqlarının toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı konstitusion səviyyədə təminat altına alınmışdır. Dövlət hər kəsin şəxsiyyət hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

1.7. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

1.8. Eyni zamanda şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri kimi qanunda əks olunmuşdur.

1.9. Qeyd edilən vəzifələrin nəzərə alınması, prinsiplərin rəhbər tutulması mülki hüquq münasibətlərində iştirak edən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslərin qanundan irəli gələn öhdəliyidir. Sadalanan subyektlər şəxsiyyət hüquqlarının maneəsiz şəkildə həyata keçirilməsinə, pozulduqda isə onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

1.10. Eyni zamanda şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan məhkəmələr müqavilə şərtlərinin, hüquq normalarının təfsir olunmasında və ümumilikdə hüququn tətbiqində şəxsiyyət hüquqlarının konstitusion təminatını, mülki qanunvericiliyin bununla bağlı əsas vəzifələrini və prinsiplərini nəzərə almalıdırlar.

2. MÜXTƏLİF NÖV ŞƏXSİYYƏT HÜQUQLARI

2.1. Yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüququ

2.1.1. Yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Bütün digər hüquqların mövcudluğu məhz bu hüquqa bağlıdır. Hər bir insan dünyaya gəldiyi andan etibarən yaşamaq, mövcudluğunu qorumaq, təhlükəsiz şəraitdə həyatını davam etdirmək hüququna malikdir. Bu hüquqdan heç kim könüllü olaraq imtina edə bilməz, dövlət onu qorumağa borcludur. Yaşamaq hüququ yalnız fiziki mövcudluğu deyil, həm də təhlükəsiz və insan ləyaqətinə uyğun şəraitdə yaşamağı nəzərdə tutur. Bu hüquq Konstitusiyanın 27-ci maddəsi ilə təminat altına alınmışdır.

2.1.2. Sağlamlıq hüququ - yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Bu hüquq Konstitusiyanın 41-ci maddəsi ilə təminat altına alınmışdır.

2.1.3. Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Bu hüququn konstitusion əsasını Konstitusiyanın 46-cı maddəsinin III hissəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə bu hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsinə daxil olan şəxsiyyət hüququ kimi qiymətləndirir.

2.1.4. Bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslar olmadan bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı hüquqazidd müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) həyat üçün təhlükəli olub-olmamasından asılı olmayaraq, bu hüququn pozulması sayılır. Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.

2.2. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüququ

2.2.1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

2.2.2. Şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.

2.2.3. Ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.

2.2.4. İşgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.

2.2.5. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir.

2.2.6. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır.

2.2.7. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir.

2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır.

2.2.9. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir.

2.2.10. Şəxsin barəsində tənqid, habelə qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələr onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmadığından, bu əsasla şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələbləri istisna edilir. Belə məlumat və ya ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini, yoxsa şəxsin məsələyə dair subyektiv qiymətləndirməsini ehtiva etməsinə diqqət yetirilməlidir. Belə ki, faktların təsviri məlumatların həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir.

2.2.11. Qiymətləndirici fikir və mülahizələrin iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, təhqiredici formada ifadə edilməsi şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

2.2.12. Bununla yanaşı, qiymətləndirici fikirlərin və mülahizələrin qəsdən pis niyyətlə (şəxsin cəmiyyətdə və ya kollektivdə nüfuzdan salınması və s.) və ya qarşı tərəfə zərər yetirmək məqsədi ilə işlədilməsi hüquqdan sui-istifadə hesab olunmaqla, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilədir.

2.2.13. Təhqir və böhtana görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması zərərçəkmiş şəxsin şəxsiyyət hüquqlarının mülki mühakimə icraatı qaydasında müdafiəsini (təsbit iddiaları istisna olmaqla) və vurulmuş mənəvi zərərin kompensasiyasını tələb etmək hüququnu istisna etmir.

2.2.14. Özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, digər hal qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır.

2.2.15. Şəxsin Konstitusiyanın 63-cü maddəsi şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. İstinad edilən konstitusion norma ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Bu hüquq barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirsizliyini qoruyur. Bu hüququn müdafiəsi (hüququn pozulmasının təsbit edilməsi, yayılmış məlumatların silinməsi, yayılmanın qarşısının alınması, düzəliş edilməsi, təkzib edilməsi və s.) və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququ istisna etmir. Bu hüququn cinayət mühakiməsi icraatının məhkəmənin hökm və ya qərarının qanuni qüvvəyə minməsinədək olan dövrün hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır.

2.2.16. Məhkəmələr yayılmış məlumatların, ifadələrin və edilmiş hərəkətlərin şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldan məzmunda olmasının müəyyənləşdirilməsi üçün buna yalnız xüsusi biliyin tələb olunduğu halda ekspertiza təyin etməlidirlər. İfadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla, hakimin özü tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olduğu halda, iş üzrə məhkəmə-linqvistik ekspertizaları təyin edilməməlidir. Ekspertiza təyin edildiyi halda isə xüsusi bilik tələb etməyən aydın anlaşılan söz və ifadələrlə bağlı (məsələn, “şərəfsiz”, “alçaq”, “dələduz”, “həyasız”, “qanmaz” və s.) şərəf və ləyaqətin, habelə işgüzar nüfuzun ləkələnməsi məsələsinə dair suallar, o cümlədən hüquqi xarakterli və ekspertin xüsusi biliyindən kənar məsələlərə dair suallar qoyulmamalı, habelə nalayiq şəkildə ifadə olunan sözlər və açıq söyüşlərdən ibarət materiallar (şifahi və ya yazılı şəkildə) təqdim edilməməlidir.

2.2.17. Dialektdən və məzmundan asılı olaraq, eyni söz müxtəlif bölgələrdə və məqamlarda fərqli məna daşıya bilər. Bu baxımdan ifadənin qiymətləndirilməsi konkret kontekstdə və işlədildiyi bölgədə qəbul olunan məna nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bir yerdə hörmət, ehtiram, rəğbət ifadə edən söz, başqa yerdə alçaldıcı və istehzalı xarakter daşıyaraq şərəf və ləyaqəti alçaldan ifadəyə çevrilə bilər.

2.2.18. Yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür.

2.2.19. Yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər.

2.2.20. Media subyektləri vasitəsi ilə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olan yayılmış məlumatlar, ifadələr və hərəkətlərə görə bu pozuntuya yol verən şəxslə yanaşı, efirin canlı və ya audio-videoyazı yolu ilə verilməsindən asılı olaraq, media subyektinin məsuliyyəti fərqləndirilir. Belə ki, yayılma audio-videoyazı yolu ilə edildiyi halda, pozuntuya yol vermiş şəxslə yanaşı, media subyekti də məsuliyyət daşıyacaqdır.

2.2.21. Yayılma canlı efirdə baş verdiyi halda isə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən media subyektinin məsuliyyəti istisna edilir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan normanın məzmunu əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxışı ehtiva edir. Çıxışların mütəmadi efirə gedən proqramların müxtəlif buraxılışlarında və ya silsilə şəklində davam etdirilməsi planlaşdırılmayan və proqnozlaşdırılmayan canlı yayım kimi qiymətləndirilməsini istisna edir. Bunun əksi, yəni silsilə şəklində davam edən canlı yayımlarda efirə getmiş proqramlarda baş verə biləcək hallara və çıxışlara görə media subyektinin qeyd olunan normaya istinad edilməklə, məsuliyyətdən kənarda saxlanılması hüquqdan sui-istifadə ilə nəticələnə bilər. Xüsusilə proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı hallarda, media subyektinin bu riskin qarşısının alınması məqsədilə canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməli olduğu nəzərə alınmalıdır.

2.2.22. Publik şəxslərə münasibətdə yuxarı qurumlara və ya aidiyyəti orqanlara edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən hüquqazidd əməl kimi qiymətləndirilməməlidir. Bu zaman vəzifəli şəxslər digər şəxslərdən fərqli olaraq, publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməlidirlər.

2.2.23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də müxtəlif qərarlarında göstərmişdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi digərlərinin nüfuzlarını qorumaq məqsədi ilə söz azadlığının məhdudlaşdırıla bilməsini qəbul etsə də, bu sahə üzrə qanunvericilik dövlətin vəzifəli şəxslərinin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmamalıdır. Məqbul hesab edilən tənqidin hüdudları özəl şəxslə müqayisədə siyasətçiyə münasibətdə daha genişdir. Sonuncu hər hərəkətinin və sözünün jurnalistlər və cəmiyyət tərəfindən tənqidi araşdırmaya məruz qalacağının qaçılmaz olduğunu bilməli olduğundan, daha çox dözümlülük nümayiş etdirməlidir. Öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları da siyasətçilər kimi özəl şəxslərdən fərqli olaraq, daha geniş tənqidlərə məruz qala bilərlər.

2.2.24. Nəzərə alınmalıdır ki, publik şəxsə münasibətdə bu qərarın 2.2.22-ci bəndində göstərilən hədləri aşan, aşkar surətdə şərəf və ləyaqəti alçaldan məlumatlar və ya təhqiredici ifadələr, habelə onun publik səlahiyyətləri ilə bağlı olmayan yalan, ittihamedici məlumat və ifadələr hüquqazidd əməl hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulması əsasını təşkil edə bilər.

2.2.25. Yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəf və ləyaqətini alçaltmasa da, onun işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Məsələn, seçkili orqana namizədliyini irəli sürən şəxsin rəsmi olaraq bəyan etdiyindən daha artıq əmlaka malik olması ilə bağlı yalan məlumatın yayılması onu seçiciləri arasında nüfuzdan sala və ona zərərin vurulması üçün əsas ola bilər.

2.2.26. Şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıb-yaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edib-etməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər.

2.2.27. Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda, barəsində bu cür məlumatlar yayılmış şəxs bu məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını məhkəmədə xüsusi icraat qaydasında tələb edə bilər. Bu halda məlumatın yayıldığı mənbə maraqlı şəxs qismində cəlb edilməlidir. Məsələn, həqiqi adını gizli saxlayan şəxs tərəfindən internet sosial şəbəkəsində həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda, həmin sosial şəbəkə maraqlı şəxs qismində işə cəlb olunacaqdır.

2.3. İşgüzar nüfuzun müdafiəsi hüququnun xüsusiyyətləri

2.3.1. Bu qərarın 2.2.4-cü bəndində müəyyən edilən anlayışdan göründüyü kimi, qeyri-əmlak hüquqlarından biri olan işgüzar nüfuz həm sahibkarlıq, həm də digər peşəkar fəaliyyəti əhatə etdiyindən onun subyektləri dairəsinə kommersiya, qeyri-kommersiya hüquqi şəxsləri və fiziki şəxs qismində fərdi sahibkarlarla yanaşı, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də aiddir.

2.3.2. İşgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir.

2.3.3. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması isə yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər.

2.3.4. İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarlarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yer tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur.

2.3.5. İşgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır.

2.3.6. Bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. Məsələn, müvafiq malların satışı ilə məşğul olan şəxsin barəsində müştərilərin aldadılmasına dair, yaxud da təmir-tikinti işləri görən şirkətin bu fəaliyyət üçün müvafiq razılıq olmadan qanunsuz fəaliyyət göstərməsinə dair məlumatlar.

2.3.7. Bu qərarda əks olunmuş ümumi yayılma üsulları ilə yanaşı, işgüzar nüfuzu ləkələyən məlumatların reklamlarda da yayılmasının mümkünlüyü nəzərə alınmalıdır. Belə reklamlar “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.2-ci maddəsinə görə haqsız reklam hesab olunur.

2.3.8. Bu cür məlumatlar digər kommersiya subyekti tərəfindən yayıldıqda haqsız rəqabət haqqında qanunvericiliyin normaları da nəzərə alına bilər. Belə ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi), rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi) rəqib təsərrüfat subyektini nüfuzdan salan hərəkətlər hesab edilir.

2.3.9. İstinad olunan maddənin məzmunundan göründüyü kimi, norma rəqibi nüfuzdan salan hərəkətləri və yayılan məlumatların dairəsini müəyyən edir. Bu maddənin dispozisiya şərtlərinin mövcudluğu üçün şəxs üç hərəkətdən birini sübut etməlidir: 1) məlumatın yayılması; 2) bu cür məlumatların yayılmasının təşkili; 3) rəqibin məhsulundan (əmtəəsindən) imtina etməyə əsassız çağırışların edilməsi. Sözügedən normada yayılan məlumatların yalan və ya təhrif olunmuş olması şərtləndirilməklə, şərti olaraq iki növü müəyyən edilmişdir. İlk qrupa rəqib subyektin özünə aid məlumatlar – maliyyə vəziyyəti, ümumi işgüzar nüfuzu, istehsalat imkanları aiddir. İkinci qrup məlumatlar isə məlumat yayan şəxsin rəqibinin təklif etdiyi məhsulun keyfiyyəti ilə bağlıdır.

2.3.10. İşgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyə-təsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər.

2.3.11. Vurulmuş maddi zərərin qiymətləndirilməsi baxımından iddiaçı öz tələblərini əsaslandırmaq üçün məlumatların yayılmasını və bunun nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsini təsdiq edən sübutlarla yanaşı, bu məlumatların yayılması səbəbindən onun real zərər və ya əldən çıxmış fayda formasında maliyyə itkilərinə məruz qaldığını təsdiq edən sübutları da (müxtəlif illər üzrə olan göstəriciləri müqayisə etməyə imkan verən maliyyə-mühasibatlıq sənədləri, vergi hesabatları, audit rəyləri, biznes tərəfdaşları və müştərilərlə yazışmalar və s.) işə baxan məhkəməyə təqdim etməlidir.

2.3.12. Həqiqətə uyğun olan məlumatların yayılması isə işgüzar nüfuzun ləkələnməsinə səbəb olmasa da, bu hal qanunla qorunan kommersiya və peşə sirri kimi digər qeyri-əmlak hüquqlarına hüquqazidd müdaxilə hesab olunduğu və ya haqsız rəqabətlə nəticələndiyi halda, həmin hüquqların müdafiəsi ilə bağlı məlumatların silinməsi, reklam yayımının qadağan edilməsi, maddi zərərin tutulması, habelə fiziki şəxslərə münasibətdə mənəvi təzminat tələbindən istifadə oluna bilər.

2.3.13. Fərdi sahibkarlara, habelə hüquqi şəxslərə məxsus təsvirlərin (emblem, blank, tanınma nişanı, etiket markası və s.) və ya həmin təsvirlərə bilərəkdən oxşadılmış yaradıcılıq məhsullarının haqsız rəqabət, habelə anti-reklam məqsədilə yayılması işgüzar nüfuzun zədələnməsinə səbəb ola bilər.

2.3.14. Əmək münasibətlərindən yaranan işgüzar nüfuzun müdafiəsi tələblərinə baxılarkən, tələbin maddi hüquqi əsasını əmək qanunvericiliyinin müvafiq normalarının təşkil etdiyi nəzərə alınmalıdır.

2.4. Şəxsi toxunulmazlıq hüququ

2.4.1. Şəxsi toxunulmazlıq hüququ təməl şəxsiyyət hüquqlardan biri kimi Konstitusiyanın 32-ci və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddələrində geniş şəkildə açıqlanmaqla, hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığını qoruma altına alır.

2.4.2. Konstitusion mənada şəxsi toxunulmazlıq şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını (ad, səs, təsvir, şəxsi, ailə və yazışma sirrinin qorunması, unudulmaq hüququ və s.) nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.

2.4.3. Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xəbəri olmadan və ya etirazına baxmadan izlənilməkdən, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalmaqdan müdafiə olunmaq, o cümlədən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüquqlarını əhatə edir.

2.4.4. Şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən müdafiə olunmaq hüququ yuxarıda qeyd edilənlərlə yanaşı, şəxsin avtomobilinə, xidməti otağına və ləvazimatlarına, ona məxsus ev heyvanlarına və bitkilərinə, habelə şəxsi xüsusiyyətə malik digər əşyalarına da şamil edilir. Məsələn, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olma şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə hesab olunur.

2.4.5. Şəxsi həyata dair məlumatlara hər bir şəxsin fərdi məlumatları, o cümlədən tibbi məlumatları, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatları aiddir.

2.4.6. Fərdi məlumat dedikdə, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Bu məlumatlara ad, səs, təsvir, ünvan, ailə vəziyyəti, boy, yaş, cins və bu kimi digər əlamətləri əks etdirən eyniləşdirmə məlumatları aiddir. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanılması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

2.4.7. Ailə həyatına dair məlumatlara isə ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar aiddir.

2.4.8. Bu hüquqlar, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlı 21-ci fəslinin aidiyyəti normaları ilə də qorunmaqdadır. Bununla belə, həmin hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb ola bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxs onun şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını və onların yayılması nəticəsində vurulmuş zərərin kompensasiyasını tələb edə bilər.

2.4.9. Dövlət orqanlarının və digər şəxslərin bu hüquqlara müdaxiləsi yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Müdaxilənin qanuniliyi yoxlanılarkən bu qərarın 4.24-cü bəndində göstərilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da aydınlaşdırılmalıdır. Bununla yanaşı, əvvəllər bu məlumatların ictimaiyyət üçün açıq olub-olmaması və ya şəxsin özü tərəfindən ictimaiyyətə açıqlanması da əməlin hüquqazidliyini aradan qaldıra bilər. Məsələn, bir şəxsin internet resursunda əlaqə məlumatlarını, gördüyü işləri, iş ortaqlarını üçüncü şəxslərin sərbəst şəkildə daxil olub görə biləcəyi formada paylaşması onun tərəfindən həmin məlumatların ictimaiyyətə açıqlanması hesab edilir.

2.4.10. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

2.4.11. Xüsusilə qeyd edilməlidir ki, iş yerlərinin, habelə digər qurumlar, idarə və müəssisələrin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatlar insan resurslarını idarə edən məsul şəxslər tərəfindən qorunmalıdır, həmin məlumatların yayılmasına görə həmin şəxslər, müvafiq olaraq işəgötürənlər, qurumlar, idarə və müəssisələr məsuliyyət daşıyırlar.

2.4.12. Müvafiq klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər göstərdikləri xidmətlə bağlı özlərində (informasiya sistemlərində) olan fərdi məlumatları qorumağa borcludurlar, həmin məlumatların yayılmamasına, habelə şəxsin razılığı və ya qanuni əsaslar olmadan onun elektron hökumət portalında mövcud olan baza məlumatlarına daxil olunmamasına məsuldurlar, göstərilənlərin əksi şəxsi toxunulmazlıq hüququna müdaxilə hesab edilir.

2.4.13. Əməlin hüquqazidliyinə qiymət verilərkən şəxsi və ailə həyatına dair məlumatların əldə edilmə üsulu da aydınlaşdırılmalıdır. Əldə etmə ona yönəlmiş niyyətlə əhatə olunan aktiv hərəkətlə müşayiət olunmalıdır. Bu baxımdan həmin məlumatların şəxsə iradəsindən kənar şəkildə, təsadüfən məlum olması onun tərəfindən məlumatın aid olduğu şəxsin əleyhinə istifadə olunmadığı, ehtiyatsızlıqdan və ya qəsdən yayılmadığı hallarda hüquqazidd hesab olunmayacaqdır. Məsələn, eyni modeldən olan mobil telefonların dəyişik düşməsi nəticəsində telefonu səhvən əldə edən şəxsin onu açarkən təsadüfən şəxsi sirr təşkil edən fotoşəkil və ya yazışmanı görməsinə görə məsuliyyəti bu məlumatları istifadə etmədiyi və ya yaymadığı təqdirdə istisna olunur.

2.4.14. Əldə edilmə üsulundan asılı olmayaraq, şəxsi və ailə sirri təşkil edən həqiqətə uyğun olan məlumatların istifadəsi, yayılması və ya ona aid olan şəxsə pis niyyətlə (ələ salmaq, lağ eləmək, alçaltmaq, nüfuzdan salmaq və s. bu kimi aşağılayıcı məqsədlər) bildirilməsi müvafiq olaraq şərəf və ləyaqətin ləkələnməsinə səbəb olmasa da, bu hal məlumatın məzmunundan asılı olaraq, şəxsi toxunulmazlıq və digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna bilər. Məsələn, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, intim və ya nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) şəxsin razılığı olmadan yayılması və ya özünə pis niyyətlə bildirilməsi onun şəxsi həyat toxunulmazlığına hüquqazidd müdaxilə hesab olunacaqdır. Xüsusilə şəxsi, ailə və yazışma sirri təşkil edən məlumatların aid olduğu şəxslərin razılığı olmadan televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.

2.4.15. Şəxsi və ailə sirri təşkil edən həqiqətə uyğun olan məlumatlarla yanaşı, həqiqətə uyğun olmayan məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması da şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə hesab edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsi) tələb edə bilər.

2.4.16. Yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb ola bilər. Məsələn, mediada nikahda olan şəxsin məhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etməsi barədə yalan məlumatın yayılması.

2.4.17. Publik şəxslərə münasibətdə şəxsi və ailə həyatına hörmət hüququna müdaxilənin qanuniliyinə, həm də ictimai maraqların mövcudluğu baxımından qiymət verilməlidir. İctimai maraq - cəmiyyətin ümumi rifahı, təhlükəsizliyi, əmin-amanlığı və inkişafı üçün vacib olan məsələlərə yönəlmiş ictimai diqqətdir. Publik şəxsə münasibətdə ictimai maraq isə cəmiyyətin ümumi rifahı və digər maraqları baxımından həmin şəxslə bağlı müəyyən məlumatlara çıxış imkanı verən ictimai diqqətdir. Həmin şəxslərin davranışları, qərarları və fəaliyyəti cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etdiyindən, publik fəaliyyəti ilə yanaşı, ictimai maraqların tələb etdiyi hədlərdə onların şəxsi həyatı da ictimai nəzarətə açıq olmalıdır. Odur ki, digər şəxslərdən fərqli olaraq publik şəxslərə münasibətdə müdaxilənin hüquqaziddliyini istisna edən ictimai marağın, habelə bu maraqlarla müdaxilənin həddi arasında mütənasibliyin mövcudluğu aydınlaşdırılmalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar onun şəxsi toxunulmazlıq hüququ ilə əhatə olunsa da, bu barədə məlumatların əldə edilməsi və yayılması həmin şəxsin bələdiyyənin büdcəsi üzərində sərəncam verməklə bağlı publik səlahiyyətlərə malik olması baxımından mümkün korrupsiya hallarına ictimai nəzarətin həyata keçirilməsi üzrə cəmiyyətin legitim maraq dairəsinə daxil olduğundan, habelə bu ictimai maraqla müdaxilənin həddi arasında mütənasiblik qorunduğundan müdaxilə hüquqazidd hesab olunmayacaqdır. Bundan fərqli olaraq, onun uşağının fiziki qüsurlu olması ilə bağlı məlumatlar həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmədiyindən, şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaqdır.

2.4.18. Şəxsi toxunulmazlığı pozan məlumatın yayılmasına görə həmin məlumatı yaymış şəxslə yanaşı, məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən, bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr də məsuliyyət daşıyırlar.

2.4.19. Fiziki şəxs öldükdə onun şəxsi və ailə həyatına hörmət hüququnun müdafiəsi vərəsələri tərəfindən həyata keçirilə bilər.

Şəxsi yazışmaların toxunulmazlığı

2.4.20. Şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüququna təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

2.4.21. Bununla belə, bir şəxsin iradə ifadəsini əks etdirən danışıqların onların bildirildiyi şəxs tərəfindən həmin münasibət barədə yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar onun tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mübahisənin həlli zamanı istifadə edilməsi yazışmaların toxunulmazlığını pozmur.

2.4.22. Konstitusiya Məhkəməsi öz qərarında yazışmaların istənilən formada istifadəsi deyil, yalnız mübahisənin həlli ilə bağlı məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim olunması qanunazidd hesab edilmir. Bu qaydadan kənar hər hansı müstəvidə olan mübahisə ilə bağlı yazışmaların mediada və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır.

2.4.23. Mülki hüquqi mübahisənin tərəfləri arasında olan yazışmalar istisna olunmaqla, bir qayda olaraq şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur. Məsələn, şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi hüquqazidd müdaxilə hesab olunduğu halda, valideynin yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxması pozuntu hesab olunmayacaqdır.

Ad, səs və təsvirin müdafiəsi hüququ

2.4.24. İnsanın ad, səs və təsvir kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

2.4.25. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Fiziki şəxsin adından qanunsuz istifadə edildikdə, habelə onun adı şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

2.4.26. Mülki qanunvericilikdə ad hüququ birbaşa olaraq fiziki şəxsə münasibətdə təsbit edilsə də, qanunvericiliyin təhlili onun hüquqi şəxslərə də şamil olunduğunu müəyyən edir. Fiziki şəxsin addan, ata adından və soyaddan ibarət ad hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur. Şəxsin ad hüququnun pozulmasına onun adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi (məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair aiddir.

2.4.27. Fiziki şəxsin təsviri şəxsin kimliyini birbaşa müəyyənləşdirməyə imkan verən istənilən görüntüsü, habelə görüntüsünün əks olunduğu istənilən daşıyıcını əhatə edir (məsələn, fotoşəkil, videoyazı, incəsənət əsəri, video oyun fiquru, karikatura, kukla və s.). Təsvirin yayılması onun hər hansı informasiya ehtiyatında, o cümlədən media və internet şəbəkəsində açıqlanması (yerləşdirilməsi) və ya hər hansı digər üsulla müvafiq təsvirlə şəxslərin tanış olmasına imkanın yaradılması, habelə hər hansı şəxs tərəfindən yayılmış təsvirin üzərində məqsədindən və formasından asılı olmayaraq, aparılan bütün növ əməliyyatları ehtiva edir.

2.4.28. Müasir dövrdə texnologiyanın sürətli inkişafı fonunda insan təsvirinin və səsinin ələ keçirilməsi, ötürülməsi və ya istifadəsi olduqca asanlaşdığından, bununla bağlı şəxslərin hüquqlarının mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz, habelə təsvir və səsindən istifadə oluna bilməz. Məsələn, şəxsin, o cümlədən tanınmış və ya publik şəxsin küçədə və ya restoranda razılığı alınmadan və ya digər qanuni əsaslar olmadan şəxsi danışıqlarının yazılması, evinə, xidməti və ya mehmanxana otağına, restoranların fərdi otaqlarına, avtomobilinə xəbəri olmadan quraşdırılmış cihaz vasitəsi ilə səs və görüntüsünün yazılması, yaxud görüntülərinin icazəsiz əldə edilməsi və (və ya) yayılması qanunla nəzərdə tutulmuş hallar istisna olunmaqla qadağandır.

2.4.29. Şəxsin təsvirinin qorunması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə də qorunma altına alınmışdır. Belə ki, bu hüquq əsasən şəxsin təsvirindən istifadəyə nəzarət hüququnu, o cümlədən təsvirin yayılmasını qadağan etmək imkanını nəzərdə tutur. Şəxsin təsvirindən istifadəyə nəzarət hüququnun müdafiəsi dövlətin Konvensiya ilə müəyyən edilmiş pozitiv öhdəliyini təşkil edir.

2.4.30. İctimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılması müəyyən şərtlər daxilində yolveriləndir. Belə ki, bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlardan (küçə və s.) fərqli olaraq, qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur. Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir.

2.4.31. Açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur. Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcəkdir.

2.4.32. Şəxsin küçədə və ya restoranda razılığı alınmadan və ya digər qanuni əsaslar olmadan yaxın təsvirinin müxtəlif vasitələrlə (mobil telefonla və s.) çəkilməsi qadağandır. Bundan fərqli olaraq, tanınmış şəxslər (müğənni, musiqiçi, şair, yazıçı, aktyor, idmançı və s.) və publik şəxslərə münasibətdə onların yaxın təsvirinin çəkilməsinə ictimaiyyət üçün açıq olmayan yerlər (evində, xidməti və ya mehmanxana otağında, restoranların fərdi otaqlarında və s) istisna olmaqla, razılığın alınması tələb olunmur.

2.4.33. Şəxsin təsvirinə və səsinə oxşar incəsənət məhsulunun (rəsm əsəri, montaj və ya süni intellekt vasitəsilə düzəldilmiş foto-videolar, karikaturalar, cizgi filmləri, kuklalar və s.) onun razılığı olmadan hazırlanması və yayılması, habelə şəxsin təsvirindən başqa biri tərəfindən icazəsiz istifadə olunması (məsələn, saxta sosial şəbəkə hesabları yaradılmaqla) şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə təşkil edir. Bunun pis niyyətlə edilməsi, həqiqəti əks etdirməməsi və ya alçaldıcı tərzdə ifadə edilməsi isə əlavə olaraq şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə də səbəb ola bilər.

2.4.34. Satirik və ya yumoristik janrda kütləvi nümayiş olunan əsərlər, veriliş və tamaşalarda hər hansı tanınmış şəxsin obrazının yaradılması yolu ilə edilən nümayişlərdə tənqid hədəfinin ictimai maraq doğurması baxımından bunun yol verilən olduğu nəzərə alınmalıdır. Bundan fərqli olaraq, ictimai maraq dairəsindən kənar təhqiredici, bayağı, alçaldıcı və ya ələsalıcı formada edilən hərəkətlər, şəxsin obrazının onun fiziki göstəricilərinin və ya qüsurlarının qabardılmış şəkildə təqdim edilməsi şəxsi toxunulmazlığı ilə yanaşı, şərəf, ləyaqət və işgüzar nüfuzunun pozulmasına da səbəb ola bilər.

2.4.35. Şəxsin razılığı alınmadan ona aid yayılmış hər hansı foto, audio və ya videomaterialın sonradan onun tərəfindən bəyənilməsi ilə bağlı aşkar hərəkətlər etməsi bu əməlin hüquqazidliyini aradan qaldırır. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyəndiyini açıq şəkildə bəyan etmişsə (yayılmış xəbərin linkini öz şəxsi hesabında paylaşmışa və ya hər hansı müsbət şərh yazmışsa və s.).

2.4.36. Unudulmaq hüququ rəqəmsal platformalarda əvəllər yayılımış şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur.

2.4.37. Bu hüquq yayılan məlumatların əsasən insanların şəxsi və sosial həyatlarına əsassız mənfi təsir göstərməsindən qorumaqla, milli qanunvericilikdə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.5-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə fərdi məlumat subyektinin informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur.

2.4.38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyır. Məhkəmə qərarlarında izah etmişdir ki, unudulma hüququ şəxsin hazırkı vəziyyətinə mənfi təsir göstərən internet şəbəkəsində mövcud olan keçmiş məlumatların silinməsi, dəyişdirilməsi və ya onlara çıxışın məhdudlaşdırılmasına dair həmin şəxsin marağına söykənir. Belə neqativ məlumatların ləğv edilməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər.

2.4.39. Nəzərə alınmalıdır ki, yayılmış hər hansı məlumat sonradan dövlət və ictimai maraq və ya aktuallığını itirmiş olsa da, iddianın qaldırıldığı zaman aid olduğu şəxsin mənafeyinə hər hansı mənfi təsiri yoxdursa, bu məlumatların silinməsinə yol verilmir.

2.4.40. Məlumatların aktuallığının itirilməsi dedikdə, əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımaması anlaşılır.

2.4.41. Şəxsin yaxınına münasibətdə ictimaiyyətə açıq məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı hərəkətlərin edilməsini tələb etmək hüququ həmin şəxsin ölümündən sonra bu məlumatların iddiaçının mənafeyinə mənfi təsir etdiyi halda yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi sübut olunmalıdır.

2.4.42. Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi.

2.4.43. Unudulmaq hüququna dair tələblərə baxılarkən məhkəmələr nəzərə almalıdırlar ki, əlçatanlığın məhdudlaşdırılması tələb olunan məlumatın yayıldığı zaman aid olduğu şəxsin buna razılığının, habelə bu qərarın 4.24-cü bəndində göstərilən əməlin hüquqazidliyini aradan qaldıran digər halların mövcudluğunun bu tələbin əsaslılığı baxımından əhəmiyyəti yoxdur. Məsələn, yol-nəqliyyat hadisəsi nəticəsində sifəti deformasiyaya uğramış şəxsin həmin vəziyyətini əks etdirən şəkillərinin informasiya resurslarından silinməsinin tələb edilməsi; fərdi sahibkar olan A-nın 2010-cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb edilməsi; tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulması barədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya resurslarından silinməsinin tələb edilməsi və s.

2.4.44. Məlumatlara əlçatanlığın məhdudlaşdırılması həmin məlumatların yerləşdirildiyi operatorlardan, o cümlədən onlayn rəqəmsal platformalardan, media subyektlərindən və s. tələb edilməlidir. Bu tələblər üzrə cavabdeh qismində həmin məlumatların yerləşdirildiyi subyektlər çıxış edirlər.

2.5.1. Azadlıq hüququ – şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur.

2.5.2. Bu hüquq Konstitusiyanın 28-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər.

2.5.3. Cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə

Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur.

2.5.4. Qeyd edilənlərlə yanaşı, azadlıq hüququnun fiziki şəxslər tərəfindən cinayət yolu ilə və ya ailə-məişət və digər münasibətlər çərçivəsində özbaşınalıq nəticəsində pozulması da yolverilməzdir. Məsələn, uşağın ölkədən digər valideynlə və ya təkbaşına çıxışına qanuni əsaslar olmadan mane olma uşağın, habelə himayəsində uşaq olan valideynin azadlıq hüququna hüquqazidd müdaxilə olduğundan onlara mənəvi zərərin vurulmasına səbəb ola bilər.

2.6. Mənzil toxunulmazlığı hüququ

2.6.1. Mənzil toxunulmazlığı hüququ - şəxsin yaşadığı yerə (mənzilə) hüquqazidd müdaxilədən qorunması hüququdur. Bu hüquq insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq, öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və hüquqazidd müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur.

2.6.2. Bu hüquq Konstitusiyanın 33-cü maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktları ilə qorunur.

2.6.3. Mənzil Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 2024-cü il 25 noyabr tarixli Qərarında əks olunmuş meyarlara cavab verən, şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir.

2.6.4. Mənzil toxunulmazlığı hüququ yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş və digər qanunla müəyyənləşdirilmiş əsaslarla məhdudlaşdırıla bilər. Məsələn, cinayət mühakimə icraatı zamanı axtarış, baxış və digər istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, mənzildə köməksiz vəziyyətdə olan şəxsin xilas edilməsi və ya yanğının söndürülməsi məqsədi ilə mənzilə daxil olma.

2.7. Sağlam ətraf mühitdə yaşamaq hüququ

2.7.1. Sağlam ətraf mühitdə yaşamaq hüququ – şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.

2.7.2. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər.

2.7.3. Sağlam ətraf mühitdə yaşamaq hüququ, həmçinin hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq, ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq, ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi, habelə ekoloji tarazlığının saxlanılması, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququnu əhatə edir.

2.7.4. Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə, fiziki (səs-küy, toz, radiasiya, istilik, vibrasiya və s.), kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.), bioloji (bakteriyalar, virus, göbələk və s.) və mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.) cəhətdən çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna), habelə başqa formada (ağacların qırılması, torpağın şoranlaşması və eroziyası, su hövzələrinin qurudulması, bioloji müxtəlifliyin azalması və s.) zərərdən azad ekosistem başa düşülür.

2.7.5. Yuxarıda qeyd edilən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.

2.7.6. Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.

2.7.7. Bununla yanaşı, qeyd edilməlidir ki, sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər. Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

3. MÜXTƏLİF HÜQUQ MÜNASİBƏTLƏRİNDƏN İRƏLİ GƏLƏN ŞƏXSİYYƏT HÜQUQLARI

3.1. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları

3.1.1. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları Konstitusiya, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən “Uşaq Hüquqlarına dair” Konvensiya, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarda təsbit edilmişdir.

3.1.2. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ, ər-arvadın özünə soyad seçmək hüququ, ər-arvadın hüquq bərabərliyi, valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ, uşaqların ad, ata adı və soyad daşımaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq, təhsil almaq, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmaqdan, istismar və zərərli təsirlərdən, cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq və sair hüquqlar aiddir. Aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqları olsa da, bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

3.1.3. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının əksəriyyəti qarşı tərəfin öhdəliyi ilə şərtləndirildiyindən, bu öhdəliklərin pozulması şəxsiyyət hüquqlarına müdaxilə ilə nəticələnən hüquqazidd əməl qismində çıxış edir. Məsələn, valideynlərdən birinin digərinə uşağı ilə ünsiyyətinə mane olması Ailə Məcəlləsinin 61.2-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin pozulmasına səbəb olmaqla, ünsiyyət istəyən valideynin uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüququna hüquqazidd müdaxilə hesab ediləcəkdir.

3.1.4. Ailə-hüquq münasibətləri subyektləri baxımından bu münasibətlərdən yaranan şəxsiyyət hüquqlarının aşağıdakı növləri fərqləndirilir: ər-arvadın şəxsiyyət hüquqları, valideynlərin (övladlığa götürənlərin) şəxsiyyət hüquqları, uşaqların (övladlığa götürülənlərin) şəxsiyyət hüquqları, habelə başqa qohum və digər şəxslərin (baba, nənə, doğma qardaş və bacılar, faktiki tərbiyəçilər və tərbiyə olunanlar, ögey uşaq və valideynlər və s.) şəxsiyyət hüquqları.

Ər-arvadın şəxsiyyət hüquqları

3.1.5. Ər-arvadın ailə qanunvericiliyi ilə müəyyən edilən hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir.

3.1.6. Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır.

3.1.7. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər. Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə qanunvericiliyinə zidd digər davranışlar.

3.1.8. Atalığa dair mübahisənin açılması zamanı nəzərə alınmalıdır ki, atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

3.1.9. Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər), habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz.

3.1.10. Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı, evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti və digər xüsusi hallar da nəzərə alınmalıdır.

3.1.11. Nikahın etibarsızlığı nəticəsində hüquqlarının pozulmasını iddia edən şəxsin mənəvi zərərin ödənilməsi tələbinə baxılarkən işin hallarından asılı olaraq, cavabdehin təqsiri, habelə nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması araşdırılmalıdır.

Valideynlərin şəxsiyyət hüquqları

3.1.12. Valideynlərin (övladlığa götürənlərin) uşaqları (övladlığa götürülənləri) barədə olan şəxsiyyət hüquqlarına onların tərbiyə və təhsilində iştirak etmək, ünsiyyətdə olmaq və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlar aiddir.

3.1.13. Nəzərə alınmalıdır ki, valideynlərin göstərilən hüquq və vəzifələrinə uşaqların yetkinlik yaşına çatması ilə, eləcə də yetkinlik yaşına çatmayan uşaqların qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etməsi ilə xitam verilir.

3.1.14. Valideynlərin uşaqlarına münasibətdə şəxsiyyət hüquqlarına yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək hüququ da aiddir. Valideynin əmək qabiliyyəti olmadığı hallarda yetkinlik yaşına çatmış uşaqlardan aliment və əlavə xərclər almaq hüququ isə özü-özlüyündə əmlak hüquqları olsa da, bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

3.1.15. Valideynin uşaqla ünsiyyət hüququnun qanuni əsaslar olmadan digər valideyn və ya başqa şəxslər tərəfindən pozulması (məhrum etmə, uşaqla bağları zədələyəcək dərəcədə məhdudlaşdırma, uşağa psixoloji təsir göstərməklə valideyni ilə bağlı pis fikir yaratma) onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə olduğundan, mənəvi zərərin yaranmasına səbəb ola bilər. Bu baxımdan ünsiyyət hüququ pozulmuş valideyn mənəvi zərərin kompensasiyası tələblərini uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair iddia ilə birlikdə və ya ayrılıqda qaldıra bilər. Bu zaman məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı, ünsiyyətin pozulduğu müddəti, valideynlə uşağın emosional bağlılığı və digər halları, habelə bu hüququn pozulmasının buna dair məhkəmə qərarının icra edilməməsi deyil, məhkəmə müstəvisinə çıxanadək ünsiyyət tələb edən valideynin cavabdeh tərəfdən qanunla müəyyən edilmiş öhdəliyin icrasını tələb etdiyi andan yarandığı nəzərə alınmalıdır.

3.1.16. Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.

Uşaqların şəxsiyyət hüquqları

3.1.17. Ailə qanunvericiliyində uşaqların üstün mənafeyi tanınmaqla, digər şəxsiyyət hüquqları ilə bərabər uşaqlara məxsus ad, ata adı və soyad daşımaq, ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan və zərərli təsirlərdən mühafizə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq və s. hüquqlar aiddir.

3.1.18. Bundan başqa, ailə qanunvericiliyində uşağın öz valideynləri və ailənin digər üzvləri tərəfindən maddi cəhətdən saxlanılmaq, habelə onlardan qanunla müəyyən olunmuş qaydada və miqdarda aliment və əlavə xərc almaq hüququ, vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma və s. kimi əmlak hüquqları da təsbit edilmişdir ki, bu hüquqlarının pozulması da şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

3.1.19. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

3.1.20. Valideynlər (və ya onlardan biri) tərəfindən sadalanan öhdəliklərin pozulması uşağın şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməklə, mənəvi zərər əsası yaradır. Eyni məsuliyyəti valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.

3.1.21. Uşağın ondan ayrı yaşayan valideyni ilə ünsiyyət hüququna hüquqazidd müdaxilə ilə bağlı mənəvi zərərin kompensasiyası tələbləri araşdırılarkən bu qərarın 3.1.15-ci bəndində qeyd edilənlər nəzərə alınmalıdır.

3.1.22. Əlavə olaraq qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulan valideynlik hüquqlarından məhrum edilmə əsaslarından valideynlik vəzifələrinin yerinə yetirilməməsi, heç bir üzrlü səbəb olmadan uşağın doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edilməsi, valideynlik hüquqlarından sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətin törədilməsi uşağın şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə hesab edilməklə, mənəvi zərərin yaranmasına səbəb ola bilər.

3.1.23. Valideynlik hüquqlarından məhrum edilmə əsaslarından alimentin qəsdən ödənilməməsi, habelə valideynin xronik alkoqolizm və narkomaniya xəstəsi olması uşağın şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğu halda, mənəvi zərərlə nəticələnə bilər.

3.1.24. Uşaqların valideynlərin biri ilə və ya təkbaşına ölkədən getməsinə buna qanuni əsaslar olmadan mane olma uşağın, habelə valideynin sərbəst hərəkət etmək azadlığına və digər aidiyyəti şəxsiyyət hüquqlarına (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) hüquqazidd müdaxilə olduğundan, mənəvi zərərin yaranmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, mənəvi zərərin kompensasiyası tələbləri uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsinə dair iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər. Bu əsasla mənəvi zərərin kompensasiyası tələblərini həm özünə, həm də uşağa münasibətdə qanuni nümayəndə qismində zərərçəkmiş valideyn qaldıra bilər.

3.2. Əmək münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları

3.2.1. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, tətil etmək, istirahət, sosial təminat almaq hüquqları vardır. Heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

3.2.2. Konstitusiyanın istinad edilən normalarından göründüyü kimi, əmək hüquqları şəxsin əmək münasibətlərinə daxil olduqdan sonra yaranan hüquqları ilə yanaşı, bu münasibətlərə daxil olanadək, habelə xitam verildikdən sonra mövcud olan hüquqlarını da əhatə edir. Bu baxımdan sözügedən hüquqlara hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır.

3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir.

3.2.4. Belə ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin “e” və “ə” bəndləri, 285-ci maddəsinin 2-ci hissəsi, habelə 290-cı maddəsinin 3-cü hissəsinin qeydində sadalanan hüquqazidd əməllər əmək münasibətləri prosesində işəgötürən tərəfindən işçiyə mənəvi ziyanın vurulması əsası kimi birbaşa göstərilmişdir.

3.2.5. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir.

3.2.6. Bununla belə qeyd olunmalıdır ki, əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər. Məsələn, Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsi və 195-ci maddəsinin “c” və “g” bəndlərində nəzərdə tutulmuş əməllər, habelə işçinin şəxsi və ailə sirri təşkil edən məlumatların kollektivdə yayılması onun müvafiq olaraq şərəf və ləyaqət, sağlamlıq və şəxsi toxunulmazlıqla bağlı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğundan, mənəvi zərərin yaranması əsasını təşkil edəcəkdir.

3.2.7. Əmək qanunvericiliyinə əsasən işçi ilə yanaşı, işəgötürənlər də əmək hüquq münasibətlərində şəxsiyyət hüquqlarının subyektləri kimi çıxış edirlər. Belə ki, işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun işgüzar nüfuzunu zədələyən hallar xüsusi olaraq göstərilmişdir. Sözügedən normanın mənasına görə, bu hallar üzrə subyekt qismində yalnız işəgötürən fiziki şəxslər çıxış edə bilərlər, habelə işçi işəgötürən qarşısında bu əsaslarla vurduğu mənəvi ziyana görə müqavilə şərtlərindən asılı olmayaraq, tam həcmdə maddi məsuliyyət daşıyır. Fiziki və hüquqi şəxslərin işgüzar nüfuzlarının ləkələnməsindən irəli gələn maddi zərərlə bağlı məsələlər isə bu qərarın işgüzar nüfuzun müdafiəsi ilə bağlı bəndlərinə uyğun həll edilməlidir.

3.2.8. Mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

3.2.9. Əmək mübahisələrindən irəli gələn mənəvi zərərin tutulması tələblərinə dair iddia müddətlərinin tətbiqi bu qərarın 8-ci paraqrafının müvafiq bəndlərinə uyğun qaydada həyata keçirilməlidir.

3.3. İstehlak münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları

3.3.1. Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şəraitin yaradılması məqsədilə alqı-satqı prosesində, işlərin görülməsində və xidmətlərin göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları və mexanizmi qanunla müəyyənləşdirmişdir.

3.3.2. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur.

3.3.3. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır.

3.3.4. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (icraçı, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “icraçı” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir.

3.3.5. İstehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur.

3.3.6. Turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda, dəymiş mənəvi zərərin ödənilməsi sahəvi qanunvericiliklə təsbit olunmuşdur. Bu növ müqavilə üzrə xidmət alan şəxs istehlakçı olduğundan, onunla bağlı mənəvi zərər tələbinə dair iddialara baxılarkən bu Qərarın 3.3-cü paraqrafında göstərilənlər nəzərə alınmalıdır.

4. ŞƏXSİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİ VƏ ZƏRƏRİN KOMPENSASİYASI TƏLƏBLƏRİNİN HÜQUQİ ƏSASLARI

4.1. Konstitusiya bəyan edir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu baxımdan bütün hüquq və azadlıqlar, habelə dövlətin fəaliyyəti insan şəxsiyyətinin layiq olduğu həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Şəxsiyyət hüquqlarını gözləmək və qorumaq nəinki dövlət orqanlarının, hər kəsin konstitusion öhdəliyidir. Bu baxımdan heç kəsə icazə verilmir ki, başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etsin. Bu qadağanın pozulması müxtəlif növ, o cümlədən mülki hüquqi məsuliyyətə səbəb olur.

4.2. Hətta şəxsin öz iradəsi ilə bağladığı əqdlər insanın ləyaqətinə və əxlaqa ziddirsə, belə iradə bəyanları hüquqi nəticə doğurmur və şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə sayılır. Məsələn, bir şəxsin özünün azadlığından, hüquq və fəaliyyət qabiliyyətindən imtina etməsi, heç vaxt əmlak əldə etməyəcəyi, yaxud nikaha girməyəcəyi və ya boşanmayacağı barədə iradə bəyanları yuxarıda göstərilən imperativ normaların tələblərinə uyğun gəlmədiyi üçün etibarsızdır.

4.3. Beləliklə, hüquqazidd müdaxilənin formasından asılı olmayaraq, şəxsiyyət hüquqları pozulan hər bir şəxs məhkəmə müdafiəsindən istifadə edə bilər.

4.4. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər.

4.5. Şəxsiyyət hüquqlarının müdafiəsi üzrə tələblər bu qərarın 6.1-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.

4.6. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər isə bu qərarın 6.2-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.

4.7. Şəxsiyyət hüquqlarının müdafiəsi və zərərin kompensasiyası tələblərinə baxılarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin xarakteri aydınlaşdırılmalı və buna uyğun tələbin hüquqi əsası müəyyən edilməlidir.

4.8. Şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri bu hüquqları təsbit edən maddi hüquq normalarının, habelə müqavilə öhdəliklərinin pozulmasından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri müstəqil şəkildə qaldırıldığı halda, yalnız pozulmuş hüququn müdafiəsi məqsədini daşıdığından, zərərin kompensasiyası tələblərindən fərqli olaraq, həmin tələblərin hüquqi əsası kimi mülki hüquq pozuntusu (delikt) çıxış etməyəcəkdir.

4.9. Bu baxımdan həmin hüquqların müdafiəsi tələblərinin maddi hüquqi əsası qismində Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (9-cu bölmə istisna olunmaqla), Ailə Məcəlləsi və Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” və “Patent haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və ya müqavilə şərtləri çıxış edir.

4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

4.11. Zərərin kompensasiyası tələbləri isə şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən fərqli olaraq, müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər.

4.12. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

Müqavilədən irəli gələn məsuliyyətin şərtləri

4.13. Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması.

4.14. Bu halda mənəvi zərərin kompensasiyası tələbinin hüquqi əsasını müqavilənin şərtləri, habelə Konstitusiya və (və ya) bu müqavilədən irəli gələn münasibətləri tənzimləyən maddi hüquq normaları (məsələn, Mülki Məcəllə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Turizm haqqında” və “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları və s.) təşkil edəcəkdir.

4.15. Müqavilə öhdəliklərinin pozulması müqavilə tərəfinin həyat və sağlamlığına, habelə üçüncü şəxslərin həyat və sağlamlığı daxil olmaqla, digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi hallarda, o cümlədən hər iki kateqoriyaya aid olan şəxslərə münasibətdə onların istehlak məqsədi üçün istifadə etdiyi müqavilə predmetini təşkil etməyən digər əmlakına zərər vurduqda bu tələbin hüquqi əsasını işin hallarından asılı olaraq müqavilə şərtləri və delikt, yaxud sadəcə delikt təşkil edəcəkdir. Belə ki, müqavilə tərəfinə münasibətdə hər iki maddi hüquqi əsas, üçüncü şəxsə münasibətdə isə yalnız delikt əsası çıxış edəcəkdir. Məsələn, satılmış qida məhsulunun keyfiyyətsiz olması nəticəsində alıcının və ya üçüncü şəxsin zəhərlənməsi, estetik əməliyyatın qüsurlu icrası nəticəsində şəxsin sağlamlığına zərər dəyməsi və ya vəfat etməsi, satılmış qüsurlu məişət cihazında qısa qapanmanın təsirindən alıcının və ya hər hansı üçüncü şəxsin evinin yanması.

Mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn məsuliyyətin şərtləri

4.16. Kompensasiya tələbləri mülki hüquq pozuntusundan (delikt) irəli gəldiyi halda, həmin tələbin hüquqi əsasını Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Media haqqında” və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və Mülki Məcəllənin 9-cu bölməsinin müvafiq normaları təşkil edir.

4.17. Delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən dispozisiya şərtlərinin yoxlanılması ardıcıllığı bu qərarın 4.12-ci bəndində göstərilən qaydada həyata keçirilməlidir.

4.18. Hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s.

4.19. Hüquqdan sui-istifadə də qanunla qadağan olunan əməl kimi mülki hüquq pozuntusu (delikt) hesab edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

4.20. Hüquqdan sui-istifadə hər hansı hüquqdan onun məqsədinə, təyinatına zidd şəkildə yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsini nəzərdə tutmaqla, Mülki Məcəllənin 16 və 560-cı maddələri, Əmək Məcəlləsinin 63-cü maddəsinin 3-cü və 186-cı maddəsinin 1-ci hissələri, 310-cu maddəsi, Ailə Məcəlləsinin 51.4, 51.5, 64.0.4, 132.1.2 və 139.0.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 120.1, 174.5 və 320.3-cü maddələri və digər normativ hüquqi aktlarla da qadağan edilmiş, ayrı-ayrı sui-istifadə əməllərinə görə inzibati xəta və cinayət məsuliyyətləri də müəyyən edilmişdir.

4.21. Göründüyü kimi, maddi və prosessual hüquqdan sui-istifadə başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna və ona maddi və mənəvi zərərin vurulmasına səbəb ola bilər. Məsələn, hər hansı şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək barədə vicdansızcasına əsassız ərizələrin verilməsi prosessual hüquqlardan sui-istifadə olmaqla şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnə bilər.

4.22. Şəxsiyyət hüquqlarına hüquqauyğun hərəkətlər nəticəsində müdaxilə edilməsi onların müdafiəsini və zərərin kompensasiyası tələbini istisna edir.

4.23. Bu baxımdan əməlin hüquqazidliyinə qiymət verilərkən pozulması iddia edilən şəxsiyyət hüquqları ilə qarşı tərəfin konstitusion hüquqları, o cümlədən söz, fikir və media azadlığı arasında mütənasibliyin qorunmasına diqqət yetirilməlidir. Belə ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi yalnız milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

4.24. Şəxsiyyət hüquqlarına müdaxilənin hüquqazidliyi yoxlanılarkən onun hüquqaziddliyini aradan qaldıran halların mövcudluğu da aydınlaşdırılmalıdır. Belə hallara zərərçəkən şəxsin razılığının olması, üstün xüsusi və ya ictimai mənafeyə və ya qanuna əsaslanması aiddir. Belə ki, bir sıra hallarda şəxsiyyət hüquqlarına müdaxilə şəxsin özünün razılığı ilə baş verir (məsələn, üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi). Bununla yanaşı, nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarına müdaxilə edəcək bəzi növ davranışlara razılığın verilməsi hüquqi cəhətdən mümkün deyildir (məsələn, şəxsin həyatına son qoyulması). Bu baxımdan razılığın keçərli olması üçün şəxsin iradəsi açıq şəkildə ifadə edilməli, zədələnməmiş olmalı, qanuna və ya əxlaqa zidd olmamalıdır. Üstün xüsusi mənafeyə əsaslanma onu ehtiva edir ki, müdaxilə onun yönəldiyi şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüququn qorunması zərurəti ilə törədilmişdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). Üstün ictimai mənafeyə əsaslanma halında isə müdaxilə konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqlarının qorunması zərurəti ilə edilir (məsələn, yoluxucu xəstəliyin insanlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə yoluxmuş şəxsə münasibətdə karantin tədbirini tətbiq etməklə onun sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması). Qanuna əsaslanma isə onun nəzərdə tutur ki, müəyyən hallarda şəxsiyyət hüquqlarının müdaxiləsinə qanunla yol verilir (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).

4.25. Mülki Məcəllədə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn iki növ məsuliyyət nəzərdə tutulmuşdur: təqsirli məsuliyyət və təqsirsiz məsuliyyət.

4.26. Delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir.

4.27. Hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir.

4.28. Bununla belə, qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda təqsir zərərin ödənilməsinin əsas dispozisiya şərtlərindən biri olsa da, zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) qanunla müəyyən edilmiş hallarda zərərin kompensasiyası nəzərdə tutula bilər. Məsələn, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti, işçinin vurduğu zərərə görə işəgötürənin, təhqiqat orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dövlətin, uşaqların vurduğu zərərə görə valideynlərin məsuliyyəti, malın istehsal keyfiyyətsizliyinə görə istehlakçıya vurulmuş zərərə görə satıcının məsuliyyəti və s.

4.29. Təqsirsiz məsuliyyət ümumi qaydadan istisnadır və qanunda bəzi xüsusi hallar üçün nəzərdə tutulmuşdur. Bu qayda prinsip etibarilə zərərə səbəb olma düşüncəsinə söykənir. Təqsirsiz məsuliyyətin yaranması üçün zərərlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) arasında səbəbli əlaqənin olması yetərlidir.

4.30. Təqsirsiz məsuliyyət hallarında iddiaçı tərəf cavabdehin (təqsirsiz məsuliyyət daşıyan şəxsin) təqsirini sübuta yetirmək yükünü daşımır. Cavabdeh səbəbli əlaqənin kəsilməsi, zərərin qarşısıalınmaz qüvvənin təsiri, yaxud zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsi kimi halları sübuta yetirməklə məsuliyyətdən azad ola bilər.

4.31. Hüquqazidd əməlin şəxsiyyət hüquqlarına müdaxiləyə səbəb olması halı yoxlanılarkən məhkəmələr bu əməl nəticəsində şəxsin hansı şəxsiyyət hüququnun və ya hüquqlarının pozulmasını təsbit etməlidirlər. Bunun üçün ilk növbədə müdafiəsi tələb edilən şəxsiyyət hüquqlarının təsbit olunduğu Konstitusiyanın və ya digər normativ hüquqi aktların müddəaları baxımından qiymətləndirilmə aparılmalıdır. Bu, pozulmuş şəxsiyyət hüququnun növünün təsbiti, həmçinin vurulmuş mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, hüquqazidd əməllə şəxsin azadlıq və yaşamaq hüququnun pozulması nəticəsində meydana gələn mənəvi zərərin həcmi fərqlidir.

4.32. Qanunvericilikdə təqsirsiz məsuliyyətin lazımi diqqət və etinaya əsaslanan məsuliyyət və təhlükə məsuliyyəti kimi iki növü fərqləndirilir.

4.33. Lazımi diqqət və etinaya əsaslanan məsuliyyət növünə hüquqi və ya fiziki şəxsin öz işçisinin, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının, yetkinlik yaşına çatmayanların, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış, yaxud öz hərəkətlərinin mənasını başa düşə bilməyən fiziki şəxslərin, heyvanın, tibb müəssisəsinin vurduğu, habelə binanın uçması nəticəsində vurulmuş zərərə görə məsuliyyət aiddir. Təhlükə məsuliyyəti növünə isə ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət aiddir.

4.34. Növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır.

4.35. Bundan fərqli olaraq, həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır.

Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən vurulmuş zərərə görə məsuliyyət

4.36. Əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır.

4.37. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

İnzibati orqanların vurduqları zərərə görə məsuliyyət

4.38. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Mülki Məcəllə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

4.39. Dövlət və yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən həmin orqanların qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

4.40. İnzibati orqanların, habelə onların vəzifəli şəxslərinin vurduqları zərərin ödənilməsi tələblərinə baxılarkən ilk növbədə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri (publik və ya mülki) aydınlaşdırılmalıdır. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, inzibati orqanların bərabər hüquqlu subyekt kimi çıxış etdiyi mülki hüquq münasibətlərindən, habelə inzibati orqanların cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətindən doğan zərər tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

4.41. İnzibati orqanların ümumi (publik) hüquq münasibətləri çərçivəsində vurduqları mənəvi zərər tələbinin də maddi hüquqi əsasını delikt normaları təşkil etdiyindən inzibati məhkəmələr həmin iddialara baxarkən bu qərarın 4.12-ci bəndində göstərilən dispozisiya şərtlərinə uyğun yoxlama aparmalıdırlar. Bu münasibətlər çərçivəsində hüquqazidd əməl qismində inzibati orqanın qanunsuz inzibati aktı, habelə faktiki xarakterli qanunsuz hərəkət və ya hərəkətsizliyi çıxış edir. Bu zaman konkret vəzifəli şəxsin təqsirinin forması (qəsd və ya ehtiyatsızlıq) yalnız mənəvi təzminatın həcminin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

4.42. Bundan fərqli olaraq, inzibati orqanın öz vəzifəli şəxsinə qarşı reqres tələbi baxımından təqsirin forması önəm daşıyır. Belə ki, inzibati orqanın reqres tələbi mənəvi zərərin vəzifəli şəxsin yalnız kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulduğu halda yaranır.

Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə məsuliyyət

4.43. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır.

4.44. Belə ki, təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir.

4.45. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir.

4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət).

4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır.

4.48. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır.

4.49. Mülki Məcəllənin 1101.3-cü maddəsindən göründüyü kimi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bu qərarın 4.50-ci bəndində göstərilən normalarla əhatə olunmayan digər qanunsuz əməllərdən irəli gələn mənəvi zərərin kompensasiyası üçün məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə hakimin təqsirinin müəyyənləşdirilməsi tələb olunur.

4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir.

4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir.

4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.

4.53. Xüsusi ittihamçının üzərinə zərərin əvəzini ödəmək vəzifəsi onun bu hüquqdan sui-istifadə etdiyi halların mövcudluğu ilə şərtlənir.

4.54. Qanunsuz hesab edilmiş əməliyyat-axtarış, prosessual məcburiyyət tədbirləri, habelə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının digər qanunsuz hərəkətləri ilə əlaqədar mənəvi zərərin ödənilməsinə dair tələb hüququ bu əməllərə məruz qalmış şəxslərlə yanaşı, bu əməllər nəticəsində öz şəxsiyyət hüquqları pozulmuş yaxınlarına da ümumi əsaslarla məxsusdur. Bu tələblərə baxılarkən sözügedən şəxslər əlavə olaraq həmin qanunsuz əməllərin onların şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini sübuta yetirməlidirlər.

4.55. Qanunvericilikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərin şəxsiyyət hüquqlarının müdafiəsinin universal üsulları ilə yanaşı, bu pozuntulara xarakterik olan bu paraqrafda istinad edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş digər üsulların tətbiqi də nəzərdə tutulmuşdur.

4.56. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində zərərçəkmiş şəxsin (bu şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda isə - onun hər hansı qohumu) tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində həmin şəxsə münasibətdə pozuntuya yol verilməsi barədə onun əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, habelə şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən məlumatları dərc edən media subyekti vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. Göstərilən halda media subyekti tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır. Bununla yanaşı, həmin orqanlar onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidirlər.

4.57. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən zərərin həcminin müəyyənləşdirilməsi üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digər xüsusiyyətlər də nəzərə alınmalıdır.

4.58. Bu xüsusiyyətlərə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməlidir.

4.59. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz əməlləri nəticəsində mənəvi zərərin yaranması ümumi əsaslarla yanaşı, xəstəliyin yaranmasında, iddiaçının vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda, şərəf və ləyaqətinin alçaldılmasında, sərbəst hərəkət edilməsi, olduğu yerin seçilməsi, adi həyat tərzinin dəyişdirilməsi, qohumları ilə ünsiyyət qurmaq və onlara köməklik göstərmək imkanlarından məhrum olması nəticəsində rahatsız vəziyyətdə olması şəxsin cinayət və inzibati məsuliyyətə cəlb olunması barədə informasiyaların yayılmasında, işin itirilməsi və barəsində cinayət işinin qaldırılması faktının olması ilə əlaqədər işə düzəlməsində çətinliklərin yaranmasında, iddiaçının ictimai-siyasi həyatda iştirakının məhdudlaşdırılmasından doğan mənfi emosional vəziyyətlə də ifadə edilə bilər.

Tibbi xidmətlə bağlı vurulmuş zərərə görə məsuliyyət

4.60. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

4.61. İnsan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir.

4.62. Əhalinin sağlamlığının qorunması - hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusudur.

4.63. Tibbi yardım - xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlərdir.

4.64. Tibbi yardım almaq hüququ özündə ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış tibbi yardım, habelə ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların tibbi-sosial yardım almaq hüququnu ehtiva edir.

4.65. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

4.66. Tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Standartlar sübutlu təbabət prinsiplərinə əsaslanan milli və beynəlxalq klinik rəhbərliklərin və protokolların tövsiyələrinə, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş standart əməliyyat prosedurlarına əsaslanır.

4.67. İstinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasına görə də məsuliyyət daşıyırlar.

4.68. Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir.

4.69. Mülki Məcəllənin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri baxımından növləri bu qərarın 4.66-cı bəndində göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə bu qərarın 4.67-ci bəndində göstərilən təminatların qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edəcəkdir.

4.70. Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçi-işəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099-cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır.

4.71. Bu baxımdan dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın 4.89-cu bəndində göstərilmiş qaydada Əmək Məcəlləsi ilə müəyyən edilən reqres tələb hüququ yaranacaqdır.

4.72. Bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir.

4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması.

4.74. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.

4.75. Şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilərlər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər.

4.76. Nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər.

Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət

4.77. Mülki Məcəllənin 1108.1-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti, bunun nəticəsində zərərin yaranması əsaslarını, bu fəaliyyətdən irəli gələn zərərə görə məsuliyyət daşıyan subyektlərin dairəsini və onların məsuliyyətinin şərtlərini müəyyən edir. Normada ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətin bəzi növləri sadalansa da, bu siyahı bitkin olmayıb, elm və texnikanın inkişafından asılı olaraq genişlənməsi mümkündür.

4.78. Nəzərə alınmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətdən irəli gələn zərərə görə pozuntunu törətmiş fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Onların məsuliyyəti yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi halda istisna edilir. Məsələn, şəxs avtomobili yol hərəkəti qaydalarına uyğun olaraq idarə edərkən güclü külək səbəbindən reklam lövhəsi qırılaraq, avtomobilin alın şüşəsinə çırpıldığından (qarşısıalınmaz qüvvə) sürücü idarəetməni itirərək, qarşıdakı piyadanı vurduğu halda, hadisəni törətmiş olan sürücünün məsuliyyəti istisna edilir. Başqa bir halda piyada bilərəkdən özünü hərəkətdə olan yol nəqliyyat vasitəsinin önünə ataraq (zərərçəkənin qəsdi) xəsarət alarsa, sürücü məsuliyyət daşımayacaqdır.

4.79. Hüquq pozuntusunu törətmiş şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs olmadıqda, bu zərərin vurulmasına görə onunla yanaşı, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxslər də məsuliyyət daşıyırlar (təqsirsiz məsuliyyət). Məsələn, mülkiyyətçisinin razılığı ilə verilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən təqsirli olaraq yol-nəqliyyat hadisəsi törədildikdə, vurulmuş zərərin əvəzi sürücü ilə yanaşı, mülkiyyətçidən də tutulacaqdır.

4.80. Yüksək təhlükə mənbəyinin qanuni sahibinin məsuliyyəti, mənbənin onun sahibliyindən digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində çıxdığını sübuta yetirdiyi halda istisna olunur. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Məsələn, əvvəlki bənddə göstərilən misalda olan sürücü tərəfindən yol-nəqliyyat hadisəsi mülkiyyətçinin avtomobilinin qaçırılması yolu ilə törədildikdə, məsuliyyəti yalnız hadisəni təqsirli olaraq törətmiş sürücü daşıyacaqdır.

4.81. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məsələn, mülkiyyətçi mühərriki işlək vəziyyətdə olan avtomobili nəzarətsiz qoyduğu üçün azyaşlı uşaq tərəfindən idarə edilərək hadisənin törədildiyi halda, vurulmuş zərərə görə uşağın valideynləri ilə yanaşı, mülkiyyətçi də məsuliyyət daşıyacaqdır. Digər bir misal, mülkiyyətçinin yuma məntəqəsinə təhvil verdiyi avtomobilini məntəqənin işçisi səlahiyyətsiz şəkildə idarə edərək yol nəqliyyat hadisəsi törətdikdə, mülkiyyətçinin məsuliyyəti istisna edilir. Bu halda mülkiyyətçidən xidmət müqaviləsi əsasında avtomobili təhvil almış yuma məntəqəsinin mülkiyyətçisi yüksək təhlükə mənbəyinin qanuni sahibi statusunu əldə etdiyindən, hadisəni törətmiş şəxslə bərabər birgə məsuliyyət daşıyacaqdır.

4.82. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində (hər iki tərəf təqsirli olduqda) üçüncü şəxslərə zərər vurulduqda, bu zərərə görə üçüncü şəxs qarşısında Mülki Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət yaranır. Bu qarşılıqlı təsir nəticəsində bir-birinə təqsirli olaraq vurduqları mənəvi zərərə görə isə ümumi əsaslarla hər bir tərəf qarşılıqlı məsuliyyət daşıyacaqdır. Məsələn, avtomobillərin qarşılıqlı toqquşması nəticəsində təqsirli olan şəxslərdən biri yüngül xəsarət aldığı halda, digər tərəfin ayağı amputasiya edilmişdir. Bu halda ikinci şəxsə vurulmuş mənəvi zərər daha ağır olduğundan, ona ödənilməli olan mənəvi təzminat daha çox müəyyən olunmalı, qarşılıqlı əvəzləşdirmə aparılaraq, qalıq məbləğ qarşı tərəfdən tutulmalıdır.

4.83. İcbari sığorta ödənişi mənəvi zərəri qarşılamadığından, maddi zərərlə bağlı sığorta ödənişini almış zərərçəkmiş tərəfindən əlavə olaraq zərərvurana qarşı mənəvi zərər tələbi üzrə iddia qaldırıla bilər.

4.84. Yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətinin könüllü sığortası zamanı isə zərərçəkənin mənəvi zərərin ödənilməsi tələbinin mümkünlüyü həmin müqavilənin şərtlərindən asılı olacaqdır. Nəzərə alınmalıdır ki, vurulmuş mənəvi zərərin həcmi sığorta müqaviləsi ilə tam şəkildə əhatə olunmadığı hallarda, zərərçəkən qalan məbləği ümumi əsaslarla zərərvurandan tələb edə bilər.

Vurulmuş zərərə görə birgə məsuliyyətin və reqres tələblərin şərtləri

4.85. Hüquqazidd əməlin birdən çox şəxs tərəfindən birlikdə törədilməsi halında (iştirakçılıq) həmin şəxslər vurulmuş zərərə görə birgə məsuliyyət daşıyırlar.

4.86. Zərərçəkmişin vurulan zərərin tutulmasını bütün zərərvuranlardan müştərək (birgə) qaydada və ya onların hər birindən ayrılıqda tələb etməsindən asılı olmayaraq, məhkəmə vurulan zərərin həcmini ümumilikdə hesablamalıdır.

4.87. Zərərçəkən vurulmuş zərərin əvəzini zərərvuranlardan ayrılıqda tələb etdiyi halda, məhkəmə hər birinin təqsirinə mütənasib olaraq dəymiş ümumi zərərdə onların məsuliyyət həcmini müəyyənləşdirməli və buna uyğun olaraq iddia tələbi həddindən kənara çıxmadan qərar qəbul etməlidir.

4.88. Birgə məsuliyyət üzrə öhdəliyi icra etmiş zərərvuranın, habelə başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş digər şəxslərin reqres iddiası üzrə tələblərə baxılarkən Mülki Məcəllənin 1114-cü maddəsinin tələbləri rəhbər tutulmalıdır. Reqres tələbin həcmi müəyyənləşdirilərkən həmin münasibətləri tənzimləyən sahəvi qanunlarda müəyyən edilən qaydalar nəzərə alınmalıdır.

4.89. Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə, qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin, zərərvuranlara qarşı qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu baxımdan işçinin vurduğu zərəri ödəmiş işəgötürənin ödədiyi əvəz miqdarını reqres qaydada işçidən geri tələb etmək hüququ yaranır. Reqres tələb hüququnun hədlərinə münasibətdə Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində sadalanan, işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyətini müəyyən edən halların mövcudluğu aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, işçinin tam maddi məsuliyyəti qanunla və ya müqavilə ilə birbaşa nəzərdə tutulmadığı halda, onun vurduğu ziyana görə məsuliyyəti bir aylıq orta əmək haqqı məbləği ilə məhdudlaşır.

5. MƏNƏVİ ZƏRƏRİN MAHİYYƏTİ VƏ ÜMUMİ ƏSASLARI

5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).

5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

5.6. Əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərərin vurulmasının mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə bir sıra əşyaların xüsusiyyətlərinə görə qeyri-maddi dəyərə malik olmaları təsbit edilmişdir. Məsələn, Mülki Məcəllənin 1155.1-ci maddəsində ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mədəni sərvətlər və s. Qanunla müəyyən edilmədiyi hallarda isə məhkəmələr zədələnmiş əşyanın qeyri-maddi dəyərə malik olduğunu və ya əşya qeyri-maddi dəyərə malik olmasa da, pozuntunun həmin əşyanın mənsub olduğu şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini araşdırmalıdırlar. Məsələn, birinci halda ailə üçün xüsusi tarixi-mənəvi dəyərə malik olan fərdi yaşayış evinin sökülməsi, yeganə nüsxədə fotoalbomun, antik rəsm əsəri və ya digər incəsənət nümunəsinin yararsız hala salınması şəxsi toxunulmazlıq hüququnu pozur. İkinci halda isə xüsusi mənəvi dəyərə malik olmasa da, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi şəxsin təhlükəsiz yaşamaq hüququnu, yaşayış evinin özbaşına sökülməsi isə həm də mənzil toxunulmazlığı hüququnu pozur.

5.7. Nəzərə alınmalıdır ki, heyvanlar və bitkilər mülki hüquqi mənada əşya hesab edilməsə də, əşyaların hüquqi vəziyyəti, əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, onlara da şamil edilir. Bu baxımdan heyvan və bitkilərin məhv edilməsi və ya zədələnməsindən irəli gələn mənəvi zərər tələblərinə əmlak hüquqlarının pozulmasından yaranan mənəvi zərərlə bağlı qaydalar tətbiq edilir. Bu tələblərə baxılarkən mənəvi zərərin həcminin müəyyənləşdirilməsi zamanı iddiaçıların, xüsusən ev heyvanları, ev və həyətyanı bitkilərlə emosional bağlılığının dərəcəsi nəzərə alınmalıdır.

5.8. Qeyri-əmlak xarakterli əqli mülkiyyət hüquqlarından fərqli olaraq, əmlak xarakterli əqli mülkiyyət hüquqlarının (məsələn, patent, surətçıxarma, yayma, tərcümə, kütləvi nümayiş hüququ və s.) pozulması nəticəsində mənəvi zərərin yaranmasının mümkünlüyü də əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərər kontekstində qiymətləndirilməlidir.

5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

5.10. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması).

5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir.

5.12. Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.

6. ŞƏXSİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİ VƏ MƏNƏVİ ZƏRƏRİN KOMPENSASİYASI ÜSULLARI

6.1. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.).

6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.

6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir.

6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər.

6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır.

6.6. Nəzərə alınmalıdır ki, bu kateqoriya işlər üzrə iddiaların predmetini hər biri müstəqil olmaqla, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası təşkil edir. Bu baxımdan həmin tələblər birlikdə və ayrı-ayrılıqda irəli sürülə bilər və onlardan birinin qaldırılması sonradan digəri üzrə tələb imkanını istisna etmir. Məhkəmələr Mülki Prosessual Məcəllənin 153.2.2 və 261.0.2-ci maddələrinin tətbiqinin müzakirəsi zamanı bu halları nəzərə almalıdırlar.

6.7. Bu iddialarda şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu qismində pozuntunun təsbit edilməsi tələbdə xüsusi olaraq göstərilməsə də, özü-özlüyündə həmin iddianın tərkib hissəsini təşkil etdiyindən, məhkəmə sadəcə pozuntunu təsbit etməklə iddianı qismən təmin edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, qətnamənin məzmununda və nəticə hissəsində şəxsiyyət hüquqlarını pozan qeyri-etik ifadələrin açıq şəkildə yazılması yolverilməzdir.

6.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsullarından biri kimi təkzib, ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyət hüquqlarını (şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, şəxsi təhlükəsizlik və digər hüquqları) pozan məlumatların həqiqətə uyğun olmadığı barədə bəyanatdır. Təkzibin mətni və verilmə üsulu iddia tələbinin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən müəyyənləşdirilə bilər.

6.9. Məlumatın silinməsi və düzəlişi adından göründüyü kimi, yayılmış məlumatın silinməsini və ya ona müvafiq düzəlişin edilməsini (çap mediasında dərc olunmuş məlumatlar istisna olunmaqla) ehtiva edir. Cavabın verilməsi isə yayılmış məlumata şəxsin özünün münasibətini ifadə etmək imkanıdır.

6.10. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsullarına aid olan üzr istənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Konstitusiyanın 24 və 46-cı maddələrində şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması bəyan edilərək, şəxsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalması qadağan edilmişdir. Bu baxımdan fiziki şəxs edilmiş hər hansı əmələ görə (mülki, inzibati, inzibati xəta, cinayət və digər) öz iradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlət orqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Belə məcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu əsasla mənəvi zərərin ödənilməsinə dair iddialara baxılarkən məhkəmələr tərəfindən məcburetmənin mövcudluğunun müəyyən edilməsi zamanı şəxsin üzr ifadə edərkən bunu könüllü etməsinə dair bildirdikləri ilə kifayətlənməyərək, üzrün icra edilməsi yeri, şəraiti, həmin vaxt şəxsin emosional-psixoloji vəziyyəti, habelə işin digər halları nəzərə alınmalıdır. Digər tərəfdən, üzr istəmənin könüllü və ya məcburi olmasından asılı olmayaraq, üçüncü şəxslər və ya orqanlar tərəfindən media subyektlərində, sosial şəbəkələrdə və ya digər vasitələrlə yayımlanması hüquqazidd olmaqla, kütləvilik baxımından həmin şəxsə daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.

6.11. Bu baxımdan şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu qismində üzr istənilməsinin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi yolverilməzdir. Bu üsul yalnız “Media haqqında” və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunlarda nəzərdə tutulan hallarda tətbiq oluna bilər.

6.12. “Media haqqında” Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektlərinin üzərinə üzr istəmək vəzifəsi qoyula bilər. Media subyekti dedikdə, əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslər, həmçinin media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyi başa düşülür. Nəzərə alınmalıdır ki, bu halda iddiaya cavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımı və s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) media redaksiyaları deyil, media subyektinin özü çıxış edir. Belə iddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi media subyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzr subyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq media redaksiyasının adından verilməlidir. Məsələn, media subyekti olan fiziki (və ya hüquqi) şəxs A-ya məxsus media redaksiyası olan www.b.az saytında C-nin şərəf və ləyaqətini alçaldan və ya şəxsi və ailə sirrini təşkil edən məlumat dərc olunduğu halda, qətnamənin nəticə hissəsi aşağıdakı məzmunda göstərilməlidir: “cavabdeh A tərəfindən www.b.az saytında iddiaçı C-nin şərəf və ləyaqətini alçaldan və ya şəxsi və ailə sirrini təşkil edən məlumatın yayılmasına görə saytın adından üzr istənilməsinə dair məlumat yerləşdirilsin”.

6.13. Media subyekti tərəfindən şəxsiyyət hüquqlarını pozan məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəlişin verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Belə bir tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa, təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər.

6.14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunla bu orqanların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməli olduğunu təsbit etmişdir.

6.15. Məhkəmə pozulmuş şəxsiyyət hüquqlarının növünü və işin faktiki hallarını nəzərə alaraq, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyasının bu qərarın 6.1 və 6.2-ci bəndlərində göstərilən, habelə qanunla qadağan edilməyən digər üsullarını da tətbiq edə bilər. Məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulundan istifadə edilə bilər.

6.16. İddia tələbinə müvafiq olaraq şəxsiyyət hüquqlarının müdafiəsi üsullarından biri və ya eyni vaxtda bir neçəsi tətbiq edilə bilər.

7. MƏNƏVİ TƏZMİNATIN HƏCMİNİN MÜƏYYƏN EDİLMƏSİ MEYARLARI

7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.

7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

7.5. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir.

7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır.

7.7. Mənəvi təzminatın ödənilməsi barədə öhdəlik icra edilmədikdə, hüququ pozulmuş şəxs Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Zərərçəkən şəxsə aid xüsusiyyətlər

7.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər.

7.9. Zərərçəkənin şəxsiyyəti ilə bağlı göstəricilərə hissetmə qabiliyyəti, fiziki və psixi dözümlülüyü, yaşı, cinsi, şəxsi nüfuzu; həyat tərzi ilə bağlı göstəricilərə yaşam səviyyəsi, maddi vəziyyəti; davranışı ilə bağlı göstəricilərə isə hadisəyədək, hadisə zamanı, habelə hadisədən sonrakı hərəkətləri (hərəkətsizliyi) aid edilir.

7.10. Hissetmə qabiliyyəti - şəxsin fiziki və emosional həssaslığından asılı olaraq, xarici hadisələrdən təsirlənmə dərəcəsini ehtiva edir. Həssaslığın qiymətləndirilməsi zamanı zərərçəkənin fiziki və psixi durumu, yaşı, cinsi, nüfuzu və s. bu kimi hallar nəzərə alınmalıdır. Həssaslığın dərəcəsi nə qədər yüksək olarsa, şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirab da bir o qədər dərin olacaqdır. Məsələn, yeniyetmələrin və hamilələrin psixoloji şiddət və zorakılığa qarşı təsirlənmə dərəcələri daha yüksək olduğundan, onlar bu təsirlərdən daha ağır mənəvi zərərə məruz qalırlar.

7.11. Fiziki və psixi dözümlülük (dayanıqlılıq) – şəxsin fiziki və psixi təsirlərlə mübarizə aparmaq və əvvəlki vəziyyətə qayıtmaq qabiliyyətidir. Dözümlülük səviyyəsi şəxsin yaşına, cinsinə, sağlamlıq vəziyyətinə və s. bu kimi hallara uyğun olaraq dəyərləndirilir. Məsələn, fiziki ağrıya münasibətdə gənclər yaşlılara və uşaqlara nisbətdə daha dözümlü olsalar da, mənəvi zərbələri uşaqlar və yaşlılar gənclərə nisbətdə daha asan dəf edirlər; atletik bədən formasına sahib şəxslərin zəif, habelə fiziki qüsurlu bədən quruluşuna malik şəxslərə nisbətdə fiziki dözümlülük səviyyəsi daha yüksəkdir; bədənin görünən yerində silinməz zədə, adətən kişilərlə müqayisədə qadınlarda, həmçinin yaşlı şəxslərlə müqayisədə gənclərdə daha çox kədərə səbəb olur.

7.12. Zərərçəkənə aid xüsusiyyətlərdən biri də onun nüfuzudur. Fiziki şəxsin nüfuzuna təsir edən xüsusiyyətlərinə onun təhsil səviyyəsi, peşə və vəzifəsi, xidmətlərinə isə sosial-iqtisadi, ictimai-siyasi və mədəni fəaliyyətini aid etmək olar. Məsələn, nüfuzlu şəxslər şəxsiyyətlərinə yönələn təsirlərə daha həssas olsalar da, onlar statuslarına yönələn tənqidlərə daha dözümlü olmalıdırlar.

7.13. Həyat tərzi - şəxsin sosial-mədəni mühitə uyğun yaşayış forması olmaqla, onun yaşam səviyyəsi, maddi rifahı, sosial təminatı və s. kimi göstəricilərlə xarakterizə olunur. Məsələn, yeganə qazanc mənbəyini sosial ödəmələr təşkil edən şəxsin əlavə qazanc mənbələrinə malik şəxslərlə müqayisədə yeganə yaşayış yerindən məhrum olunması onun həyat səviyyəsinə daha ciddi təsir etdiyindən nisbətən ağır mənəvi zərərin yaranmasına səbəb olur.

7.14. Davranışlar – zərərçəkən şəxsin mənəvi zərərin yaranmasına səbəb olan hadisənin baş verməsinədək, hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkət və ya hərəkətsizliyidir. Məsələn, hüquqazidd əməlin törədilməsinə zərərçəkənin təhrikedici hərəkətlərinin səbəb olması, hadisənin baş verməsindən sonra zərərvuranla barışması və s.

7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması.

7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.

7.17. Uşaqların və nəvələrin ölümü və ya sağlamlıqlarına zərər vurulması səbəbi ilə valideynlərin və ya nənə və babaların mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.

7.18. Valideynlərin ölümü və ya sağlamlıqlarına zərər vurulması səbəbi ilə uşaqların mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında emosional yaxınlığın dərəcəsi nəzərdən keçirilməlidir.

Zərərvuran şəxsə aid xüsusiyyətlər

7.19. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərvurana aid xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə zərərvuranın şəxsiyyəti, həyat tərzi, davranışı və digər diqqətəlayiq hallar aid edilir.

7.20. Zərərvuranın şəxsiyyətinə aid xüsusiyyətlər zərərçəkənlə müqayisədə daha az əhəmiyyətlidir. Zərərvuranın şəxsiyyəti ilə bağlı göstəricilərə yaş, cins, nüfuz (status) və s. aiddir. Məsələn, fəaliyyət qabiliyyəti olmayan şəxsin vurduğu mənəvi zərərin həcmi fəaliyyət qabiliyyətlinin vurduğu zərərin həcmindən daha az qiymətləndirilə bilər; şəxsin qonşusu tərəfindən küçədə təhqir edilməsi ilə müqayisədə nüfuzlu şəxs tərəfindən təhqir edilməsi daha ağır mənəvi zərərin vurulmasına səbəb ola bilər.

7.21. Zərərvuranın həyat tərzi ilə bağlı göstəricilərə onun yaşam səviyyəsi, maddi vəziyyəti və s. aiddir. Bu göstəricilər şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsinə birbaşa təsir etməsə də, onun maddi vəziyyətinə mütənasibliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, ödəniləcək təzminatın həcmi zərərvurana münasibətdə təsirli çəkindirici vasitə olmaqla yanaşı, onun müflisləşməsinə də səbəb olmamalıdır. Birdən çox zərərçəkənin olduğu hallarda bu şərt xüsusilə nəzərə alınmalıdır.

7.22. Zərərvuranın davranışı ilə bağlı göstəricilərə isə hadisənin baş verməsinədək, hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkət və ya hərəkətsizliyi aid edilir. Məsələn, hadisənin baş verməsindən sonra əməlin nəticələrinin aradan qaldırmasına yönəlmiş könüllü hərəkətləri və s.

7.23. Mənəvi zərərin ödənilməsi məsələsi həll edilərkən məhkəmə digər əhəmiyyət kəsb edən hallarla bərabər iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq edildikdə zərərvuranın ağır maddi vəziyyətini də nəzərə ala bilər. (məsələn, zərərvuranın əlil və ya uzun sürən əmək qabiliyyətsizliyi nəticəsində gəlirinin olmaması, işə düzəlmək imkanının olmaması, himayəsində azyaşlı və ya əlil uşaqları, əmək qabiliyyətsiz ər və ya arvadının olması). Zərərvuranın ağır maddi vəziyyəti mənəvi zərərə görə təzminatın təyin edilməsindən imtina üçün əsas ola bilməz.

Hüquqazidd əməlin xarakteri, nəticələri və törədildiyi şərait

7.24. Mənəvi zərərin yaranması ilə nəticələnən hüquqazidd əməlin xarakteri qəsdin obyekti, hüquqpozmaların növü, ağırlıq dərəcəsi və təqsirin forması ilə xarakterizə olunur.

7.25. Hüquqazidd əməlin obyektini şəxsiyyət hüquqları təşkil edir. Bu əməlin xarakteri onun müdaxilə etdiyi şəxsiyyət hüquqlarının növlərindən asılı olaraq dəyişə bilər. Belə ki, bundan asılı olaraq şəxsə vurulan mənəvi zərərin həcmi fərqli ola bilər. Məsələn, turizm xidmətlərinin qüsurlu icrası nəticəsində istirahət hüququnun pozulması ilə şəxsin həyat və sağlamlığına qəsd nəticəsində yaranan mənəvi zərərin həcmi arasında əhəmiyyətli fərq var.

7.26. Vahid qəsdlə bir və ya birdən çox şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilədə mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından fərqləndirilməlidir. Məsələn, şəxsin sağlamlığına edilən qəsd nəticəsində vurulmuş mənəvi zərərin həcmi, eyni əməlin həmin şəxsin ləyaqətini alçaldacaq tərzdə edildiyi halda, vurulmuş mənəvi zərərin həcmindən daha az olacaqdır.

7.27. Xarakterinə görə hüquqpozmaların bir neçə növü fərqləndirilir: müqavilə öhdəliyinin pozulması, mülki hüquq pozuntusu (delikt), intizam pozuntuları, inzibati xətalar, cinayət, hüquqdan sui-istifadə. Əməlin ağırlıq dərəcəsinə isə onun törədilmə üsulu, törədildiyi şərait, niyyət, baş vermiş nəticələrin ağırlığı, birgə törədilmiş əməllərdə şəxsin rolu və s. aiddir. Odur ki, mənəvi zərərin həcmi müəyyən edilərkən qeyd olunan meyarlar baxımından hüquqpozmaların növünə, habelə aid olduğu növ üzrə əməlin ağırlıq dərəcəsinə ayrı-ayrılıqda qiymət verilməlidir.

7.28. Zərərvuranın hüquqazidd əməlin törədilməsində təqsirinin formasından, yəni qəsd və ya ehtiyatsızlıqla törədilməsindən asılı olaraq, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu, habelə təzminatın həcmi fərqləndirilməlidir.

7.29. Təqsirsiz və ya obyektiv məsuliyyət hallarında hüquqazidd əməlin baş verməsində məsuliyyət daşıyan şəxsin rolu nəzərə alınmalıdır. Məsələn, yüksək təhlükə mənbəyinin sürücülük hüququ olmayan şəxsə verilməsi halı ilə sürücülük hüququ olmamaqla yanaşı, sərxoş vəziyyətdə olan şəxsə verilməsi halında mülkiyyətçinin hadisənin törədilməsindəki rolu nəzərə alınmaqla, məsuliyyət dərəcəsi fərqləndirilməlidir.

8. ŞƏXSİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİ VƏ MƏNƏVİ ZƏRƏRİN KOMPENSASİYASI TƏLƏBLƏRİ ÜZRƏ İDDİA MÜDDƏTİ

8.1. Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

8.2. Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər dedikdə, bu qərarın 4.5-ci bəndində göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı tələblər nəzərdə tutulur.

8.3. Bundan fərqli olaraq, bu qərarın 4.6-cı bəndində göstərilən mənəvi təzminat tələblərinə isə bu tələbin hüquqi əsasını təşkil edən münasibətlərə (müqavilə və ya delikt) uyğun olan iddia müddətləri tətbiq edilir. Belə ki, deliktdən irəli gələn mənəvi təzminat tələblərinə 10 illik ümumi iddia müddəti və ya qanunda nəzərdə tutulmuş qısaldılmış digər müddətlər (məsələn, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində nəzərdə tutulmuş 1 illik müddət), müqavilədən irəli gələn tələblərə isə qanunda həmin müqavilə üzrə nəzərdə tutulmuş iddia müddətləri şamil edilir.

8.4. Bununla belə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin kompensasiyası haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin kompensasiyası hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.

8.5. İstinad olunan maddənin birinci cümləsi delikt və ya müqavilə öhdəliyinin pozulması nəticəsində fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş həm maddi zərərin, həm də mənəvi təzminatın ödənilməsi barədə tələblərə aiddir. Maddənin ikinci cümləsi isə məzmunundan göründüyü kimi, yalnız maddi zərərə aid tənzimləməni həyata keçirməklə, şəxsin son üç il ərzində sağlamlığının bərpasına çəkdiyi xərclərin tutulmasını təsbit edir. Nəzərə alınmalıdır ki, həmin müddət xüsusi müddətlərə aid olmaqla iddia müddəti hesab edilmir. Ona görə də məhkəmələr həmin müddəti cavabdehin bununla bağlı ərizəsi olmadan xidməti vəzifələrinə görə tətbiq etməlidirlər. Məsələn, şəxs yol-nəqliyyat hadisəsinin baş verməsindən 15 il keçdikdən sonra həmin hadisə nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə ilk dəfə iddia qaldırdıqda, məhkəmə mənəvi təzminatı hər hansı müddət tətbiq etmədən, maddi zərərin əvəzini isə sonuncu üç il üçün sağlamlığın bərpasına çəkilmiş xərclər həddində tutmalıdır.

8.6. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından göstərilən tələblər də Mülki Məcəllənin 384.0.3-cü maddəsinə uyğun olaraq bu qərarın 8.4 və 8.5-ci bəndlərində qeyd olunan qaydada həll edilməlidir.

8.7. İnzibati icraat qaydasında irəli sürülmüş mənəvi təzminatın ödənilməsi tələbləri üzrə iddia müddəti də Mülki Məcəllənin müvafiq normalarına uyğun tətbiq edilməlidir.

8.8. Mülki qanunvericiliyə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Uşaqların hüquq qabiliyyəti doğulduğu an əmələ gəlir, fəaliyyət qabiliyyəti isə, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu baxımdan nəzərə alınmalıdır ki, uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır.

9. PROSESSUAL MƏSƏLƏLƏR

9.1. Prezumpsiya və sübutetmə

9.1.1. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

9.1.2. Mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin mövcudluğu prezumpsiyasını yaradır. Bu zaman sübutetmə yükünün həcmi baxımından şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halı ilə müqavilə öhdəliklərinin və əmlak hüquqlarının pozulması halları arasında fərqin olması nəzərə alınmalıdır.

9.1.3. Belə ki, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halında bu əməlin mövcudluğunun sübuta yetirilməsi həmin şəxsi mənəvi zərərə məruz qalması üzrə sübutetmə yükündən azad edir. Məsələn, iddiaçının barəsində təhqiredici ifadələrin yayılması faktının təsdiq olunması, iddiaçının mənəvi zərərə məruz qalması (cavabdeh tərəfindən əksi sübuta yetirilməyincə) qənaətinə gəlməyə əsas təşkil edəcəkdir.

9.1.4. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir. Məsələn, podrat müqaviləsi üzrə bərpaya verilmiş rəsm əsərinin məhv olması nəticəsində mənəvi zərərin kompensasiyasını tələb edən sifarişçi podratçının müqavilə öhdəliklərini pozması faktı ilə yanaşı, bu pozuntu nəticəsində onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləni də sübuta yetirməlidir.

9.1.5. Yaxınların mənəvi zərər tələbləri baxımından dairəsi qanunla müəyyən edilmiş yaxın qohumlara münasibətdə mənəvi yaxınlıq prezumpsiyası bunun əksi sübuta yetirilənədək qüvvədədir. Bu kateqoriyaya aid olmayan digər şəxslərə münasibətdə mənəvi yaxınlığını isə iddiaçı sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, şəxsin yaxını dedikdə, şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, mənəvi yaxınlığı olan, həyatında mühüm yer tutan qohumu və ya qohum olmayan digər şəxs başa düşülür.

9.1.6. Yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin törətdikləri mülki hüquq pozuntusu nəticəsində vurulmuş mənəvi zərər tələbləri üzrə sübutetmə yükünün Mülki Məcəllənin aidiyyəti üzrə 1103-1105-ci maddələri ilə nizamlandığı nəzərə alınmalıdır.

9.2. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərində hüquqi varislik

9.2.1. Şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri zərərçəkənin şəxsiyyəti ilə bağlı olduğundan, bu tələb üzrə hüquq varisliyinə yol verilmir və güzəşt edilmir.

9.2.2. Şəxsiyyət hüquqlarının müdafiəsi üsullarından fərqli olaraq, mənəvi təzminat tələbləri üzrə şəxsiyyətə bağlılıq zərərçəkənin bu tələb hüququndan istifadə anınadək davam edir. Bu andan etibarən mənəvi təzminatın ödənilməsi tələbi əmlak hüququna çevrildiyindən, həmin hüququn zərərçəkənin vərəsələri tərəfindən təqibi mümkündür. Belə tələbin isə güzəşt edilməsi və miras yolu ilə keçməsinə hər hansı hüquqi maneə yoxdur.

9.2.3. Zərərçəkənin bu hüququndan istifadəsi onun zərərvurana qarşı mənəvi təzminat tələbini irəli sürməsini ehtiva edir. Bu cür tələb zərərçəkənin məhkəmədə cavabdehə qarşı iddia qaldırması və ya məhkəmədənkənar qaydada (yazılı pretenziya və digər aşkar üsullarla) tələb irəli sürməsi ilə ifadə oluna bilər.

9.2.4. Zərərçəkənin mənəvi təzminat tələb etmək hüququndan istifadə etdiyi andan etibarən zərərvuranın üçüncü şəxslərə ötürülə bilən və ya miras passivi kimi vərəsəliklə keçə bilən öhdəliyi yaranmış olur.

9.2.5. Marağı olan şəxslərin (ölmüş şəxsin yaxınları) tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Bu tələb hüququ ölmüş şəxsin deyil, maraqlı şəxslərin özlərinin şəxsiyyət hüquqlarının müdafiəsinə əsaslanır.

9.3. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərində dövlət rüsumunun ödənilməsi xüsusiyyətləri

9.3.1. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbləri üzrə dövlət rüsumunun məbləği tələbdən asılı olaraq fərqləndirilməlidir.

9.3.2. Belə ki, bu qərarın 4.5-ci bəndində göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri qiymətləndirilməyən iddialara aid olduğundan, dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ödənilməlidir.

9.3.3. Bundan fərqli olaraq, bu qərarın 4.6-cı bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir.

9.3.4. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir.

9.3.5. İddiaçı mənəvi təzminatın ödənilməsi ilə bağlı bir neçə müstəqil tələb irəli sürdükdə, dövlət rüsumu Mülki Prosessual Məcəllənin 112.1.10-cu maddəsinə uyğun olaraq bütün tələblərin ümumi məbləği əsasında müəyyən edilməlidir.

9.4. Digər prosessual məsələlər

9.4.1. İddia ərizəsinin hüquqi əsaslandırılmasından (hansı şəxsiyyət hüququnun müdafiəsi ilə bağlı olması və s.) asılı olmayaraq, məhkəmə işin faktiki halları baxımından pozulmuş şəxsiyyət hüququnun növünü müəyyən etməli, habelə zərurət olduğu hallarda prosessual qənaət məqsədi ilə işi məhkəmədə baxılmağa hazırlayarkən Mülki Prosessual Məcəllənin 14.1 və 167.2-ci maddələrinə əsasən pozulmuş şəxsiyyət hüquqlarının növünə uyğun bütün mümkün müdafiə üsullarını iddiaçıya izah etməli və sonuncunun istəyinə uyğun olaraq tələbinin dəqiqləşdirilməsinə şərait yaratmalıdır.

9.4.2. İddiaçılar öz seçimlərinə uyğun olaraq iddialarında şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərini birlikdə, yaxud müstəqil şəkildə irəli sürə bilərlər. Tələb yalnız şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduqda, məhkəmənin mənəvi zərərlə bağlı hər hansı araşdırma aparması istisna olunur.

9.4.3. Mənəvi təzminat tələblərinə dair iddia ərizəsində tələb edilmiş məbləğin göstərilməməsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinin pozulması hesab olunur və həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılma əsasıdır. Belə iddia ərizəsi səhvən icraata qəbul edildiyi halda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinə riayət etməklə baxılmamış saxlanılmalıdır.

9.4.4. Barəsində yayılmış məlumatların silinməsi, təkzib edilməsi və digər bu kimi tələblər üzrə iddia ərizəsi verilənədək, şəxs iddia ilə eyni vaxtda və ya məhkəmənin gedişində həmin məlumatların daha geniş həcmdə yayılmasının qarşısının alınması məqsədilə Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə uyğun olaraq, məlumatların yayılmasının qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə bu ərizənin təmin edilməsinə dair qərardadını icra edilməsi üçün cavabdehlə yanaşı, aidiyyəti üzrə Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinə və (və ya) Audiovizual Şuraya göndərir.

9.4.5. Məhkəmə baxışında iştirak edən şəxslərin tələbi ilə şəxsi, ailə, kommersiya və digər sirr təşkil edən məlumatların qorunması məqsədi ilə məhkəmələr işə qapalı məhkəmə iclasında baxmalı, habelə proses iştirakçılarından kənar şəxslərə əlçatanlığının qarşısının alınması üçün işə əlavə edilmiş sirr təşkil edən sübutların (fotoşəkillər, yazışmalardan çıxarışlar, sənədlər, səs yazıları və s.) möhürlənmiş xüsusi zərfdə saxlanılmasını təmin etməlidirlər.

9.4.6. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, əsas tələblər kassasiya qaydasında mübahisələndirildiyi hallarda kassasiya instansiyası məhkəməsi törəmə tələblərlə bağlı hissələrə təzminatın mübahisələndirilən hissəsinin məbləğindən asılı olmayaraq irəli sürülmüş dəlillər üzrə baxa bilər.

9.4.7. Kassasiya qaydasında mübahisələndirilən hissə yalnız mənəvi təzminatın məbləği ilə bağlı olduqda isə kassasiya şikayətinin mümkünlüyü Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən yoxlanılmalıdır.

10.1. Bu Qərarın qəbul olunması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarları qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 24 dekabr 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver