26.1. Səhmdarların Ümumi Yığıncağının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna səlahiyyətlərindən başqa sığortaçıların Səhmdarlarının Ümumi Yığıncağının aşağıdakı əlavə səlahiyyətləri var:
26.1.1. digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması, o cümlədən başqa sığortaçının səhmlərinin alınması, sığortaçının törəmə cəmiyyətlərinin təsis edilməsi və fəaliyyətlərinə xitam verilməsi barədə qərarlar qəbul etmək;
26.1.2. sığortaçının qiymətli kağızlarının, o cümlədən səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, sığortaçının kapitalının artırılması və ya azaldılması, xalis mənfəət hesabına ehtiyatların formalaşdırılması barədə qərarlar qəbul etmək;
26.1.3. bu Qanunun VIII Fəslində nəzərdə tutulmuş əsaslı dəyişikliklər barədə qərarlar qəbul etmək;
26.1.4. sığortaçının maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
26.1.5. bu Qanunun 10.7-ci maddəsi nəzərə alınmaqla sığortaçının filial və nümayəndəliklərinin açılması və ya ləğvi barədə qərarlar qəbul etmək, onların əsasnamələrini təsdiq etmək;
26.1.6. bu Qanunun 75.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçının müstəqil auditorunu seçmək və təyinatını geri götürmək;
26.1.7. sığortaçının büdcəsini təsdiq və qəbul etmək;
26.1.8. Direktorlar Şurasının və İdarə Heyətinin əsasnamələrini təsdiq etmək;
26.1.9. Direktorlar Şurasından və Audit Komitəsindən hesabatlar almaq;
26.1.10. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini və onun müavinlərini seçmək, onların səlahiyyətlərinə xitam vermək;
26.1.11. rəhbər işçilərin sığortaçının adından öhdəliklər qəbul etmək, səlahiyyətlərini və həmin səlahiyyətlərin sığortaçının digər əməkdaşlarına verilməsi hədlərini müəyyənləşdirmək;
26.1.12. sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş maliyyə hesabatlarını təsdiq etmək.
26.2. Bu Qanunun 26.1.4-26.1.6-cı və 26.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətlər nizamnamə əsasında və ya Səhmdarların Ümumi Yığıncağının qərarı ilə sığortaçının Direktorlar Şurasına verilə bilər.