51.1. Mərkəzi Bank lisenziya verilməsi üçün yekun müraciətə bu Qanunun 50.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 51.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
51.2. Lisenziya verilməsi üçün yekun müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb etməlidir.
51.3. Lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
51.4. Mərkəzi Bank lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra müvafiq lisenziya verir.
51.5. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı bu Qanunun 51.1-ci maddəsində göstərilən müddət ərzində müraciət edənə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya Mərkəzi Bank tərəfindən sığortaçının səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.
51.6. Mərkəzi Bank lisenziyanın bu Qanunun 54-cü maddəsində nəzərdə tutulmuş qaydada reyestrdə qeydə alındığı tarixdən etibarən 7 iş günü müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində məlumat dərc etdirir.
51.7. Lisenziya aldıqdan 6 ay müddətində sığortaçı rəsmi internet səhifəsinin yerləşdirilmiş olduğu ünvan barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.