71.1. Sığortaçının ona aidiyyəti olan şəxslə bağladığı bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əqdin şərtləri sığortaçıya aidiyyəti olmayan şəxsə təklif etdiyi müvafiq əqdin şərtlərindən əlverişli olmamalıdır.
71.2. Aşağıdakı hallarda sığortaçının ona aidiyyəti olan şəxsə təklif etdiyi şərtlər ona aidiyyəti olmayan şəxsə təklif etdiyi şərtlərdən əlverişli hesab edilir:
71.2.1. sığortaçının ona aidiyyəti olan şəxslə bağladığı sığorta müqaviləsinin şərtləri sığorta riskinin qiymətləndirilməsi baxımından həmin şəxslə eyni vəziyyətdə olan, lakin sığortaçıya aidiyyəti olan şəxs hesab edilməyən tərəfə təklif etdiyi şərtlərdən əhəmiyyətli dərəcədə əlverişli olması;
71.2.2. sığortaçıya aidiyyəti olan şəxsdən əmlakın real bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlə alması və ya ondan aşağı keyfiyyətli malların alınması;
71.2.3. sığortaçıya aidiyyəti olan şəxsə əmlakın real bazar dəyərindən aşağı qiymətə satılması;
71.2.4. adi biznes əməliyyatlarının gedişində sığortaçıya aidiyyəti olmayan şəxslə müqayisədə, ona aidiyyəti olan şəxsin təklif etdiyi eyni cinsli və eyni keyfiyyətli malların və ya xidmətlərin dəyərinin sığortaçı tərəfindən yüksək qiymətlə ödənilməsi.
71.3. Sığortaçının bu Qanunla nəzərdə tutulmayan, bu Qanunun 70-ci maddəsinin şərtləri nəzərə alınmadan, habelə ona aidiyyəti olmayan şəxsə təklif etdiyi şərtlərdən əlverişli şərtlərlə ona aidiyyəti şəxslə bağladığı əqd bağlandığı andan etibarsız sayılır və heç bir hüquqi qüvvəyə malik deyil.