Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 73

Maddə 73. Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

73.1. Sığortaçı yalnız sığortaçı olan digər hüquqi şəxslə (şəxslərlə) birləşə bilər. Belə birləşmənin həyata keçirilməsi üçün Mərkəzi Bankın razılığı tələb olunur.

73.2. Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq səhmdar cəmiyyəti formasında olmalıdır.

73.3. Birləşmə barədə qərar qəbul etmiş sığortaçılar müvafiq razılığın alınması üçün Mərkəzi Banka müraciət etməlidirlər. Mərkəzi Bank göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən sığortaçılar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir.

73.4. Bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda birləşən sığortaçıların sığortalılarının, təkrarsığortalılarının və digər maraqlı tərəflərin 30 gün müddətində bu birləşməyə etiraz etmək imkanları, həmçinin bu cür etirazın Mərkəzi Banka bildirilməsi qaydası göstərilməlidir.

73.5. Sığortaçıların birləşməsi barədə müqavilə bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 10 iş günü müddətində qeyd olunan müqavilə iştirakçısı olan tərəflərin Azərbaycan Respublikası ərazisindəki baş ofisində istənilən bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.

73.6. Sığortaçıların birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını Mərkəzi Bank müəyyən edir.

73.7. Birləşmə nəticəsində sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti bu Qanunun lisenziyalaşdırma ilə bağlı tələblərinə uyğun olmadıqda Mərkəzi Bank birləşməyə razılıq vermir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver