Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 94-2

Maddə 94-2. Müstəqil ekspertlərin reyestri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

94-2.1. Müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanunun 95.3-cü maddəsinə uyğun olaraq aparılır.

94-2.2. Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

94-2.3. Fiziki və hüquqi şəxslər aşağıdakı hallarda müstəqil ekspertlərin reyestrindən çıxarılırlar:

94-2.3.1. fiziki şəxs:

94-2.3.1.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.1.2. bu Qanunun 94-2.4-cü maddəsi nəzərə alınmaqla, müstəqil ekspert sertifikatının müddəti bitdikdə və yenisini almadıqda;

94-2.3.1.3. müstəqil ekspert fəaliyyəti ilə bağlı bu Qanunun tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;

94-2.3.1.4. məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

94-2.3.1.5. bu Qanunun 102-ci maddəsinə uyğun olaraq verilmiş təqdimat vaxtında və ya tam icra edilmədikdə;

94-2.3.1.6. vəfat etdikdə;

94-2.3.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

94-2.3.1.8. müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

94-2.3.2. hüquqi şəxs:

94-2.3.2.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.2.2. bu Qanunun 94-1.7-ci maddəsinin tələbləri pozulduqda;

94-2.3.2.3. bu Qanunun 94-2.3.1.3-cü və ya 94-2.3.1.5-ci maddələrində göstərilən hallarda;

94-2.3.2.4. müflis elan edildikdə və ya ləğv edildikdə.

94-2.4. Müstəqil ekspertlərin reyestrinə bir neçə sahə üzrə daxil edilmiş fiziki şəxs olan müstəqil ekspert bu Qanunun 94-3.4-cü maddəsinə uyğun olaraq müvafiq sahə üzrə yenidən sertifikat almadıqda həmin sahə üzrə reyestrdən çıxarılır.

94-2.5. Bu Qanunun 94-1.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, hüquqi şəxs olan müstəqil ekspert müstəqil ekspert olan işçisinin əmək müqaviləsinə xitam verildikdən sonra 2 ay müddətində onu müvafiq sahə üzrə müstəqil ekspertlə əvəz etmədikdə (müvafiq sahə üzrə digər müstəqil ekspert olan işçisinin olduğu hallar istisna olmaqla), o, müvafiq sahə üzrə müstəqil ekspertlərin reyestrindən çıxarılır.

94-2.6. Bu Qanunun 94-2.3.1.3 – 94-2.3.1.5-ci və 94-2.3.2.3-cü maddələrinə əsasən reyestrdən çıxarılmış müstəqil ekspert reyestrdən çıxarıldığı tarixdən müstəqil ekspert fəaliyyəti ilə məşğul ola və bir il ərzində təkrar reyestrə daxil edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver