Qanunvericilik › “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) › Tam mətn

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022)

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1544 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 sentyabr 2022-ci il

1.1. Bu Qayda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.4-cü maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.4-cü maddəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-9-cu maddəsinin dördüncü hissəsinə və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət icbari şəxsi sığorta vəsaitindən (bundan sonra – sığorta vəsaiti), o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli 697 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

2.1.3. sığorta ehtiyatının aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:

1. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;

2. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklar;

2.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

2.2. Sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi sığorta ehtiyatına yönəldilir.

2.3. Sığorta vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) xüsusi xəzinə hesabında (bu Qaydanın 2.1.3-cü yarımbəndində qeyd olunan gəlirlər istisna olmaqla) toplanılır və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) xüsusi bank hesabına köçürülür.

2.4. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.

2.5. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

3.1. Sığorta vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur:

3.1.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi;

3.1.2. sığorta ehtiyatının yaradılması;

3.1.3. Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

3.1.4. idarəetmə xərclərinin ödənilməsi (sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi);

3.1.5. qanunla müəyyən edilən digər istiqamətlər.

3.2. Hər il üçün dövlət icbari şəxsi sığorta üzrə gəlir və xərclərin bu Qaydanın 3.1-ci bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsü Nazirlik tərəfindən təsdiq edilir.

3.3. Sığorta ehtiyatından aşağıdakı istiqamətlərdə istifadə olunur:

3.3.1. sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsirin maliyyələşdirilməsi;

3.3.2. sığorta ehtiyatının həcmi sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının həcminin artırılması dayandırılmaqla, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir hesabına bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi.

3.4. Sığorta ehtiyatı bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş tələblərə uyğun olan banklarda (bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərtilə) depozitə yerləşdirilir.

3.5. Bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirləri Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) həyata keçirirlər. Agentlik və Mərkəz bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, bu Qaydanın 3.2-ci bəndində göstərilən bölgüdə nəzərə alınması məqsədilə Nazirliyə təqdim edirlər.

3.6. Fond tərəfindən bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin və Mərkəzin bank hesablarına köçürülür.

4.1. Bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq, əvvəlki il Fond tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik və Mərkəz hər il fevralın 1-dək Fonda təqdim edirlər.

4.2. Fond bu Qaydanın 4.1-ci bəndində göstərilən məlumatları, habelə sığorta vəsaitlərinin istifadəsinə dair Nazirliyin təsdiq etdiyi formada icmal hesabatı hər il fevralın 15-dək Nazirliyə, Nazirlik isə hər il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

1. 8 aprel 2025-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2025-ci il, “Xalq” qəzeti, 12 aprel 2025-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 389)

2. 21 oktyabr 2025-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 23 oktyabr 2025-ci il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 982)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver