Qanunvericilik › Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 27.05.2005) › Tam mətn

Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 27.05.2005)

Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 27.05.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məhkəmə statistikası göstərir ki, hər il qanunsuz olaraq silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması və satışı ilə bağlı məhkəmələrdə xeyli cinayət işlərinə baxılır. Bu sahədəki qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi zamanı qanunun tələblərinin müxtəlif mənada başa düşülməsi halları mövcuddur.

Bir tərəfdən də bu onunla əlaqədardır ki, Azərbaycan Respublikasının 2000-ci il 26 may tarixli 886-IQ nömrəli Qanununa əsasən 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, həmin əşyaları (predmetləri və məmulatları) hazırlama, habelə odlu silahı təmir etmə, eləcə də həmin əşyaları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin yeni tövsifedici əlamətləri müəyyən edilmişdir.

Azərbaycan Respublikası 2000-ci il 17 mart tarixli 835-IQ nömrəli Qanunla “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixdə Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasına qoşulmuş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2003-cü il dekabrın 29-da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair” qərar qəbul etmişdir.

Həmin səbəblərdən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1998-ci il 22 may tarixli qərarında verilən əvvəlki izahlar hazırkı dövrün tələblərini ödəmir.

Silahların, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanması, dövriyyəsi və talanması işləri üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə Ali Məhkəmənin Plenumu

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir.

Şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan cinayətlərin predmetinə aid olub-olmaması məsələsi “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir.

Şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi predmetin odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara, yəni qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan cinayətlərin predmetinə aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir.

2. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir.

Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular, habelə qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah həm sənaye, həm də kustar üsulla istehsal edilə və hazırlana bilər.

Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 8-ci bəndinə əsasən odlu silah – barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır.

CM-in 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silaha aşağıdakılar aiddir:

b) yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah;

c) yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silah;

ç) yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah;

d) əl reaktiv qumbara atanlar;

e) hücum və ya müdafiə odsaçanlar;

ə) yay tipli atıcı mexanizmli silah.

Odlu silahlara, həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin “a-ə” yarımbəndlərində göstərilən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər.

Pnevmatik silah, işıqverici, işarəverici, fişəng atıcı, tikinti-montaj təyinatlı tapança və revolverlər, elektroşok qurğuları, eləcə də soyuq silah odlu silah hesab edilmir.

3. “Avtomatik” termini ondan növbə ilə atəş açıla bilən silahlara aiddir.

“Yarımavtomatik” termini tətiyi hər dəfə sıxarkən atəş açılan silahlara aiddir.

“Yenidən doldurma tələb edən mexanizmli” termini, tətiyi sıxmaqdan başqa, onun hərəkətə gətirilməsi üçün hər dəfə yenidən doldurulmasının yerinə yetirilməsi zəruri olan silahlara aiddir.

“Təkatılan” termini, lüləsi və ya lülələri hər növbəti atəşin açılması üçün yenidən doldurulan silahlara aiddir.

“Qısalüləli” termini, lüləsinin uzunluğu 30 santimetrdən çox olmayan və ya ümumi uzunluğu 60 santimetrdən az olan silahlara aiddir.

“Uzunlüləli” termini, lüləsinin uzunluğu 30 santimetrdən çox, ümumi uzunluğu isə 60 santimetrdən çox olan silahlara aiddir.

4. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı – müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır.

Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımı, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür.

Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi, güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir.

Hədəfi zədələmək və məhv etmək üçün nəzərdə tutulan elementi (mərmisi, gülləsi, qırması və s.) olmayan və canlı hədəfi məhv etmək təyinatına malik olmayan işarəverici, işıqverici, tikinti-montaj işlərində istifadə edilən qaz və təlim patronları döyüş sursatlarına aid deyillər.

Partlayıcı maddələr dedikdə, tezliklə özüyayılan kimyəvi çevrilmə xüsusiyyətinə və partlama qabiliyyətinə malik kimyəvi birləşmələrdən ibarət maddələr başa düşülməlidir. Bunlara trotil, ammonitlər, plastidlər, elastitlər, tüstülü və tüstüsüz barıt, bərk raket yanacağı və s. aiddir.

Partlayıcı qurğular dedikdə, partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayışın baş verməsi üçün qığılcım yaradan xüsusi qurğulardan (məsələn, detonator, fitil və s.) ibarət olan predmetlər nəzərdə tutulur.

Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr, odlu silahın lüləsi, zərbə, buraxılış (tətik), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür.

Lakin odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, süngü və s.) Azərbaycan Respublikası CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər.

5. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 16-cı bəndinə görə, silahın dövriyyəsi – silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi sərgisinin keçirilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir.

Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları qanunsuz olaraq başqasına vermə dedikdə, həmin predmetlərə sahiblik edənin qanunsuz olaraq onları müvəqqəti (məsələn, istifadə etmək, saxlamaq, daşımaq və s. bu kimi məqsədlər üçün) başqa şəxsə verməsi başa düşülür.

6. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2010-cu il 21 iyun tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, saxlanması, daşınması, gəzdirilməsi və ya satılmasına görə müvafiq olaraq CM-in 228.1 (228.2) və 228.3-cü (228.4-cü) maddələri ilə cinayət məsuliyyəti istisna edilsə də, yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi CM-in müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır.

Yivsiz odlu ov silahından hazırlanmış, yəni artıq əvvəlki təyinatını itirmiş kəsilmiş tüfəngi əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Lakin belə (kəsilmiş) tüfəngdə istifadə etmək məqsədilə törədilsə belə, yivsiz odlu ov silahı üçün nəzərdə tutulmuş döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi CM-in 228-ci maddəsi ilə məsuliyyət yaratmır.

7. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır.

8. Partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.

9. CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür.

Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir.

Həmin predmetlərin qanunsuz daşınması dedikdə, istənilən üsulla onların yerinin dəyişdirilməsinə yönələn qəsdən edilən hərəkət başa düşülməlidir.

Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir.

Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır.

Odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün qanunvericilikdə müəyyən edilmiş müddətlər bitdikdən sonra onların saxlanması, gəzdirilməsi, daşınması CM-nin 228-ci maddəsinin tərkibini yaratmır.

CM-in 228.3-cü maddəsinə əsasən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları qanunsuz olaraq satma dedikdə, CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş - bu predmetlərin müvəqqəti olaraq başqasına keçməsini ehtiva edən odlu silahın və s. verilməsindən fərqli olaraq onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması, yəni həmin predmetlərin əvəzli və ya əvəzsiz olaraq başqasının sahibliyinə keçməsi ilə yanaşı, onların üzərində sərəncam vermək “hüququnun” da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir (məsələn, pul müqabilində satılması, bağışlanması, başqa predmetlə dəyişdirilməsi, borcun əvəzinə verilməsi və s.).

Şəxs eyni bir predmetə münasibətdə CM-in 228.1-ci maddəsində göstərilən əməllərlə, məsələn, qanunsuz olaraq odlu silahı əldə etməklə, saxlamaqla, daşımaqla yanaşı, onun satışını həyata keçirdikdə, bu hərəkətlər CM-in 228.1 və 228.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında deyil, yalnız daha ağır məsuliyyət müəyyən edən CM-in 228.3-cü maddəsi ilə, CM-in 228.4-cü maddəsində təsbit edilmiş tövsifedici əlamətlərlə müşayiət olunduqda isə CM-in həmin maddəsi ilə tövsif olunmalıdır.

Lakin fərqli predmetlərə (məsələn, müxtəlif odlu silahlara) münasibətdə müstəqil hərəkətlərlə törədilmiş, biri CM-in 228.1 və ya 228.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibini, digəri CM-in 228.3 və ya 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibini təşkil edən ayrı-ayrı əməllər CM-in 228.1 və 228.3-cü (tövsifedici əlamətlər olduqda – CM-in 228.2 və 228.4-cü) maddələri ilə - cinayətlərin məcmusu kimi tövsif edilməlidir.

10. CM-nin 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları, habelə qaz silahını və ya soyuq silahı qanunsuz hazırlama (istehsal etmə) dedikdə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin ziddinə olaraq onların yaradılması, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montaj, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu, qaz silahı və ya soyuq silah, o cümlədən soyuq atıcı silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir.

Odlu silahı təmir etmə dedikdə, onun itirilmiş məhv etmə xüsusiyyətlərinin bərpa edilməsi nəzərdə tutulur, yəni təmir nəticəsində odlu silah təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirilir.

Şərh edilən maddədə nəzərdə tutulmuş odlu silahı və digər predmetləri hazırlama cinayəti həmin predmetlərin tam şəkildə yaradıldığı andan, odlu silahı təmir etmə cinayəti işə onun məhvedici xüsusiyyətlərinin bərpa edilməsi anından başa çatmış hesab edilər.

Şəxs bu cinayətin predmetlərini hazırlama, habelə odlu silahı təmir etmə üzrə texnoloji prosesi apararkən yaxalanarsa, onun əməli CM-nin 229-cu maddəsində nəzərdə tutulan cinayəti törətməyə cəhd etmə kimi tövsif edilməlidir.

11. Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların talanması dedikdə, belə predmetləri mənimsəmək və ya başqa şəxsə vermək, habelə öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədilə onları hər hansı bir üsulla ələ keçirmək başa düşülməlidir.

12. Azərbaycan Respublikası CM-nin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi, həmçinin təmir edilmiş, yararsız odlu Silahların və ya odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi və talanması zamanı da yaranır.

Şəxs yanılıb funksional istifadə üçün yararlı olmayan silahı, döyüş sursatını, partlayıcı maddəni və qurğunu yararlı hesab edərək talamışsa, onun əməli həmin predmetlərin talanmasına cəhd kimi tövsif edilməlidir.

Əgər şəxs sadalanan predmetlərin dövriyyəsi ilə bağlı hərəkətlər edərkən vicdanlı surətdə yanılmışdırsa, bu, onun CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyəti daşımasını istisna edir. (Məsələn, sürücü daşıdığı yükün sahibinin həmin yükün içərisində odlu silah və ya döyüş sursatı gizlətdiyindən xəbərsiz olaraq yükü daşıyır).

Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular dövlət və digər müəssisə və təşkilatlardan, eləcə də onları qanuni və qanunsuz yolla əldə etmiş ayrı-ayrı şəxslərdən talandıqda, Azərbaycan Respublikası CM-nin 232-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət yaranır.

13. CM-in 228.2.1-ci maddəsi ilə məsuliyyət odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxsdən ibarət qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi zamanı yaranır.

CM-in 228.2.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq tövsifedici əlaməti təqsirkar şəxs tərəfindən CM-in 228.1, 228.2.1 və 228.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərdən hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi hallarında mövcud olur.

Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir.

Əgər şəxs əvvəl təkbaşına, sonradan isə təkrarən digər şəxslərlə qabaqcadan əlbir olaraq döyüş sursatı və odlu silah əldə edib gəzdirirsə, onun əməli təkrarlıq və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətlərinə görə CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə tövsif edilməlidir.

CM-in 228.1, 228.3 və 228.5-ci maddələrində göstərilən cinayət tərkibləri bir-birinə münasibətdə müstəqil olduğundan, CM-in 228.3 və ya 228.5-ci maddəsində nəzərdə tutulan hərəkətlər törədildikdən sonra CM-in 228.1, 228.2.1 və 228.2.3-cü maddələrində göstərilən əməllərin törədilməsi onların təkrar törədilməsi hesab olunmur.

Lakin bu Qərarın 9-cu bəndinin doqquzuncu abzasında göstərilən qaydada CM-in 228.3-cü (228.4-cü) maddəsi ilə tövsif olunmuş əməldə şəxsin yalnız bu maddədə nəzərdə tutulmuş odlu silahı və ya digər predmetləri satma əməlini deyil, həm də həmin (eyni bir) predmeti qanunsuz olaraq əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə kimi əməli (əməlləri) törətməsi də nəzərə alındığı hallarda, bu (CM-in 228.3 və ya 228.4-cü maddəsində nəzərdə tutulmuş) cinayətin törədilməsindən sonra şəxs CM-in 228.1 və ya 228.2.1 və ya 228.2.3-cü maddəsində göstərilən əməli (əməlləri) törətdikdə, həmin əməl cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - CM-in 228.2.2-ci maddəsi ilə (CM-in 228.2-ci maddəsində nəzərdə tutulmuş digər tövsifedici əlamətlərlə müşayiət olunduqda – həm də həmin maddələrlə) tövsif edilməlidir.

CM-in 228.2.3-cü maddəsində, eləcə də CM-in 228.4.2-ci maddəsində təsbit edilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsi əlaməti bu Qərarın 25-ci bəndinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müddəalara əsasən təfsir olunmalıdır.

Nəzərə almaq lazımdır ki, CM-in 228.4-cü maddəsində göstərilən tövsifedici əlamətlər müstəsna olaraq CM-in 228.3-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma əməlinə münasibətdə müəyyən edilmişdir.

Odur ki, silahın qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı, məsələn, CM-in 228.1-ci maddəsində göstərilən əməllərin deyil, yalnız odlu silahın və CM-in 228.3-cü maddəsində sadalanan və s. predmetlərin satışı mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə, əməl CM-in 228.4.4-cü maddəsi ilə tövsif edilə bilər.

Cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı olan əməllərə münasibətdə təfsiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli Qərarında verildiyi üçün şəxsin əməlində CM-in 228.4.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən, həmin Qərarda ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmalıdır.

CM-in 228.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi tövsifedici əlamətinin tətbiqi məsələsi həll olunarkən də burada həmin əlamətin yalnız CM-in 228.3-cü maddəsində göstərilən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma cinayətinə münasibətdə müəyyən olunduğu nəzərə alınmalıdır.

Bu səbəbdən (nə qədər ki, məhz CM-in 228.3-cü maddəsində göstərilən satış əməlinin təkrar törədilməsi həmin cinayətin CM-in 228.4.3-cü maddəsi ilə tövsifini şərtləndirən hal qismində nəzərdə tutulmuşdur) şəxsin əvvəl CM-in 228.1 və ya 228.2-ci maddəsində göstərilən cinayətləri törətməsi qanunsuz olaraq odlu silahın və s. predmetlərin satışının təkrarlıq əlaməti üzrə - CM-in 228.4.3-cü maddəsi ilə tövsif edilməsini tələb edən hal kimi qiymətləndirilə bilməz.

Eynilə, şəxsin eyni bir predmet, məsələn, odlu silah barədə əvvəlcə onun əldə edilməsi, daşınması və ya CM-in 228.1-ci (228.2-ci) maddəsində göstərilən digər hərəkətləri törətməsi, daha sonra isə həmin predmeti (odlu silahı) satması da CM-in 228.4.3-cü maddəsinin mənasına görə cinayətlərin təkrar törədilməsi əlamətini yaratmadığından, əməl həmin maddə ilə tövsif edilə bilməz və əgər digər tövsifedici əlamətlər yoxdursa, CM-in 228.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Onu da nəzərə almaq lazımdır ki, CM-in 228.2.1-ci maddəsindən fərqli olaraq, CM-in 228.4.1-ci maddəsi (birincinin az ağır, CM-in 228.4.1-ci maddəsində göstərilən cinayətin isə ağır cinayət olması nəzərə alınaraq) cinayətin yalnız qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən deyil, həm də cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsini tövsifedici əlamət qismində nəzərdə tutmuşdur.

Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən yuxarıda qeyd olunan xüsusiyyətlər nəzərə alınmaqla “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs”, “mütəşəkkil dəstə”, cinayətkar birlik (təşkilat) anlayışlarını təsbit edən CM-in 16, 34.2, 34.3 və 34.4-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır.

14. CM-nin 228.5-ci maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndinə (soyuq atıcı silaha münasibətdə isə həmin maddənin 7-ci bəndinə) əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası, süngü və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan soyuq atıcı silahlar (atıcı bıçaq və atıcı baltalar, mizraq, arbalet, ox və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər, toppuzlar və s.) aid edilir.

Göstərilən Qanunun 2-ci maddəsinin 10-cu bəndinə əsasən qaz silahı – gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır.

Nəzərə almaq lazımdır ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 11-ci bəndində göstərilən özünümüdafiə silahı – yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğuları qaz silahı hesab edilsə də, onların əldə edilməsinə, gəzdirilməsinə, satılmasına və ya hazırlanmasına görə CM-in 228.5 və ya 229.4-cü maddəsi ilə məsuliyyətin yaranıb-yaranmaması məsələsi həmin Qanunun 3-cü maddəsinin II hissəsinin 8 və 9-cu bəndlərinin, habelə 9-cu maddəsinin XI hissəsinin müddəaları nəzərə alınmaqla həll edilməlidir.

O cümlədən nəzərə alınmalıdır ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin XI hissəsi ilə özünümüdafiə silahı hesab edilən aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmadığı (hər bir 18 yaşına çatmış vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməklə və səlahiyyətli ticarət müəssisəsi tərəfindən müvafiq qeydin aparılması ilə onları əldə edə bildiyi) halda, həmin Qanunun 3-cü maddəsinin II hissəsinin 8-ci bəndi ilə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən istifadəsinə razılıq verilməyən gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin təsiri hesabına orta dərəcəli zədələnməyə səbəb olan qaz silahının dövriyyəsi”, 9-cu bəndi ilə isə “özünümüdafiə məqsədilə xüsusi təyinatlı güllələrlə doldurulmuş (polad özəkli, zireh deşən, işıqlandırıcı, dağıdıcı, ekspansiv tipli), eləcə də bütün növ boğucu qazlarla və gecə optik cihazı ilə təchiz edilmiş qaz tapançasının dövriyyəsi” qadağan edilmişdir.

Özünümüdafiə qaz silahının “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin II hissəsinin 8 və 9-cu bəndləri ilə ehtiva olunan qaz silahlarına aid olub-olmamasının, o cümlədən qaz silahının təchiz edildiyi (qaz silahının xassəsini şərtləndirən) maddənin güclü təsir edən, güllələrin xüsusi təyinatlı, qazın boğucu, qaz silahının orta dərəcəli zədələnməyə səbəb ola bilən olub-olmamasının və s. bu kimi məsələlərin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu bütün hallarda müvafiq ekspertizanın keçirilməsi təmin olunmalıdır.

15. CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxsin, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşımır.

CM-in 228-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə sözügedən predmetləri könüllü təhvil verən, lakin əməlində başqa cinayətin tərkibi olan, o cümlədən silahdan və ya CM-in 228-ci maddəsi ilə ehtiva olunan digər predmetlərdən istifadə etməklə cinayət törətmiş şəxs CM-in 228-ci maddəsinin “Qeyd”inə əsasən hər bir halda bu maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və yalnız başqa cinayətə görə məsuliyyət daşımalıdır.

Sadalanan predmetləri könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetlərə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetləri təqdim etməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir.

CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında, eləcə də müəyyən növ silahı təhvilverməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyəsinə görə təhvil verilməsi onları könüllü təhvilvermə kimi qiymətləndirilməlidir.

Həmin predmetləri könüllü surətdə təhvil verən şəxs CM-nin 228.1–228.5-ci maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir.

16. CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin predmetlərinin şəxs tərəfindən başqa bir cinayəti (ağır və ya xüsusilə ağır cinayəti) törətmək məqsədilə əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi, cinayətlərin məcmusu qaydasında CM-nin 228-ci maddəsi ilə başa çatmış cinayət kimi və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir.

Şəxs silahdan istifadə etməklə cinayət törətdikdə də onun əməli cinayətlərin məcmusu qaydasında tövsif edilir. Məsələn, silah tətbiq edilməklə quldurluq törədildikdə, əməl CM-nin 181.2.5 və 228-ci maddəsi ilə tövsif olunmalıdır.

Şəxs odlu silah, döyüş sursatı, partlayıcı maddələri və qurğuları başqa cinayətin törədilməsi üçün digər şəxsə verdikdə, onun əməli müvafiq olaraq CM-nin 228-ci maddəsi ilə və həmin cinayətlərin törədilməsində köməkçiliyə görə məsuliyyət nəzərdə tutulan maddələrlə tövsif edilməlidir.

Şəxs zəruri müdafiə zamanı onda qanunsuz olan silahı tətbiq edirsə o, qanunsuz olaraq silahı gəzdirməyə (əldə etməyə və saxlamaya) görə CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşımalıdır.

17. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları talama və sonradan saxlama, gəzdirmə, satma və daşıma cinayətlərin məcmusu qaydasında – CM-nin 232-ci və 228-ci maddələri ilə tövsif edilir.

Odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları tapmış, lakin onu mənimsəməyən və sonradan onun gizlədilməsi üçün heç bir tədbir görməyən şəxs CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşıya bilməz.

Tapdığı silahı gizlətmiş və ya yerini dəyişmiş şəxs mahiyyətcə onu qanunsuz əldə edib saxladığına görə CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşıyır.

18. Şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırladıqdan və ya onları təmir etdikdən sonra gəzdirir, satır, daşıyır, başqasına verir və ya saxlayırsa, onun əməli cinayətlərin məcmusu qaydasında – CM-nin 228 və 229-cu maddələri ilə tövsif edilməlidir.

Şəxs odlu silahın komplekt hissələrini taladıqda və sonradan həmin hissələrdən istifadə edərək, qanunsuz olaraq odlu silah hazırladıqda, onun əməli də cinayətlərin məcmusu qaydasında – CM-nin 229 və 232-ci maddələri ilə tövsif edilməlidir.

Əgər odlu silahın komplekt hissələri bir şəxs tərəfindən talanmış, digər hissələrin hazırlanması və odlu silahın yığılması isə başqa şəxs tərəfindən həyata keçirilmişdirsə, bu şəxslər arasında birgə silahın (hər ikisinə məxsus ümumi predmetin) hazırlanması barədə qabaqcadan razılıq olmamışdırsa, onlardan birincisinin əməli CM-nin 232-ci maddəsi ilə, ikincinin əməli isə CM-nin 229-cu maddəsi ilə tövsif olunmalıdır.

Əgər həmin şəxslər qabaqcadan əldə olunmuş razılığa müvafiq olaraq hər biri birgə odlu silahın hazırlanması üzrə vahid məqsədlə şərtləndirilən rolları yerinə yetirmişlərsə, onların əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahı hazırlama kimi CM-in 229.2.1-ci maddəsi ilə, silahın komplekt hissələrini talamış şəxsin əməli (digər tövsifedici əlamətlər olmadıqda) həm də CM-in 232.1-ci maddəsi ilə, komplekt hissələri ondan götürərək odlu silahın hazırlanmasında istifadə etmiş digər şəxsin əməli isə (nə qədər ki, o, talanmış hissələri əldə etməyi qabaqcadan vəd etmişdir) həm də CM-in 32.5 və 232.1-ci maddələri ilə tövsif edilməlidir.

Bu şəxslərdən biri cinayətin digər şəxs tərəfindən törədilməsinin təşəbbüskarı kimi çıxış etdikdə, onu cinayəti törətməyə təhrik etmiş olduqda və s. bu kimi birgə (hər ikisinə məxsus) silahı hazırlamaq barədə vahid məqsədlə şərtləndirilməyən hallarda təqsirkarın, təhrikçiliyə və iştirakçılığın (CM-nin 32-ci maddəsi) digər növlərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunmur. Məsələn, odlu silahın komplekt hissələrini talamış şəxs başqasını ələ almaqla çatışmayan hissələri hazırlamağa və istifadəyə yararlı silah yığmağa təhrik edir. Bu zaman silahı hazırlayanın əməli CM-nin 229.1-ci, təhrikçinin əməli isə CM-nin 32.4, 229.1 və 232.1-ci maddələri ilə tövsif olunmalıdır.

19. Odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin və qurğuların istifadəyə yararsız olan komplekt hissələrini onları təmir etmək məqsədi olmadan əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə Azərbaycan Respublikası CM-nin 228-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır.

20. Qanunun mənasına görə, CM-nin 229.1-ci maddəsində sadalanan predmetlərin hazırlanmasına və təmir edilməsinə görə məsuliyyət nəzərdə tutulduğundan və xidməti mülki silahın istehsalı yalnız bunun üçün xüsusi icazəsi olan müəssisələr tərəfindən həyata keçirildiyindən belə icazəsi olmayan dövlət və ya qeyri-dövlət müəssisələrində odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlayan və ya təmir edən şəxsin əməli şərh edilən maddə ilə tövsif edilməlidir.

21. Əvvəllər CM-nin 229.4-cü maddəsində göstərilən qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı qanunsuz hazırlamış şəxs tərəfindən sonradan CM-in 229.1-ci maddəsində sadalanan predmetlərin hazırlanması həmin maddədə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi hesab edilmir. (Məsələn, qanunsuz olaraq qaz silahı hazırladıqdan sonra odlu silah hazırlama).

22. CM-in 229-cu maddəsinin “Qeyd” hissəsinə əsasən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını partlayıcı maddələri, habelə qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlayan və ya qanunsuz olaraq odlu silahı təmir edən şəxs onları könüllü surətdə təhvil verərsə, onun əməllərində başqa cinayətin tərkibi olmadıqda, CM-nin 229-cu maddəsi ilə məsuliyyətdən azad edilir.

Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə əldə etmiş şəxs onları könüllü surətdə təhvil verdikdə, CM-nin 232.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir.

“Könüllü təhvil vermə” eləcə də “Qeyd”in “əgər onun əməllərində başqa cinayət tərkibi yoxdursa” müddəaları təfsir edilərkən, bu qərarın 15-ci bəndində göstərilən izahlar nəzərə alınmalıdır.

23. Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin hazırlanması və ya təmir edilməsi, əgər onlar başqa cinayət törətmək məqsədilə edilirsə və bu cinayətlər ağır və xüsusilə ağır cinayətlər sırasına daxildirsə, əməl cinayətlərin məcmusu qaydasında başa çatmış cinayət kimi CM-nin 229-cu maddəsi ilə və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir.

24. CM-nin 231-ci maddəsində nəzərdə tutulan məsuliyyət odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, xidməti vəzifəsi ilə əlaqədar mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsini sadalanan predmetlərin talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olan şəkildə lazımınca yerinə yetirilməməsində ifadə olunur. CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş cinayətlərdən fərqli olaraq, odlu silahın komplekt hissələri CM-nin 231-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti hesab olunmur.

Şəxsin öz vəzifələrini lazımınca yerinə yetirməməsi dedikdə, CM-nin 231-ci maddəsində sadalanan predmetlərin mühafizəsi zamanı səlahiyyətli orqan tərəfindən müəyyən olunan qaydaları pozması başa düşülür. Bu cinayət həm stasionar anbarların (məsələn, cəbbəxanaların, silah istehsal edən müəssisələrin anbarlarının və s.) həm də səyyar və müvəqqəti anbarların (məsələn, bu maddədə qeyd olunan silah və digər predmetlərin daşınması zamanı) mühafizəsi, eləcə də anbardan kənarda olan silahın nəqliyyat vasitəsinə yüklənməsi zamanı törədilə bilər.

CM-nin 231-ci maddəsində sadalanan predmetlərin mühafizəsi vəzifəsi tapşırılmış şəxsin bu vəzifəni lazımınca yerinə yetirməməsi yalnız həmin predmetlərin digər şəxs tərəfindən talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda və şəxsin silahın mühafizəsi üzrə vəzifəsini lazımınca yerinə yetirməməsi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olduqda cinayət məsuliyyəti yaranır.

Digər ağır nəticələr dedikdə, insan ölümü, sağlamlığa az ağır və ağır zərərin vurulması, mühüm maddi ziyanın yaranması və s. başa düşülür.

Odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular onların mühafizəsi tapşırılmış şəxs tərəfindən talandıqda və ya həmin şəxs digərləri tərəfindən qeyd edilən əşyaların talanmasında təşkilatçı, təhrikçi, köməkçi kimi iştirak etdikdə, müvafiq olaraq əməl CM-in 232-ci maddəsi ilə və yaxud CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad edilməklə CM-in 232-ci maddəsi ilə tövsif edilir.

25. CM-in 232.1-ci maddəsində göstərilən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinin yaranması üçün bu predmetlərin mülkiyyətçisinin və ya sahibinin kim olması, habelə onların miqdarı və dəyəri əhəmiyyət kəsb etmir.

Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmənin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, bu əşyaların mühafizəsi tapşırılmış və ya qanuni dövriyyəsinin həyata keçirilməsi, məsələn, onların istifadəsi, istehsalı, uçotu, mühafizəsinin təşkili, verilməsi, götürülməsi, məhv edilməsi və s. üzrə vəzifə səlahiyyətlərinə malik olan şəxs tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi başa düşülməlidir.

Eyni zamanda həmin əşyaların müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək üçün verildiyi şəxs (məsələn, qarovulçu, növbə üzrə asayişin mühafizəsində iştirak edən, müəyyən qaydalar üzrə daimi silah gəzdirmək hüququ olan polis əməkdaşları, keşikçi, inkassator) tərəfindən talanması və ya hədə-qorxu ilə tələb edilməsi də şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsi kimi qiymətləndirilməlidir.

CM-in 232.2.4-cü maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti, habelə CM-in 232.3.2-ci maddəsində təsbit edilmiş “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə” əlaməti fərqləndirilərkən, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 23-cü bəndində verilmiş, CM-in 180.2.4-cü maddəsində göstərilən soyğunçuluq cinayətinə və CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş quldurluq cinayətinin əsas tərkibinə həsr olunmuş izahlar nəzərə alınmalı və zərərçəkmiş şəxsin sağlamlığına ağır, az ağır, sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma və belə zərər vurma ilə hədələmə CM-in 232.3.2-ci maddəsi ilə ehtiva olunan hallar kimi, bu cür nəticələrə səbəb olmayan döymə, fiziki ağrı yetirmə, əl-qolunu bağlama və ya başqa şəkildə azadlığını məhdudlaşdırma və s. bu kimi zor tətbiq etmə və belə xarakterli zorakılıqla hədələmə isə CM-in 232.2.4-cü maddəsi ilə əhatə olunan hallar kimi nəzərdən keçirilməlidir.

Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğularla əlaqədar olaraq CM-in 232.2.4 və 232.3.2-ci maddələrində göstərilən cinayətlərin törədilməsi işin konkret hallarından asılı olaraq soyğunçuluq, quldurluq, həyat və sağlamlıq üçün təhlükəli olan və belə təhlükə kəsb etməyən zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hədə-qorxu ilə tələb etmə cinayətlərinin xüsusi halları kimi çıxış etdiyindən, xüsusi norma ilə ümumi normanın rəqabəti halında əməlin xüsusi norma ilə tövsif olunmasını tələb edən CM-in 17.4-cü maddəsinə müvafiq olaraq əməllərin cinayətlərin məcmusu üzrə həm də CM-in 180, 181 və 182-ci maddələri ilə tövsif olunması istisna edilir.

Eyni zamanda CM-in 232.3.2-ci maddəsində nəzərdə tutulmuş əlamətin sağlamlığa hansı ağırlıqda zərər vurmanı tam şəkildə əhatə edib-etməməsi, əməlin cinayətlərin məcmusu qaydasında bu maddə ilə yanaşı, həm də CM-in qəsdən sağlamlığa bu və ya digər ağırlıqda zərər vurmaya görə məsuliyyət müəyyən edən 126, 127 və 128-ci maddələri ilə tövsif edilməsinə ehtiyacın olub-olmaması məsələsi həll edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 mart tarixli Qərardadından irəli gələn hüquqi mövqe nəzərə alınmalı və əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma və ya CM-in 126.2-ci maddəsində təsbit olunmuş tövsifedici əlamətlərlə müşayiət olunmadıqda, CM-in 232.3.2-ci maddəsi istənilən ağırlıqda, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmanı tam şəkildə əhatə edən norma kimi götürülməli və odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə talama və ya hədə-qorxu ilə tələb etmə cinayətinin CM-in 232.3.2-ci maddəsi ilə yanaşı, CM-in 126.1, 127 və 128-ci maddələri ilə - cinayətlərin məcmusu kimi tövsif edilməsinə yol verilməməlidir.

Yalnız CM-in 126.2 və 126.3-cü maddələrində göstərilən qəsdən sağlamlığa ağır zərər vurma ilə müşayiət olunan talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin CM-in 232.3.2-ci maddəsi ilə yanaşı, həmin maddələrlə, yəni göstərilən cinayətlərin məcmusu qaydasında tövsif olunması tələb olunur (maddələrin sanksiyaları təxminən eyni ağırlıqda olduğuna, CM-in 126.3-cü maddəsinin sanksiyası ilə müqayisədə isə CM-in 232.3.2-ci maddəsinin sanksiyası daha yüngül olduğuna görə CM-in 232.3.2-ci maddəsi ilə qeyd edilən sağlamlığa qəsdən ağır zərər vurma hallarının ictimai təhlükəliliyi tam şəkildə əhatə olunmadığından).

26. Odlu silahın vəzifəli şəxs tərəfindən diqqətsiz saxlanılması ağır nəticələrə səbəb olduqda, onun əməli Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə tövsif edilməli, hərbi qulluqçunun xidməti istifadəsinə verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların onların diqqətsiz saxlanılması nəticəsində itirilməsi isə, əgər bu əməl nəticəsində mühüm zərər vurulubsa, CM-in 347-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməlidir.

CM-nin 230-cu maddəsində nəzərdə tutulmuş ağır nəticələr dedikdə, şəxsin odlu silahı diqqətsiz saxlanması üzündən həmin silahın başqasının əlinə keçməsinin insan tələfatına (o cümlədən intihara), başqasının sağlamlığına ağır və ya az ağır zərər dəyməsinə, əmlakının ciddi zədələnməsi və ya məhv edilməsinə səbəb olması və bu kimi sair hallar başa düşülməlidir.

27. Xidməti istifadə üçün verilmiş odlu, soyuq silah, döyüş sursatı və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmiş və hərbi hissəni (qulluq yerini) özbaşına tərk etdikdən sonra həmin predmetləri qanunsuz gəzdirən və ya saxlayan hərbi qulluqçunun əməlləri Azərbaycan Respublikası CM-nin 334.2-ci maddəsi ilə yanaşı, silahın növündən asılı olaraq CM-in 228.1-ci və ya 228.5-ci maddələri ilə tövsif edilməlidir.

28. Məhkəmələr odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələr və qurğuların talanmasına kömək etmiş səbəb və şəraiti müəyyən etdikdə, onların aradan qaldırılmasına müvafiq orqanların diqqətini xüsusi qərar çıxarma yolu ilə cəlb etməlidirlər.

Bununla yanaşı, bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır.

29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar “Silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1998-ci il 22 may tarixli, 1 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 27 may 2005-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver