20.1. Bu Qanunun 1.1.7-ci maddəsinin tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.
20.2. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
20.3. Siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.
20.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.
20.5. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar, xüsusi icra məmurları və xüsusi icra məmurlarının köməkçiləri siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.
20.6. Bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslər istisna olmaqla, digər dövlət qulluqçuları, həmçinin dövlət adından yaradılaraq müvafiq sahədə dövlət siyasətini həyata keçirən və hakimiyyət səlahiyyətinə (nəzarət, yoxlama, hüquqmüəyyənedici sənədlərin verilməsi və ya məsuliyyət tədbirlərinin tətbiqi) malik olan publik hüquqi şəxslərdə inzibati vəzifə tutan əməkdaşlar siyasi partiyanın üzvü ola bilərlər, lakin qulluq vəzifələrini icra etdiyi vaxtda siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər.
20.7. Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyanın orqanında təmsil oluna bilməzlər.
20.8. Siyasi partiyanın bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş təsisçiləri partiyanın üzvləri hesab olunurlar.
20.9. Şəxsin siyasi partiyadakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
20.9.1. şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;
20.9.2. şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;
20.9.3. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
20.9.4. şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
20.9.5. şəxs siyasi partiyadan xaric olunduqda.
20.10. Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.