30.1. Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
30.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun bu Qanunun 6.1-ci və 20.10-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir.
30.3. Bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edir.
30.4. Təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 30.2-ci və ya 30.3-cü maddəsinə uyğun olaraq reyestrin təqdim olunduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
30.5. Bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiya nizamnaməsini və proqramını bu Qanunun tələblərinə uyğunlaşdırır, proqramı olmadığı halda onu qəbul edir və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
30.6. Bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrinin tələblərinə əməl olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 7.4-cü və 9.3.4-cü maddələrinə uyğun olaraq tədbir görür.
30.7. Bu Qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrində nəzərdə tutulmuş dövlət maliyyə yardımı bu Qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalara ayrılır.
30.8. Bu Qanun qüvvəyə mindiyi gündən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414; 2014, № 11, maddə 1332; 2015, № 4, maddə 366; 2017, № 5, maddə 684; 2018, № 6, maddə 1158, № 7 (I kitab), maddələr 1406, 1429; 2020, № 12 (I kitab), maddə 1443) ləğv edilir.